Xəbər lenti

 

9 fevralda keçiriləcək parlament seçkilərində ən “stajlı” namizəd Hacı Madər Musayevdir.

Axar.az xəbər verir ki, 1990-cı ildən mandatsız qalmayan M.Musayev 10 saylı Binəqədi 3-cü seçki dairəsindən yenidən deputatlığa namizəddir. O, iş adamı kimi tanınır.

Madər bəy bir neçə il əvvəl verdiyi müsahibədə etiraf etmişdi ki, indiyə qədər parlamentə hər hansı qanun layihəsi təqdim etməyib. Üstəlik, müsahibəsində vurğulamışdı ki, orta məktəbdə yaxşı oxumayıb, həmişə arxa sırada oturub.

Sitat: “İndiyə kimi bir dəfə də olsun seçicilərimlə görüş keçirməmişəm. Binəqədi camaatı məni tanıyır, gördüyüm işlərdən agahdır”.

Müsahibəsində bir məqam da var: “Ola bilər ki, Milli Məclisdə məni danışan deputat kimi tanımasınlar. Ancaq Azərbaycanda yetərincə tanınıram. Doğrudan da, parlament danışmaq yeridir. Ancaq mənim boş danışıqdan zəhləm gedir”.

Musayev müsahibəsində onu da təsdiqləyib ki, şəhərdə “012” ilə olan avtomobillər ona məxsusdur: “12 rəqəmini 12 imam kimi qəbul etmişəm. Nədənsə həmişə bu rəqəmə meyil etmişəm”.

Yeri gəlmişkən, ötən il Binəqədi şossesində BMV markalı, 10 BB 015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10 DD 012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxıb və digər hərəkət iştirakçılarına real təhlükə yaratmışdı. Bu haqda videofakt var. Məlum olmuşdu ki, “Bentley” markalı 10 DD 012 dövlət nömrə nişanlı avtomobil Madər Musayevə məxsusdur.

Hacı Madər isə hadisəyə belə reaksiya vermişdi: “Mənə məxsus olsaydı, bunu gizlətməzdim. Lap tutalım ki, mənimdir, həmin mən sürmüşəm. Sonra nə olacaq? Cəriməsi nədirsə, ödəyəcəm də!”




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 22-01-2020, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma