AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev akademiyada yaranmış mənzil problemi ilə əlaqədar açıqlama verib.
AMEA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, akademiya ilə “Evrostroy-S” MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan, AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil sahəsi ayrılması nəzərdə tutulub.
Bu məsələyə hazırlıq məqsədilə AMEA prezidentinin 16 iyul 2013-cü il tarixli 147 nömrəli sərəncamı ilə komissiya yaradılıb. Komissiya tərəfindən yataqxanada qeydiyyatı olub yaşayan və qeydiyyatı olub yaşamayan vətəndaşlar müəyyənləşdirilmiş, yataqxanada yaşamağa qanuni hüquqlarının olub-olmaması araşdırılıb. Onlarla görüşlər keçirilmiş və lazımi sənədlər toplanıb.
Müəyyən edilib ki, sözügedən yataqxanada qeydiyyatı olub yaşamayan və AMEA ilə heç bir əlaqəsi olmayan (kənar təşkilatlarda işləyən və ya ümumiyyətlə işləməyən) çoxsaylı kənar şəxslər də vardır. Ona görə də yataqxanada qeydiyyatda olan şəxslərin müəyyənləşdirilməsi məqsədilə AMEA tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilmiş, AMEA-ya aidiyyatı olmayan və yataqxanada yaşamayan yüzlərlə şəxsin qeydiyyatdan çıxarılmasına nail olunub.
Müraciət edən yataqxana sakinləri dəfələrlə həm kollektiv şəkildə, həm də tək-tək AMEA-da qəbul edilmiş və onlara ətraflı məlumatlar, izahatlar verilib. Hətta, yataqxanada qanuni hüquqları olmadan yaşayan sakinlərə yaşadıqları otaqların boşaldılması məqsədilə yazılı təklif göndərilib.
Araşdırma zamanı müəyyən edilib ki, AMEA-nın əvvəlki rəhbərliyi dövründə bağlanmış müqavilədə AMEA-ya ayrılacaq mənzillərin sayı və sahəsi göstərilmədiyindən böyük problemlə üzləşmişik. Aparılan işlərin nəticəsi olaraq, “Evrostroy-S” MMC yeni inşa olunan yaşayış evlərindən AMEA-ya əvəzsiz olaraq ümumi sahəsi 8000 (səkkiz min) kvadratmetr yaxın olan mənzillər ayırmağı öhdəsinə götürüb. Bu mənzillərin çox hissəsi ayrılmış, qalanının isə yaxın vaxtlarda ayrılmasına yazılı zəmanət verilib.
Araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə vardır. Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir. AMEA-da işləyən 71 ailədən 6-sı elmlər doktoru, 45-i isə fəlsəfə doktorudur.
Bunlardan əlavə AMEA-da işləyən 48 əməkdaşın ailəsinin də (onlardan 34-ü fəlsəfə doktoru, 1-i elmlər doktorudur) 20 ildən artıq müddətdir ki, yataqxanada qeydiyyatda olduğu lakin boş otaq olmadığına görə orada yaşamadıqları müəyyən edilib. Bu əməkdaşlar da mənzil almağa iddialıdırlar. Onlar hesab edirlər ki, uzun illərdir kirayələrdə yaşamaq məcburiyyətində qaldıqlarına görə yataqxanada yaşayanlardan daha çox maddi və mənəvi sarsıntılara məruz qalmışlar. Hal-hazırda onların da sənədləri araşdırılır.
71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib.
Yeni yaradılmış komissiya tərəfindən 13 iyun 2017-ci il tarixində püşkatma yolu ilə 54 mənzilin bölgüsü aparılmış və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb.
Paylaş: