Sədrliyə namizədliyini vermiş AYB üzvü Emil Rasimoğlu qurumun rəhbərliyinə suallar yönəltdi
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, sədrliyə namizədliyini irəli sürən Emil Rasimoğlu media vasitəsilə AYB rəhbərliyinə müraciət edib.
Musavat.com xəbər verir ki, E.Rasimoğlu müraciətində bildirib ki, AYB-nin XIII qurultayında namizədliyini verəcəyini açıqlayan gənc şair Fuad Cəfərlinin mətbuata müsahibəsindəki “Yaxın ay və ya aylarda haqqımızda tədbirlər görəcəkləriylə bağlı təhdidlər almışam” açıqlaması cəmiyyətdə müzakirəyə səbəb olub: “O təhdidlər ki, (müsahibədən də aydın görünür) orada obyekt tək Fuad bəy yox, eyni zamanda AYB-nin XIII qurultayında namizədliyini verəcəyini açıqlayan mən və digər həmkarım Tural Turandır. Bir rəhbərlik olaraq bilirsiniz ki, yaşı 25-i keçən, AYB-nin üzvü olan hər kəs AYB-nin qurultayında namizədliyini vermək hüququna malikdir. Biz (mən və digər həmkarlarım) də ölkə qanunvericiliyinə söykənib, öz hüququmuzdan istifadə etməyi qərara alıb, AYB-nin XIII qurultayında namizədliyimizi verəcəyimizi açıqladıq. Həmin açıqlamadasa kiməsə düşmən olacağımızı bəyan edib, kiminsə ünvanına alçaldıcı nələrsə söyləmədik. Baxmayaraq ki, bizə münasibətlərdə şəxsiyyətə toxunuşlar var idi. Amma biz bütün polemikalarda etik normaları qoruduq. Sayğı… ehtiram… diqqət! Heç əksinin olmasına ədəbimiz belə, yol verməzdi, nəinki qanun..! Yəqin mətbuatdan siz də gördünüz ki, bir sıra ictimaiyyət nümayəndələri, xalq artistləri, respublikada yetərincə nüfuz, dəyər sahibi olan ünlü isimlər Azərbaycan gəncliyinin şəxsində bizi dəstəklədi, gəncliyə yol oldu”.
E.Rasimoğlu bildirib ki, bu gün AYB rəhbərliyi adekvat addım olaraq onların haqqında tədbirlərin görüləcəyi ilə bağlı təhdidlər səsləndirir: “Təhdidlər AYB üzvlüyündən çıxarılmaqdırmı və ya digər bu kimi hər hansı bir xoşagəlməz addımdırmı, artıq onu özünüz gözəl bilirsiniz. Amma siz bu istəyinizlə sanki gəncliyə qarşı çıxırsınız. Niyə axı?! Hüquqi baxımdan namizədliyini vermək, alternativ olmaq hüquqların tapdalanması ilə nəticələnməlidirmi? Özünüz də gözəl bilirsiniz ki, bu gün ölkədə əksər sahələrdə gənclər siyasəti yürüdülür. Bələdiyyə seçkisindən tutmuş parlament, prezident seçkilərinə qədər gənclərə namizəd olmaq hüququ verilib. Bu mənada da o seçkilərdə gənclər namizədliklərini də verir, alternativ də olur. Heç onlara bu dərəcədə təpkilər, təzyiqlər, bu kimi adekvat addımlar atılmır! Siz niyə atmalısınız?”
AYB üzvü sonda sual edib ki, qurum rəhbərliyinin bu addımı ölkə qanunvericiliyinə, AYB-nin nizamnaməsinə, hüquqların tanınmasına və sonda ölkə rəhbərinin gənclər siyasətinə zidd deyilmi: “Sonda müstəqillik bəyamnaməsi olan Azərbaycan Respublikasının vətəndaşı kimi, mənsub olduğum qurumun üzvü kimi hüquqlarımızın tanınmasını mütləq hesab edirəm! Bu məsələdə isə siz AYB rəhbərliyini məsul görürəm”.
Sevinc, musavat.com
Paylaş: