Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bu barədə “Report”a vəkil Gülşən Salmanova məlumat verib.
Onun sözlərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin K.Rüstəmovaya aid olan hissəsindəki çıxardığı hökm dəyişdirilib. Belə ki, K.Rüstəmovanın 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 6 aya endirilib. Hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb
İttihama aktına əsasən, təqsirləndirilən şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar. Verdikləri borc pulun təminatı kimi onların evlərini alqı-satqı yolu ilə öz adlarına keçiriblər.
S.Sadıqovanın dəyəri təxminən 300 min manat olan obyekti mənimsənilib. Əvəzində isə ona 100 min manat ipoteka şəklində kredit söz verilib. Bütün sənədlər imzalanıb və ona pulu tez bir zamanda götürəcəyi deyilib. Əslində isə imzalanan sənədlər alqı-satqı müqaviləsi olub. Həmin şəxslər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Rüstəmova 11 il, R.Hüseynova 11 il, Y.Rəsulov 9 il və K.Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Təqsirləndirilən şəxslərdən ikisi - Ceyran və Kəmalə Rüstəmovalar bacıdırlar.
Paylaş: