![](/templates/Wmediat51/images/vetendash.jpg)
XXI əsrin bəlası – xərçəng xəstəliyi sürətlə öz “əhatə dairəsi”ni genişləndirir və nə qədər acı olsa da, bu ağır xəstəliyin qurbanları əsasən orta yaşlı insanlardır. İlkin mərhələdə heç bir əlamətlə özünü büruzə verməyən “xərçəng” irəliləyən dövrlərdə daha qabarıq nəzərə çarpır və xəstənin şikayətləri artır.
Ümümdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2018-ci ildə 18.1 milyon xərçəng xəstəsi aşkarlanıb ki, onlardan 9,6 milyonu dünyasını dəyişib.
Azərbaycanda isə ötən il 11 mindən artıq insanda bu xəstəlik qeydə alınıb ki, onlardan 8 mini vəfat edib. Heç şübhəsiz bütün bunlar rəsmi statistikadır və bu “insanlıq bəlası”na düçar olanların sayı daha çoxdur.
Milli Şurada təmsil olunan özəl mənbədən daxil olan məlumata görə, araşdırmaçı jurnalist Xədicə İsmayılda tiroid xərçəngi aşkar olunub.
Mənbəmizin sözlərinə görə, jurnalist boyun nahiyəsində əllə hiss ediləcək şişkinlik hiss edib və müvafiq müayinələrdən keçib: “Müayinə zamanı məlum olub ki, Xədicə xanımda tiroid xərçəngi var”.
X.İsmayıl qərara gəlib ki, xəstəliyini gizli saxlasın və bu barədə heç kimə məlumat verməsin: “Xədicə xanım qürurlu adamdır, istəmir ki, kiminsə ona yazığı gəlsin”.
Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, tiroid xərçəngi nisbətinə görə, bir milyon insandan 40-da rast gəlinir. Boyun nahiyəsində tədricən böyüyən kütlə formasında inkişaf edən bu xəstəlik müəyyən müddət sonra konkret lokalizasiyaya (şişkinliyə) səbəb olur və təcili cərrahi müdaxilə tələb edir.
Diqqətə çatdıraq ki, digər xərçəng növlərində olduğu kimi, tiroid xərçənginin də yaranmasında irsi faktor mühüm rol oynayır. Təsadüfi deyil ki, jurnalistin anası Elmira İsmayılova ötən ilin martında Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyi səbəbindən vəfat edib. Türkiyəli həkimlər onu əməliyyata alsalar da, həyatını xilas edə bilməyiblər.
Xatırladaq ki, Xədicə İsmayılın hazırda 43 yaşı var. Uzun müddət “Azadlıq” Radiosunun Bakı bürosunda çalışan X.İsmayıl eyni zamanda Eurasinaet.org”, “Washington Times”, “The New York Times”, “BBC”, “Deutche Welle”, “Voice of America” (Amerikanın Səsi) kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi yazılar hazırlayıb, bir müddət həbsdə yatıb.
Xədicə İsmayıl cavandır və onun bu ağır xəstəliyə mübtəla olması hamı kimi bizi də narahat edir. Həyatda heç kim bundan sığortalanmayıb və buna görə, hər hansı kompleks keçirməyə, utanmağa dəyməz. Xədicə xanıma Allahdan şəfa diləyir, ona bu ağır mübarizədən qalib çıxmağı arzu edirik!
Belə nümunələr az olmayıb: Coşqun Rəhimov, Zümrüd Qasımova, Kübra Əliyeva, Hicran Nəsirova… Siyahını uzatmaq da olar. Əsas odur özünə və Allahın ədalətinə inana və buna riayət edəsən.\\Correct.az
Paylaş: