Milli Şuraya daxil olan partiyaların seçkidə iştirakı onu göstərdi ki, təşkilat daxilində birlik yoxdur və onları sadəcə müəyyən maraqlar birləşdirir.
Bu sözləri Axar.az-a açıqlamsında politoloq Elçin Mirzəbəyli Milli Şuranın 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini boykot etməsi qərarına və bu qərarın ardınca MŞ-ya daxil olan şəxslərin təmsil olunduqları partiyaların seçkiyə getməsinə münasibət bildirərkən deyib. O bildirib ki, radikal müxalifət komanda halında fəaliyyət göstərməyi heç zaman bacarmayıb:
“Milli Şura qeyri-rəsmi fəaliyyət göstərən bir təşkilatdır. O təşkilatın bəyanatlarının, qərarlarının heç bir hüquqi əsası yoxdur. Orada birləşən hər bir şəxsin, təşkilatın və partiyanın müəyyən maraqları var. Təbii ki, bu maraqlar üst-üstə düşməyəndə parçalanmalar başlayır.
Ümumiyyətlə, hər kəsə bəllidir ki, Milli Şuranın əsas funksioneri Əli Kərimlidir. O çalışır ki, insanları öz maraqlarına uyğun idarə etsin. Amma görünən odur ki, o, bunu heç bir yolla bacara bilmir. Həmin təşkilata olan partiyaların seçkidə iştirakı bunu bir daha sübut etdi. Bu baxımdan “Milli Şura seçkini boykot etdi” yox, “Əli Kərimli və yandaşları seçkiyə getmədi”, deyilməlidir”.
Politoloqun sözlərinə görə, Əli Kərimlinin seçkini “boykot qərarı”nı normal qarşılamaq lazımdır:
“Çünki sonuncu qanunsuz aksiyada uğradıqları fiaskodan sonra cəmiyyətdə nüfuzlarını tamamilə itirdilər. Onun nə qədər qorxaq və cəsarətsiz, hətta atdığı addımın arxasında dayana bilmədiyi hər kəsə məlum oldu. Öz əməlinin arxasında dayana bilməyən bir insan hansı liderlik iddiasında ola bilər ki? Hesab edirəm ki, o və tərəfdarları da bunu anladıqları üçün seçkiyə getmirlər”.
Paylaş: