Xəbər lenti

 

Bu gün dünyada, eləcə də ölkəmizdə plastik əməliyyatların sayı getdikcə artır. Əvvəllər bu hal sənət adamları arasında daha çox dəbdə idisə, hazırda ölkəmizdə sadə vətəndaşların da estetik dəyişimə marağı çoxalıb. Bəs belə əməliyyatlara tələbatın artmasının səbəbi nədir? Cəmiyyətin inkişafı yoxsa dövrün tələbi, dəb arxası ilə gedən toplum?! 
 
Medicina.az xəbər verir ki, estetik əməliyyatların ondan çox növü vardır. Bunlara müxtəlif dodaq əməliyyatları, saç köçürülməsi, alın dartılması, göz qapaqları şəklinin dəyişməsi (blepharoplasty), üz dartılması (face-lift, rhytidectomy), xarici qulaq şəklinin dəyişməsi (otoplasty), burun şəklinin dəyişməsi (rhinoplasty), süd vəzisi kiçildilməsi, böyüdülməsi, dartılması, istənməyən piylərin çıxardılması (liposuction) , üz qırışlarına botoks, ayaq şəklinin dəyişməsi və s. aiddir.
Ölkəmizdə xanımlar daha çox burun, qaş qaldırma, dodaq böyütmə, üz botoksu kimi əməliyyatlara üz tuturlar. Son illər yalnız xanımlar deyil, hətta kişilər də estetik cərrahiyyəyə müraciət edirlər. Onlar daha çox burun formalarının dəyişdirilməsi, göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsi kimi prosedurlara üz tuturlar. 
Bu tip estetik cərrahiyyədən sonra qalıcı fəsadlara da olduqca çox rast gəlinir. Daha dəqiq desək, gözəlləşmək istəyərkən, daha da bərbad günə qalanlar da az deyil. Misal üçün üzündə dəyişiklik edən xanımlara fikir versək onların mimikalarının yox dərəcəsinə  düşməsini, yəni rahatlıqla üz göz hərəkətləri edə bilməmələrini müşahidə edərik. Digər tərəfdən cəmiyyət içində oxşar  simalar, ifadəsiz sifətlər, eyni formalı burunlara sahib xanımların çoxaldığını görürük.
Bu əməliyyatların yuxarıda qeyd etdiyimiz  nəticələrindən başqa, ölüm riskidə qaçılmazdır. İstər xarici ölkələrdə, istərsə də yerli təcrübədə bu hallara rast gəlinib. İnsanın daxili orqanlarında elə xəstəliklər ola bilər ki, həmin xəstəliklərdən aşkarlanarsa,  plastik cərrahiyyə etmək olmaz. Lakin bu cür hallarda xəstənin öz razılığı ilə edilən əməliyyatlar var ki, əksər hallarda sonu ölümlə bitib. 
Digər tərəfdən insanlarda hər hansı bir qüsur varsa müasir cərrahiyə bunun aradan qaldırılmasına imkanlar yaradıb. Lakin kiməsə oxşamaq üçün lazımsız yerə əməliyyat etmə istəkləri də olur. Bu artıq birbaşa psixoloji amillərlə əlaqədardır. Belə olan halda həkimlər ilk öncə həmin şəxslərlə danışıb, məsələni ətraflı izah etməlidir. 
Ölkəmizdə bu növ əməliyyatların artıq ənənə halına çevrilməsi təəssüf hissi doğurur. Bildiyimiz kimi, hər bir xalqın özünəməxsus üz cizgiləri olur. Lakin son illər Azərbaycanda bu xüsusiyyət eyniləşməyə doğru gedir. 
Psixoloq nə deyir 
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən psixoloq Vəfa Əkbər bildirib ki,  məsələnin psixoloji tərəfi daha dərindir: 
"Estetik əməliyyata müraciət edənlərin əksəriyyəti xarici görünüşündən şikayət edən insanlardır. Əgər o insan bunu özünə kompleks edir, buna görə çevrəsində ünsiyyət qurmaq çətinliyi yaranır və ya özünü təqdimatda problemlər yaşayırsa, əlbəttə o insan əməliyyat üçün heç bir əngəl tanımayacaq. Ən azından insan öz xarici görüntüsündən razı qaldıqda özünü təqdimatı da normal şəkildə həyata keçirə bilir”.   
Psixoloqun sözlərinə görə, bu psixoloji zərbələrin əsası ailədən gələn problemdir:  
"Xarici görünüşündən narazı olan şəxs özünə qapanıq olur, çətin ünsiyyət qurur, bəzən fikirlərini doğru ifadə edə bilmir. Ona elə gəlir ki, heçkim onu düzgün anlamır və s. Bu problemlər əsasən körpəlikdən yaranır. Ailədə valideynlər tərəfindən uşaqlara gözəl olduqları aşılanmalıdır. Heç vaxt belə təriflər deyilməyən uşaqlarda  böyük fəsadlar yaradır.
Həttə xarici görünüşlərində nə qədər qüsur  olsa belə, daima ailədə "sən gözəlsən”, "sən yaraşıqlısan”, "sən şəhzadəsən” və s. kimi obrazlarla böyüyən uşaqlar heç zaman xarici görünüşlərinə məhəl vermirlər. Onlar daha çox özünü sosiallaşdırmağa, təsdiq etməyə çalışır. Çünki ona gözəl olduğu anlayışını ailəsi aşılaya bilib. Amma bunu ala bilməyən uşaqlar həmişə xarici görünüşlərinə çox düşkün olurlar. Hətta saçın belə düzgün daranmaması onlarda əhval-ruhiyyə pozuntusuna səbəb olur. Getdiyi məkanlar, işlədiyi yerlərdə ruh düşkünlüyü yaşayırlar”.
Psixoloq plastik əməliyyatlar zamanı dünya təcrübəsini misal gətirərək, məsələ ilə bağlı atılan addımlardan söz açıb:  
İnkişaf etmiş ölkələrdə şəxs estetik əməliyyata girməmişdən öncə psixoloq rəyi gətirilir. Bu psixoloqun rəyinə əsasən cərrah müraciət edən şəxsi əməliyyat edib-etməyəcəyinə qərar verir. Lakin bizdə elə bir xidmət yoxdur. Bu pasientin ixtiyarına verilir, onun qərarıdır. Amma bu insan nə üçün əməliyyatı qərarlaşdırır, bəlkə hər hansı psixoloji problemi var? Niyə özünü sırf hansısa məşhura oxşatmaq istəyir? Bu kimi suallar cavabsız qalır. 
Qeyd etdiyim kimi, özünü təsdqi etməmiş şəxslər  cəmiyyət içində daima kompleks halında olurlar. Onlar məsuliyyəti öz üzərlərindən atıb, estetik gözəlliyin üzərinə yönəltməyi sevirlər. Onu aşa bilmədikdə isə, problem öz mahiyyətini qoruyub saxlayır. Hətta bu tip əməliyyatlar şəxs üçün silsilə formasına gəlir”.
"Misal üçün bir xanımın kiçik burnu var, amma yenə də onu kiçiltmək istəyir. Onun istəyi birinci əməliyyatda alınmayıb və ikinci əməliyyata hazırlaşır. Bu zaman o ciddi  psixoloji problemlər yaşayır. 
İnsan da  var düşünür ki, dik burun onun daxili eqosunu daha yaxşı nümayiş etdirir, özündən əmin olmasının sübutudur və s. İstənilən halda burada həkimlərin də üzərinə düşən öhdəlik var. Yaxşı olardı ki, onlar psixoloqlarla paralel işləsinlər, şəxs haqda psixoloji rəy alsınlar”.



Ana səhifəyə qayıt        Baxış: 381          Tarix: 30-09-2019, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma