Abşeron rayonunda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayon Fatmayi qəsəbəsində baş verib. 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.
Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Səbinə ailə hayətı qurduqdan sonra Ağstafa rayonunda yaşayırmış. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsində öz yanlarında saxlayıblar.
Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.
Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən günü qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.
Məlumata görə, Səbinə Atababayeva valideynlərinin təkidi ilə ərə verilib
İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Paylaş: