Xəbər lenti

 

"2019-cu ildə Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4% təşkil edərək, orta illik inflyasiyanı (2,6%) üstələyib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov keçirdiyi mətbuat konfransında deyib.

“Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4% təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əmək haqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır.

“2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 672,6 milyon manata çatıb. Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat azaldılıb", - M.Cabbarov əlavə edib.

O, həmçinin deyib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir: “Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50%-nin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır./Report/




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 16-01-2020, 12:21      


Paylaş:   

Ən çox oxunanlar