Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ovqat.com bildirir ki, APA-nın xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxs barəsində psixoloji ekspertiza keçirilməsini istəyib.
Hakimlər Kollegiyası vəsatəti təmin edib və cinayət işinin icraatı qeyri-müəyyən vaxtadək dayandırılıb.
Qeyd edək ki, qətl hadisəsi keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanın əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində ona işgəncə verərək bıçaqla qətlə yetirib.
Məhkəməki ifadəsində Nəsib Cabbarov bildirib ki, cəbhə bölgəsində ermənilər tərəfindən atılan qrad mərmisi yaxınlığına düşüb və bu, onun səhhətinə təsir edib.
Paylaş: