Xəbər lenti

 

Müsavat Partiyasının Ali Məclisi bu gün, dekabrın 7-də gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib.

Partiyanın başqanı Arif Hacılı bildirib ki, uzun müzakirələrdən sonra belə qərar qəbul edilib. "Müzakirələrin nəticəsində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu”, - deyə partiya başqanı vurğulayıb. Xatırladaq ki, ReAL Partiyası da növbədənkənar parlament seçkilərinə qatılacağını açıqlayıb.

Amma Milli Şura (MŞ) növbədənkənar seçkilərlə bağlı qəti qərarını bildirməyib. Qurumdan bu günlər verilən bəyanatda vurğulanıb ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə onlar da prosesə qatıla bilərlər. Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir. Hələlik, hakimiyyətdən də bu şərtlərə hər hansı müsbət münasibət bildirilməyib. Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.

Müxalifət daxilində ittihamlar kəskinləşəcək

Müsavat Partiyasının seçkilərə qatılmaq qərarı müxalifət düşərgəsində situasiyanı bir qədər də mürəkkəbləşdirəcək. Boykot əhvalında olan Milli Şura ilə qarşılıqlı ittihamlara yenidən start veriləcəyi qaçılmazdır. MŞ prosesin tamamilə hakimiyyətin nəzarətində olduğunu, seçkidə iştirakın iqtidarın və onun loyal baxdığı müxalifət qüvvələrinin işini asanlaşdıracağını düşünür. Ona görə, əlindəki media resurslarından istifadə etməklə onları cəmiyyətin qınaq hədəfinə gətirməyə, nüfuzdan salmağa çalışacaq. Müxalifət düşərgəsində yaranacağı gözlənilən bu vəziyyət hakimiyyətin maraqlarına uyğundur və onu kənardan daha qızışdırmağa çalışacaq.

Əli Əhmədovdan qınaq və seçkidə iştirak çağırışı

Ümumilikdə hakimiyyət müxalifətin əhəmiyyətli hissəsinin seçkilərə qatılmasında maraqlıdır. Bu, seçiləcək parlamentin cəmiyyətdə və beynəlxaq aləmdə legitimliyinin qəbul olunması üçün mühüm faktordur. Əlbəttə, proses tamamilə nəzarətdədir və planlaşdırılan ssenaridən kənar nəticlərin olması az ehtimaldır. Bu şəraitdə nisbətən rəqabətli seçki mühtinin yaranması arzuolunandır. Bu günlərdə YAP-ın icra katibi Əli Əhmədov bildirmişdi ki, cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var: "Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır".

Əli Əhmədovun burada əsas ittiham hədəfi seçkiləri boykot edən Milli Şuradır. YAP rəhbərliyi seçkilərə qatılmağı müsbət dəyərləndirir, prosesin əleyhdarlarını isə sərt dillə qınayır.

Müsavatın əsas hədəfləri

Müsavat Partiyasının Mili Şuranın kəskin mövqeyini gözardı edib növbədənkənar seçkilərə qoşulmağa həvəsləndirən faktorlardan biri hakimiyyətin müxalifətdən yuxarıda qeyd olunan gözləntilərdir. Partiya rəhbərliyi hesab edir ki, Milli Şuranın yoxluğu şəraitində seçkidə iştirakda fayda var. Əvvəla, prosesin gedişində elə bir reallıqlar meydana çıxa bilər ki, radikal müxalifət cəbhəsinin parlament təmsilçiliyinə zərurət yaranar və hakimiyyət də buna mane olmaz. İkincisi, Müsavatın əsas hədəflərindən biri ReAL-ın təkbaşına sistem müxalifətinə çevrilməməsi ilə bağlıdır. Məlumdur, hakimiyyətə yeni komanda gəlib, yeni reallıqlar iqtidardan istefaya göndərilmiş oliqarxiyaya bağlı müxalifət partiyalarının da siyasi sistemdən sıxışdırılmasını diqtə edir. Onları əvəz etməyə iddialı müxalifət ReAl-dır. Və bunu adıçəkilən partiyanın funksionerləri gizlətmirlər də. Müsavat Partiyası da parlament təmsilçiliyi əldə etməklə formalaşan yeni siyasi sistemdə qalmaq niyyətini irəli sürüb. Təbii ki, partiyanın hədəfə çatıb-çatmayacağı məlum deyil, bu, prosesin gedişatından asılıdr.

Hər halda YAP-dan verilən açıqlamada radikallıqdan kənar olan partiyalara müsbət mesajlar ötürülüb. Əli Əhmədovun bəyanatında qeyd olunur ki, YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır: "İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək niyyəti məkrlidir".

Müsavat 20-25 dairəsə seçki kampaniyası apara bilər

Müsavatın bu prosesi aparmaq imkanlarına gəlincə, Partiyanın respublikada seçki kampaniyası təşkil etmək üçün əvvəlki resursları yoxdur. Sonuncu qalmaqallı qurultayda təşkilati imkanların nə qədər zəif olduğu məlum oldu. Müsavatın son onillikdə üzləşdiyi tənəzzüldən, parçalanmadan sonra partiyada ümumilikdə iki minə yaxın fəal üzv qalıb. Vitrində də tanınmış siyasi fiqurlar barmaqla sayılacaq qədərdir. Ona görə də Müsavatın ən yaxşı halda 20-25 dairədə namizəd irəli sürüb seçki kampaniyası təşkil etmək imkanı var. 

Əlbəttə, seçki mühiti də namizdələrin öz potensiallarını ortaya qoymasına ciddi əngəllər yaradacaq. Şübhəsiz ki, prosesdə iştirak edən şəxslərin fəaliyyətinə inzibatı müdaxilələr, təzyiqlər, namizədlərin qeydə alınmaması və s. ənənəvi çətinliklər yeni təkrarlanacaq. Bu çətin yoldan cəmi bir neçə namizədin "finiş" xəttinə çatması gözlənilir ki, onların mandat alması da siyasi situasiyadan və hakimiyyətin qərarından asılı olacaq.

Rasim ƏLİYEV

AzPolitika.info




Ana səhifəyə qayıt        Baxış: 378          Tarix: 8-12-2019, 06:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma