Xəbər lenti

Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Qəhrəmanovun vəkili vəsatətlə çıxış edib.

O, vəsatətində müvəkkilinin 4 il bundan əvvəl Suriyaya getdiyini və İŞİD-ə qoşulduğunu söyləyib: "Afiq Qəhrəmanov daha sonra Azərbaycana qayıtmaq istəyib, lakin onu oradan buraxmayıblar. O, ailəsini gətirmək adı ilə onları aldadıb və Azərbaycana qayıdıb. Bundan bir müddət sonra isə Afiq həbs olunub. Hüquqlarını müdafiə etdiyim şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyirəm".

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası iyunun 19-na təyin olunub.

Qeyd edək ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.

A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

 




Ana səhifəyə qayıt        Baxış: 951          Tarix: 12-06-2017, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma