Xəbər lenti

 

Azərbaycanda son zamanlar tez-tez qaz kəsilməsi hətta o dərəcəyə çatıb ki, rayonlardan etiraz səsləri gəlməyə başlayıb. Çərşənbə günü Şəmkirin Sabirkənd kəndinin əhalisi qaz verilişi dayandırıldığı üçün Bakı-Qazax yolunu bağlayıb.

Ovqat.com bildirir ki, BBC News Azərbaycancanın apardığı monitorinqə əsasən, elə təkcə bu ilin avqust ayında hər gün ölkə paytaxtı da daxil olmaqla hansısa rayona, qəsəbəyə və ya kəndə qaz verilişi müəyyən müddətə dayandırılıb.

Bəs, görəsən qazla zəngin, Cənubi Qaz Dəhlizi kimi böyük qaz layihələrində təminatçı kimi çıxış edən, qonşu Gürcüstanın əsas qaz təminatçısı olan (Azərbaycan Gürcüstanın illik qaz ehtiyacının az qala 100 faizini təmin edir) ölkənin öz əhalisinin gündəlik qazla təminatında tez-tez kəsintilərin olmasına səbəb nədir?

Azərbaycanlı təhlilçilər qaz çatışmazlığını birmənalı olaraq istisna edərək, "bu il ölkədə xüsusən əhali qrupuna qaz verilişindəki intensiv fasilələrə "məntiqli şərh vermək çətindir" deyirlər.

"Azəriqaz" İstehsalat Birliyindən (İB) BBC News Azərbaycancaya bildiriblər ki, "bu, qışa hazırlıq və təmir-bərpa işləri ilə əlaqəlidir".

Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov "sentyabrın 15-dən etibarən "Azəriqaz"ın yeni rejimə keçdiyini və payız-qış mövsümünə hazırlıqlar zamanı qaz verilişində dayandırmaların minimuma endiriləcəyini" bildirib.

"Azərbaycan qaz idxalından imtina edib, ölkədə qaz qıtlığı yoxdur. Qaz verilməsindəki fasilələr yalnız təmir-bərpa işləri ilə əlaqəlidir", SOCAR sözçüsü İbrahim Əhmədov deyib.

Çərşənbə günü "Azəriqaz" İstehsalat Birliyi "Beyləqan, Abşeron, Hacıqabul, Şirvan və Ağstafa sakinlərinə sentyabrın 4-dən mövsümi işlər başa çatanadək sözügedən bölgələrdə qaz təchizatında dayandırmalar tətbiq olunacağı barədə" xəbərdarlıq edib.

"İlin 12 ayı təmir olar?"

Neft-qaz məsələləri üzrə təhlilçi İlham Şaban qaz çatışmazlığı ehtimalını istisna etməsə də bildirir ki, "2018-ci ildə ölkədə 17, 2 milyard kub qaz istehsal olunub, bu isə o deməkdir ki, ölkədə qaz qıtlığı olmamalıdır".

"Bu ilin 6 ayının göstəricilərinə baxsaq, ehtimallarımıza görə bu il illik qaz hasilatı 24 milyard kub metr olmalıdır. Bu rəqəmlər göstərir ki, ölkədə qaz çatışmazlığı yoxdur. Bəs, əhalinin qazını niyə kəsirlər? Təmirə görə? İlin 12 ayı təmir olar?", - təhlilçi sual edir.

Üstəlik İlham Şaban deyir ki, Azərbaycanda əhali qrupuna verilən qazın miqdarı "hasilatı nəzərə aldıqda, elə də çox deyil": "Əhali qrupuna verilən illik qazın miqdarı cəmi 3,5 milyard kubmetrdir".

Təhlilçilər bildirirlər ki, Azərbaycanda illik istehlak olunan qazın ümumi miqdarı təxminən, 11-12 milyard kubdur, bunun il ərzində təxminən 1 milyard kubmetri texniki itkiyə gedir (bu itkiyə birinci qrup kateqoriyasından olan və qaza görə pul ödəməyən əhali qrupu da daxildir), sənaye, kommersiya və digər sahələr isə geri qalan istehlak olunan qaz miqdarını bölüşdürürlər.

Ceyhun Səfərov Azərbaycanda ölkə üzrə əhalinin illik qaz istehlakının həcmini və texniki itkinin payını açıqlamayıb. Qurum rəsmisi bu rəqəmi SOCAR-dan ala biləcəyimizi desə də, müvafiq qurum öz növbəsində bu suala cavabı "Azəriqaz"ın verməli olduğunu bildirib.

"Kəsintilərin səbəbi 2017-18-də xarici öhdəliklə bağlı olub"

İqtisadi məsələlər üzrə təhlilçi Toğrul Vəliyev BBC News Azərbaycancaya deyir ki, qaz kəsilmələrinin səbəbi 2017-18-ci illərdə ölkənin xarici öhdəlikləri ilə bağlı olub.

"Bu il qaz verilməsindəki intensiv fasilələrin səbəbini demək çətindir, bunu əsasən təmir-bərpa işlərinin aparılması ilə əlaqələndirmək olar", - o əlavə edib.

"2017-18-ci illərdə Azərbaycanın xarici öhdəlikləri vardı. Türkiyə və Gürcüstana qaz vermək lazım idi. Hasilatla xarici və yerli tələbat qeyri-proporsional olmuşdu. Azərbaycan isə prinsip olaraq, xarici öhdəliyi yerinə yetirməyi seçdi".

Azərbaycanın bölgələrində qaz verilişi niyə tez-tez dayandırılır?

Qışa hazırlıq və qaz kəsilməsi arasında əlaqə nədir?

Azəriqaz deyir ki, qaz verilişində məhdudiyyətlər ilin sonunadək davam edəcək.

Azəriqaz sözçüsü Cənab Səfərovun sözlərinə görə, qoşulmalar vaxtı qaz təchizatını ardıcıl dayandırmaq mümkün olmadığı üçün, qurum qazın verilişini "hissə-hissə, mərhələli şəkildə günlərə və ya həftələrə bölməklə dayandırıb, qoşulma prosesini həyata keçirir".

İqtisadi təhlilçi Natiq Cəfərli ehtimal edir ki, ölkədə qazın verilişindəki fasilələr Azərbaycanın qaz ixracatının sürətlə artmasına görə ola bilər.

"Nəzər yetirsək görərik ki, son 2-3 aydakı ixracatımız kifayət qədər böyük həcmdədir. Hasilat isə dəyişməyib, artım yoxdur. Xarici ölkələrlə bağlanmış müqavilələr isə "ya al, ya ödə" prinsipi ilə bağlandığı üçün ölkə ixracla bağlı götürdüyü öhdəliyi yerinə yetirməli - qaz verməlidir. Bunun üçünsə əlavə mənbələr tapılmalıdır. Bunun bir qismini ölkədə əhalinin qazını hissə-hissə qaz kəsib ixracata yönəltməklə təmin etmək mümkündür".

Ceyhun Səfərov isə deyir ki, qaz təchizatının dayandırılması qaz sızmalarının ayırd olunması, qoşulmalar və sazlama işləri ilə bağlıdır.

Ceyhun Səfərov bildirib ki, sentyabrın 15-dən sonra sazlama işləri "ümumiyyətlə azaldılacaq".

Lakin, o, təmsil etdiyi qurumun "il sonunadək sızmalar və qoşulmaları həyata keçirməyə davam edəcəyini deyib. "İl sonunadək 33 şəhər və rayonunda qazlaşdırma işlərini tamamilə yekunlaşdırmalıyıq, buna görə dəqoşulmalar davam edəcək".

2019-cu ilin ilk 6 ayı ərzində "Azəriqaz" İB-nin abonentlərinin sayı 54 min 341 nəfər artıb.

Bununla da qurumun ölkə üzrə abonentlərinin sayı 2, 238 min 584-ə çatıb. Bunun 2, milyon 207 min 831 -i əhali, 30 min 753 qeyri-əhali sektorunun payına düşüb.

Azərbaycanda əhali qrupuna verilən qazın qiyməti iki cür hesablanır. Hazırda ölkə əhalisi 2200 kub metrə qədər istifadə etdiyi qazın hər kub metrinə 10 qəpik, limiti keçəndən sonra 20 qəpik ödəyir. Sonuncu dəfə Tarif Şurası təbii qazın limitini 2016-cı ildə artırmışdı. Təbii qazın güzəştli məbləğlə istifadəsində tətbiq olunan illik limitin artırılmasının səbəbi əhalinin 70 faizinin bu güzəştdən yararlanması olub.




Ana səhifəyə qayıt        Baxış: 322          Tarix: 4-09-2019, 21:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma