Xəbər lenti

 
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası öz üzvü və həmçinin Koalisiyanın  Monitorinq Qrupunun üzvü, “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İB-nın sədri, “Sozcu.az” saytının rəhbəri Məmmədov Elşən Əli oğlunun (Elşən Əlisoyun)  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) vitse-prezidentlərindən biri İsmayılov Mikayıl İsmayıl oğlu tərəfindən  mərkəməyə verilməsini pisləyir və SOCAR-ın vitse-prezidentindən  E. Əlisoyun  konstitutsion hüquqlarına hörmət etməsini tələb edir.
 
Ovqat.com xəbər verir ki, təşkilatın bu gün yaydığı Bəyanatda belə deyilir.
 
Bəyanatda bildirilir ki, M. İsmayılov “Elşən Əlisoyun onun şərəf və ləyaqətini ləkələməsini, nalayiq formada alçaldılmasını” əsas gətirərək  adıçəkilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  147.1 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahişi ilə xüsusi ittiham qaydasında   Ağsu rayon məhkəməsinə müraciət etmişdir.  Həmin xüsusi ittiham qaydasında şikayət ərizəsinə əlavə edilmiş iddia ərizəsində Mikayıl İsmayılov şərəf və ləyaqətinin ləkələnməsinə görə Elşən Əlisoydan  100.000 (yüz min) manat təzminat (maddi ziyan?) ödəməsini tələb etmişdir. 
 
Xüsusi ittiham qaydasında Şikayət Ərizəsində və həmin ərizəyə əlavə edilmiş mülki iddiada SOCAR-ın vitse-prezidentinin məhkəməyə müraciət etməsinin səbəbi kimi   digər şəxsin rəhbərlik etdiyi “Azad soz” adlı saytda Mikayıl İsmayılovun  qadın aparıcı və qadın müğənni ilə birlikdə olan şəkillərinin, həmçinin onun haqqında yayımlanmış tənqidi yazının Elşən Əlisoya məxsus Facebook səhifəsində paylaşılması və  sonuncu tərəfindən həmin yazının altında “Bu qədər sərvəti neynir bunlar ilahi... Mikayıl İsmayılov SOCAR-ın 12 vitse-prezidentindən biridir. Mən buna vəhşilik və acğözlük deyirəm”- ifadələrini qeyd edərək  münasibət bildirməsi  göstərilmişdir. 
 
MSŞT Koalisiyası, SOCAR kimi mötəbər bir qurumun vitse-prezidentinin digər bir şəxsin rəhbərlik etdiyi “Azad soz” saytında yayımlanmış məlumatı özünə məxsus Facebook səhifəsində paylaşmasına görə Elşən Əlisoy barəsində cinayət işinin başlanılması üçün məhkəməyə müraciət etməsini sayt rəhbərinin müstəqil, tənqidi fikrinə görə təqib edilməsi  hesab etməklə  yanaşı,    Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində nəzərdə tutulmuş hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına zidd hərəkət kimi qiymətləndirir və Mikayıl İsmayılovu sayt rəhbərinin qeyd edilən konstitution azadlığına hörmətlə yanaşmağa, həmçinin “Azadsoz” saytında barəsində yayılmış tənqidi yazı ilə əlaqədar ictimaiyyətə açıqlama verməyə çağırır. Eyni zamanda, bəyan edir ki, MSŞT Koalisiyası hazırkı məhkəmə işini axıra qədər təqib etməklə bərabər, onun  milli və beynəlxalq səviyyədə  içtimailəşdirilməsini təşkil edəcək və  qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün   vasitələrdən istifadə etməklə Koalisiya üzvü Elşən Əlisoyun hüquqlarını müdafiə edəcək!
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 746          Tarix: 18-06-2021, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma