Xəbər lenti

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə "Sahil" MTK-nın rəhbəri Kamil Alıyev ifadə verib. O, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə üçün 27 min manat ödənildiyini bildirib. Daha sonra M.Əhmədovla zərərçəkmiş Yusif Əzizov arasında mübahisə olub. M.Əhmədov qeyd edib ki, zərərçəkmişlə İranda bir yerdə olublar: "Mənim azadlığımı əlimdən ala bilərsiz, amma dinimi, imanımı ala bilməzsiniz. Yusif Əzizov daşların qiymətini dəqiq bilir. İndi o, burada mənə şər ata bilməz".

Prosesdə "Sahil" MTK-nın iş icraçısı Musa Qaybullayev dindirilib. O deyib ki, malların alınması və görülən işlə bağlı "Sahil İnşaat Group" MMC arasında müaqavilə imzalanıb. Ədliyyə Nazirıiyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev ifadə verib. O söyləyib ki, ekspertizaya qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib. İclasda zərərçəkmiş Y.Əzizovun nümayəndəsi Neman Kərimovla M.Əhmədovun arasında mübahisə yaranıb. Belə ki, N.Kərimov təqsieləndirilən şəxsə sual verərkən tanınmış futbolçu ona barmaq silkələyib. Y.Əzizovun nümayəndəsi isə onu "moşennik" adlandırıb.

Hakim F.Qasımov N.Kərimova protokolla xəbərdarlıq edib. N.Kərimov vəsatətlə çıxış edərək "Sahil İnşaat Group" MMC ilə M.Əhmədov arasında müqavilə və pulun ödənilməsinə dair sənədlər məhkəməyə təqdim edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, məhkəmə öz təşəbbüsü ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı Əmtəəşünaslıq Ekspertizasının təyin edilməsi ilə qərar çıxarıb. Buna görə də proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.

Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.

Ötən il avqust ayında isə M.Əhmədovun işi üzrə ibtidai istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma prokurorluq cinayət işini ibtidai istintaqa qaytarılması barədə qərar çıxarıb. İş yenidən ibtidai istintaqda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Əhmədov və onun vəkili Samir Abdullayev apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin ittiham olunduğu dörd epizod üzrə M.Əhmədova bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

 




Ana səhifəyə qayıt        Baxış: 924          Tarix: 6-06-2017, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma