Xəbər lenti
 
Son vaxtlar Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbərliyinin adı müxtəlif qalmaqallı situasiyalar, qanun pozuntuları və digər neqativ hallarla bağlı ölkə mətbuatında dərc olunan materiallarda tez-tez hallandırılır. Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov adlı vətəndaşa məxsus “Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur. Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.

Bu gün isə, artıq Qüdrət Qurbanovun bir başa vəzifə borclarının icrasında yol verdiyi müxtəlif özbaşınalıqlardan ziyan çəkən dənizçilər dilə gəliblər. Belə ki, müxtəlif instansiyalara, o cümlədən redaksiyamıza təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi bu qurumun xidmətlərindən istifadə etməli olan insanların səbir kasasını doldurub. Hətta bir müddət əvvəl KİV-də yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, yaranmış vəziyyətdən son dərəcə narazı və narahat olan dənizçilər, artıq birbaşa ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar. Bu xüsusda dənizçiləri ən çox narahat edən məqamlardan birinin isə, ARDDA-da son vaxtlar əsil alver predmetinə çevrilmiş sertifikat və diplomların verilməsi prosedurları ilə bağlı olduğu qeyd olunur. Dənizçilərin sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti qarşısında qalırlar.

Bu xüsusda DİA.AZ-a açıqlama verən mənbə deyir: “...Bu rüşvəti verməyə məcburuq. Çünki başqa cür dənizə çıxmaq imkanımız olmur. Belə ki, dənizə çıxmaq üçün hər bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər. Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir...”

Qeyd edək ki, aldığımız məlumatlarda ARDDA-da törədilən müxtəlif maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da “açıq satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur...
P.S. Teref.info olaraq DİA.az-ın bu araşdırmasına əlavə olaraq bildirmək istəyirik ki, Dəniz Admnistrasiyasında dənizçi pasportlarının və onu aılmaq üçün lazım olan sertifikatların dövlət rüsumundan 10 qat baha satılması barədə əlimizdə olan şikayət materuallarını yoxlayırıq. Bu yaxınlarda bütün bu araşdırmalar haqqında ətraflə yazılarımızla tanış olacaqsınız!
Teref.info



Ana səhifəyə qayıt        Baxış: 1 099          Tarix: 7-04-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma