Xəbər lenti

 

Daşınmaz əmlakın və sağlamlığın icbari sığortasından gözləntilər

Bu il pensiya və əmək haqlarının, müavinətlərin artımından sevinən vətəndaşlar 2020-ci ildə bəzi əlavə xərclərlə üzləşəcəklər. Belə ki, yeni ildən etibarən Azərbaycanda əmlakın icbari sığortası sahəsində nəzarət tədbirləri gücləndiriləcək. Eyni zamanda, yanvardan ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanacaq. 

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, növbəti ildən ailə büdcəsinin xərclərinə yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqları da daxil olacaq: “Minimum əmək haqqının 250 manata çatdrılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı, hər bir işləyən, özünə məşğul olanlar, fərdi sahibkarlar və mülkiyyət sahibi olan vətəndaşlar tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcəklər. Belə ki, daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50 manatdan regionlarda 30 manatadək müəyyənləşdirilib. Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbı sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək. Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn “pulsuz tibbi yardım”dan da faydalana bilməzsiniz”.

İqtisadçı-ekspert Rövşən Ağayev hesab edir ki,  gələn il sosial-iqtisadi mövzular içərisində ən qızğın müzakirə edilən məsələlərdən biri icbari tibbi sığortanın tətbiqi, doğurduğu nəticələr, ictimaiyyətin yeni mexanizmə münasibətilə bağlı olacaq: “Bəri başdan bir məqamı deyim, yəqin bu məsələ xüsusilə diqqət mərkəzində olacaq: qeyri-rəsmi məşğul sayılan və işəgötürənin sığortasından kənarda qalan insanların sayı həddən artıq çoxdur. Aktiv fərdi sahibkarları nəzərə almasaq, hər 100 nəfər iqtisadi fəal əhalidən ən azı 60 nəfərinin rəsmi işi yoxdur – bu, ən azı 3 milyon nəfər edir. Amma iş bununla da bitmir. Əmək qabiliyyətli yaşında olan, lakin işləməyən, rəsmi statistikanın da “evdar”, “öz ev təsərrüfatında çalışan”, “ailə üzvlərinə qulluq edən” kimi uçota aldığı 1 milyon nəfər də əlavə var. Yəni ən azından əmək qabiliyyətli yaşında 6.2 milyon nəfərə yaxın insanın təxminən 75 faizi işəgötürənin sığorta dəstəyindən kənarda qalacaq, güzəştli sosial qruplara düşmədikləri üçün dövlət büdcəsinin də dəstəyini ala bilməyəcəklər. Bu 2 imkandan kənarda qalan insanlar ayda 10 manat ödəməklə sığorta oluna biləcəklər. Amma nəzərə alaq ki, bu 4 milyon nəfərin içərisində böyük sayda real işsizlər, ya da mövsümi gəlirlərlə ilin cəmi bir neçə ayı qazancı olan insanlar var. Onlar üçün ildə 120 manat ödəmək asan olmayacaq”. 

Ekspertin fikrincə, qeyri-rəsmi məşğulluğun və gizli işsizliyin böyük miqyası Azərbaycanda icbari tibbi sığortanın effektiv tətbiqi qarşısında əsas institusional amillərdən biri olacaq: “Daha maraqlı məqamlardan biri sığorta haqlarının həcmindəki mümkün fərqlər olacaq. Məsələn, fərdi sahibkarlar, rəsmi işi olmayıb özünü sığorta etdirən şəxslər ildə 120 manat ödəyəcəklər. Amma tutaq ki, rəsmi maaşı 1000 manat olan insan hər ay 4 faiz və ya 40 manat, ildə 480 manat ödəməklə bunu edəcək”.

Qeyd edək ki, gələn ilin yanvarından etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına dair qanunvericiliyin tətbiqi sahəsində ciddi addımlar atılacaq. Sığorta sistemindən verilən məlumata görə, 2011-ci ilin iyunundan qüvvəyə minən “İcbari sığortalar haqqında” Qanunun daşınmaz əmlakla bağlı müddəaları indiyədək demək olar ki, icra olunmamış qalıb. 2020-ci ilin yanvarından etibarən qanunun daşınmaz əmlakın sığortasını icbari edən 2-ci fəslinin icrasına sərt nəzarət mexanizmi tətbiq olunacaq. Öz əmlakını sığorta etdirməkdən yayınanlara qarşı qanunvericilik əsasında məsuliyyət tədbirləri tətbiq ediləcək. Bunun üçün daşınmaz əmlakın dövlət reyestri məlumatları İcbari Sığorta Bürosuna ötürüləcək. Büro isə əmlakını sığorta etdirməyən mülkiyyətçilərə öncə xəbərdarlıq göndərəcək. Xəbərdarlığa əməl etməyən şəxslər 30 manat cərimə olunacaqlar. Birinci cərimədən sonra 20 gün müddətində əmlakını sığortalatmayanlar yenidən 30 manat məbləğində cərimə ilə üzləşəcəklər. Bu prosesdən yalnız əmlakı sənədləşməyən şəxslər kənarda qala biləcəklər. Belələrin sayı yalnız Bakı və ətrafında 600 min nəfərdən yuxarıdır. Əldə etdiyimiz məlumata görə, hökumət bu problemi həll etmək üçün böyük tədbirlər paketi hazırlamaqdadır. Yaxın həftələr ərzində qanunsuz hesab olunan tikililərin sənədləşdirilməsini kəskin şəkildə asanlaşdıran hüquqi addımların atılması nəzərdə tutulur.\\Yeni Müsavat




Ana səhifəyə qayıt        Baxış: 323          Tarix: 15-11-2019, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma