Tovuz rayonunun Qovlar şəhərində yerləşən Gənclər Evində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu "Tarixə adını yazan Qadınlar" üç cildliyinin yeni nəşrinin “İmza günü” keçirilib.
Modern.az xəbər verir ki, kitabın müəllifi, AMEA-nın professoru, millət vəkili Qənirə Paşayeva ilk növbədə tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bilıdirib. Millət vəkili Q.Paşayeva qeyd edib ki, "Tarixə adını yazan Qadınlar"kitabını bir neçə il öncə qələmə alsa da, bu il “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİMİB) xətti ilə üç cildliyin yeni, əlavə və düzəlişlər edilmiş daha təkmil və nəfis variantı işıq üzü görüb.
Millət vəkili kitabın məziyyətlərindən, orada haqqında yazılar verilmiş məşhur azərbaycanlı qadınlardan söz açıb. O, tədbir keçirilən günü "Tarixə adını yazan Qadınlar ”dan biri olan Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günü olması ilə əlamətdar olduğunu deyib.
“Biz çox şadıq ki, dünuyanın ən tanınmış qadınları arasında bizim soydaşlarımız və çağdaşlarımız da var. Mehriban xanımın istər ölkə daxilində, istərsə respublikamızın hüdudlarını aşan humanitar fəaliyyəti, mədəniyyətə xüsusi qayğısı özlüyündə bir qürur mənbəyidir.Mədəniyyətlər və dinlərarası dialoq, idmanın və gənclər hərəkatının inkişafı, xüsusi qayğıya ehtiyacı olanlara şəfqətlə yanaşma, ədalətli sülhün, birgə yaşayış qaydalarının, tolerantlığın təbliği, belə nümunələrin yaradılması sahəsində gördüyü böyük və önəmli işləri xüsusi vurğulamaq istəyirəm." Millət vəkili Q.Paşayeva Tovuzun qadınları, bütün ziyalıları və sakinləri adından ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona fəaliyyətində daha da böyük uğurlar diləyirik deyib.
Millət vəkili Q.Paşayeva bildirib ki, "Tarixə adını yazan Qadınlar" kitabında yer alan 100 qadın içərisində Azərbaycanın, türk və müsəlman dünyasının tarixdəki məşhur qadınları - Tomris, Sara xatun, Həzrəti Xədicə ilə bağlı yazılar geniş yer tutur və inanırıq ki, bu 100 qadının yaşadığı bütün çətinliklərə rəğmən, arzularından, toplum və insanlıq naminə faydalı işlər görmək istəyindən vaz keçməyərək qazandıqları böyük uğurlar minlərlə gənc qızlarımız üçün önəmli stimul olacaq və özəlliklə gənc qızlarımızı və valideynləri bu kitabı oxumağa çağırıram.
"Tarixə adını yazan Qadınlar" kitabının geniş oxucu marağı ilə qarşılanması bir müəllif olaraq mənim üçün çox xoşdur.Bu gün qadınlarımızın, gənclərimizin, müxtəlif əməli fəaliyyət sahələrini təmsil edən oxucuların iştirakı ilə “İmza günü” keçirmək, ürək sözlərimizi bölüşmək, təklifləri eşitməkdə bir şansdır, dəyərdir. Bir daha hər birinizə tək-tək təşəkkür edir, bu kitabı tələbkar oxucu gözü ilə oxumağınızı arzu və təmənna edirəm.” Millət vəkili Q.Paşayeva kitabın çapını həyata keçirən “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nə və onun rəhbəri A.Bağırovaya və "CBS" nəşriyyatına təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Qənirə Paşayevaya belə bir ensiklopedik kitab yazdığına görə təşəkkür edərək, kitabda 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva başda olmaqla azərbaycanlı qadınlar haqqında yazıların onda xüsusi maraq oyatdığını, habelə digər ölkə və xalqlara mənsub qadınlar haqqında da maraqlı, informativ məqalələrin olduğunu qeyd etdi. Tovuz rayon icra başçısı M.Məmmədov 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti haqqında geniş danışaraq bu məlumatların kitabda ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında yazılan geniş yazıda da vurğulanmasının önəmli olduğunu və gənc qızlarımızın oxumasının və örnək götürməsinin vacibliyini xüsusi vurğuladı və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanı rayon ictimaiyyəti adından doğum günü münasibətilə təbrik edirik dedi. İcra başçısı millət vəkilinin 100 qadın haqqında məqalələrinin hər birini özünəməxsus ştrixlərə, fərqliliyə malik portret yazısı adlandırdı.Bununla belə hər bir qəhrəmanın haqqında vahid prinsiplə, ədalətli və ürəkgenişliyi ilə yazıldığını da vurğuladı.
Qardaş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək kitabda Türk dünyası qadınlarına geniş yer verilməsinin önəmini xüsusi vurğuladı, gənc qızlarımızı daha çox təhsilə, oxumağa və fəal olmağa çağırıb. Tarixdə Türk qadınlarının hər zaman fəal olmalarını xüsusi vurğulayan Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan bu qadınlarımızı daha çox təbliğ etməyin vacibliyini də qeyd etdi."Tarixə adını yazan Qadınlar" ” kitabının yeni nəşrini həyata keçirmiş RHİMİB sədri Arzu Bağrıova, professor Aidə Bəndəliyeva çıxış edərək qadın tarixi şəxsiyyətlər barədə kitab yazmağın böyük istedad və məsuliyyət tələb etdiyini bildirərək, kitabda gənc qadınlar üçün örnək olacaq qadınlar haqqında məqalələrin veirlməsinin əhəmiyyətini qeyd etdilər. Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan, RHİMİB sədri Arzu Bağrıova, professor Aidə Bəndəliyeva ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ediblər, uğurlar diləyiblər.
Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbirdə iştirak edən müəllimləri yeni dərs ilinin başlanması münasibətilə də təbrik etdi və kitablarını imzalayaraq bütün tədbir iştirakçılarına hədiyyə etdi. Kitab oxucular tərəfindən böyük maraqla qarşılandı.
Paylaş: