Xəbər lenti


Müsahibəni apardı: Eynulla Fətullayev
“Təhsilə görə bütün məsuliyyəti bir adamın-nazirin üzərinə yükləmək olmaz axı”,-indiki təhsil naziri Emin Əmrullayev mənim keçmiş təhsil naziri, bu sahəyə başçılıq etdiyi dövrdə milli təhsildə baş vermiş sistemli çöküşün səbəbkarı olan Misir Mərdanovun ünvanına dediyim tənqidlərə cavab olaraq sifətində anlaşılmazlıq ifadəsi ilə deyir...
Bizim təhsilimizin korlanması və sistemli xəstəliyi məhz həmin gündən başladı ki, Misir Mərdanov dəbdəbəli şəhərkənarı villasından dəyəri yarım milyon dollar olan dəbdəbəli avomobilin sükanı arxasında özünün Təhsil Nazirliyindəki nəhəng kabinetinə gəldi. “Bilirsinizmi mən vaxtilə niyə məmur olmaq istəmədim?”,-nazirin sualına sualla cavab verirəm. “Çünki yaxşı yaşamaq istəyirəm. Azərbaycanda məmur maaşı ilə bu mümkündürmü?”. İslahatçı-nazirin gözlərindən bu dediklərimi anlayışla qarşıladığını görürəm. İki keçmiş nazir-təhsil və səhiyyə nazirləri Misir Mərdanov və Əli İnsanov gələcək nəsillər tərəfindən lənətlənəcəklər. Onlardan biri ölkənin təhsilini, o biri səhiyyəsini əlindən aldı...
“Mərdanovşina”nın nəticəsi dərin instusional dağıntılara gətirib çıxardı, təhsildə parçalanma və orada sistemdənkənar institutlaşmanın formalaşması təhdidini yaratdı.
İndi islahatçı-nazir milli təhsilin bütün pillələrini bürümüş sosial xəstəliyin kökünü kəsməlidir.
Budur, biz təhsil naziri Emin Əmrullayevlə söhbətin yekun hissəsinə gəlib çatırıq.
Nazirlə müsahibənin birinci iki hissəsini aşağıdakı keçidlərdə oxumaq olar:
Təhsil naziri Eynulla Fətullayevdən soruşdu: “Azərbaycanda nə qədər varlı adam var?
Təhsil naziri : "İndiki nəslin uğur formulu: şans, pul və qohumluq əlaqələri..."

Nazir vəd verdi-korrupsiya ilə sonadək mübarizə aparacaq...
-Məktəbəqədər təhsil müəssisələrindəki problemlər barədə Sizdən soruşmaya bilmərəm. Nəyə görə uşaq bağçaları Təhsil Nazirliyinin yox, icra hakimiyyətlərinin tabeçiliyindədir?
-Uşaq bağçalarını icra hakimiyyətləri idarə edir, metodoloji işi isə Təhsil Nazirliyi həyata keçirir.
-Lakin siz özünüz dediniz ki, təhsil  3 yaşdan başlayır. Nəyə görə uşaq bağçaları, yəni məktəbəqədər təhsil müəssisələri sizin nazirliyin idarəçiliyindən kənardadır?
-Bu qərar Azərbaycan hökuməti tərəfindən qəbul olunub. Və biz onu müzakirə edə və ya mübahisələndirə bilmərik.
-Siz Britaniya təhsil modelinin tərəfdarısınız, hansı ki, təhsilin 4 yaşdan başlamasını nəzərdə tutur. O zaman nəyə görə həmin uşaq bağçalarını orta məktəblərlə birləşdirməyək və yeni proqressiv modelə keçməyək?
-Mən Britaniya yox, ümumdünya modelinin tərəfdarıyam. Yəni sizin bəhs etdiyiniz müasir dünya trendidir. Biz problemin konseptual həlli yolunu müəyyən etməliyik. Başlıca suallara cavab vermək lazımdır. Uşaq təhsilə 3 yaşındanmı başlamalıdır? Biz 12 illik təhsilə keçməliyik ya yox?  Bu, mühüm nəzəri-elmi suallardır və bir neçə il ərzində mən Təhsil Problemləri İnstitutunun rəhbəri kimi bu problemlərlə sıx məşğul olmuşam. Əlbəttə ki, Təhsil Nazirliyi bu keçid konsepsiyası barədə öz baxışlarını işləyib hazırlayıb. Lakin biz müstəqil qərar verə bilmərik. Bu, təkcə Təhsil Nazirliyinin problemi deyil. Axı 12 illik təhsilə keçid bütün infrastrukturu, əməyin ödənilməsi sistemini, ali məktəblərə qəbul qaydalarını kökündən dəyişdirəcək. Bu, ölkənin sosial-iqtisadi həyatında transformasiya məsələsidir. Təhsil Nazirliyi ancaq tövsiyələrlə çıxış edə bilər, başqa heç nə.
Digər tərəfdən, söhbət həm də təhsil siyasətinin müəyyənləşdirilməsindən gedir. Dərslikləri kim tərtib edəcək? Standartları və elmi-metodoloji bazanı kim müəyyənləşdirəcək?
Üçüncü məsələ-idarəçilik fəaliyyəti problemidir, hansı ki, həm mərkəzləşdirilmiş, həm yerli idarəçilik ola bilər. Bu, sırf mənim şəxsi mövqeyimdir, amma tədricən yerli özünüidarəni genişləndirmək lazımdır, çünki bu daha effektivdir və demərkəzləşməyə getmək lazımdır. Lakin hərdən biz məcburən mərkəzləşməni gücləndirməli oluruq. Məsələn, məktəbələrdə müəllimlərin işə qəbulunu məsələsində. Biz bu işi məktəblərin öhdəsinə buraxanda, təəssüflər olsun ki, ədalətsiz və qabiliyyətsiz müəllim seçimi baş verir.
Və nəhayət, bizim başlıca funksiyamıza toxunmaq istəyirəm-təftiş funksiyasına. Bizim nəzarət funksiyamız təkcə cəzalandırmaqdan deyil, həm də həvəsləndirməkdən ibarətdir. Lakin biz səhvlərə görə cəzaları sərtləşdirməli deyilik. Axı səhv özü də hansısa formada təcrübədir. Bir daha ona yol vermək istəməzsən. Yəni biz nəzarətin həyata keçirilməsində də konstruktiv yanaşma işləyib hazırlayırıq.
Təhsil sisteminin fəaliyyətinə konseptual yanaşmadan çıxış edərək deyə bilərəm ki, uşaq bağçalarının idarəçiliyi bizim üçün başlıca məsələ deyil.
-Mən uşaq bağçalarının məktəblərlə kooperasiyası nöqteyi-nəzərindən deyirdim...
-Müxtəlif yaşlarda uşaq psixologiyasının xüsusiyyətlərini nəzərə alaraq dünyanın inkişaf etmiş ölkələrində çoxpilləli təhsilə keçiblər. Bizdə isə məktəbəqədər təhsilin iki kateqoriyasını qarışdırıblar. Məktəbəqədər təhsilin hazırlıq pilləsi və childcare-uşaqlara baxım mərkəzi var. Məktəbəqədər uşaq tərbiyəsi ilə məşğul olan bağçalardan fərqli olaraq həmin mərkəzlərdə uşaqları sadəcə olaraq valideyinlərinin işdə olduqları müddətdə saxlayırlar, onlara baxırlar. Bu, təhsil məsələsi deyil, uşaqların valideyinləri tərəfindən idarə edilməsi problemidir...

Birinci siniflər üçün yeni dərsliklərə diqqət yetirin-biz əlifbanın sürətləndirilmiş tədrisinə keçmişik. Çünki uşaqlar əlifba bayramına qədər bütün hərfləri məktəbəqədər hazırlıq siniflərində öyrəniblər. Biz artıq sizin bəhs etdiyiniz kooperasiya modelini tətbiq etməyə başlamışıq-Bakıda məktəbəqədər siniflərə malik olan bir neçə litsey fəaliyyət göstərir. Lakin bu, bizim üçün prinsipial deyil. Bizim üçün prinsipial olanı böyük sayda uşaqları sistemli təhsilə cəlb etməkdir.
-İndi isə dərsliklər haqda...
-Bəli, bu ən ağrılı məsələdir.
-Çoxlu orfoqrafik səhvlər, tematik uyğunsuzluqlar və ziddiyyətlər, diletantlıq. Və ən acınacaqlısı humanitar fənlər üzrə dərsliklərdir.
-Dərsliklərlə bağlı iki problem var. Birincisi-cəmiyyət tərəfindən ağrılı qarşılanma, tənqid və inkar. İkincisi-həmin dərsliklərin məktəblilərin təhsilinə real təsiri. Mən məktəbdə oxuyanda da dərsliklərdə səhvlər var idi. Bəs sizin dövrünüzdə? Dərsliklərdə səhvlər olurdu?
-Bizim zamanımızda dərsliklər bizim üçün az qala müqəddəs dini kitablar idi. Dərsliklərdə səhvlər-nəsə müqəddəs kitabı korlamaq kimidir...
-Çalışırıq ki, dərsliklərdə texniki səhvlər olmasın. Lakin təəssüf ki, belə hallar olur. Onlar olmamalıdır. Lakin 90 min səhifənin arasında hansısa orfoqrafik səhv çıxa bilər. Bəli, ayıbdır, amma səhvlər var.
Lakin mən dərsliyin özünün qavranılmasının tərəfdarıyam-toxunulmaz müqəddəs kitabdansa  bir növ bələdçi kimi. Dərslik çox mühüm alətdir. Ötən dövrlərdə, hansı ki, siz bəhs edirsiniz, dərslik məktəbli üçün yeganə bilik mənbəyi idi. Lakin bu gün dərslik yeganə bilik mənbəyi deyil. Bir çox digər formatlar və maraqlı alternativlər var. Videoformatlar, 3D formatı var, bir sözlə, elmi-texniki inqilab əsrində bir çox innovasiyalı proqramlar işlənib hazırlanıb. Həqiqət bundan ibarətdir ki, dərslik bizim uşaqlarımız üçün sadəcə olaraq alətdir, onların fəaliyyəti üçün rəhbər təlimatdır, amma mütləq həqiqət deyil. Gəlin məktəblilərin özündən soruşaq-onlar indiki dərslikləri necə qəbul edirlər?
-Mən məktəbdə oxuyanda, mənə sırınan bir çox həqiqətləri daxilən inkar edirdim, xüsusən də sosialist realizmi barədə. Lakin ideologiya təhsil mədəniyyəti üzərində hökmranlıq edirdi.
-Totalitar cəmiyyətdə bizim başqa alternativimiz yox idi. Və özünüifadə forması...Lakin bizim dərsliklərimizdə ciddi səhvlər var, daha dəqiq desək, səhv yanaşmalar var və valideyinlər buna diqqət yetirmirlər Sual yaranır: dərsliklər kimlərdən ötrü işlənib hazırlanır? Valideyinlər, yoxsa onların uşaqları üçün? Axı dərsliklər uşaqlara istiqamətlənib və ünvanlanıb. Uşaq dərsliyi əlinə alır və deməli, bu kitab onda maraq doğurmalıdır. Ona oxumaq maraqlı olmalıdır. Dərsliyin təyinatında başlıca məsələ də bax budur.
Biz mühüm dəyişiklik həyata keçirmişik, hansı ki, pandemiya dövründə diqqətdən kənarda qalıb. Yarımilliyə hesablanmış yeni dərsliklər işlənib hazırlanıb. Birincisi, məktəblilərə qalın dərslikləri öz çantalarında daşımaq ağırdır. İkincisi, bundan sonra yeni dərsliklərin layihələri iki il ərzində ictimai müzakirələrə açılacaq, belə desək, ictimaiyyətin mühakiməsinə veriləcək. Bütün dərsliklərin layihələri internetdə yerləşdirilib. Biz bütün təklifləri, iradları, dəqiqləşdirmələri, istəkləri qəbul edirik və bundan sonra daxil olmuş bütün müraciətlər diqqətlə analiz edilir, ümumiləşdirilir. Ancaq ümumxalq müzakirələrindən sonra Təhsil Nazirliyi yeni dərsliklərin layihəsini təsdiq edir. Nəhayət bunu dərk etmək vacibdir-Təhsil Nazirliyi, məsələn, Azərbaycan tarixi dərsliyinin məzmununa cavabdeh deyil. Bizim alimlərimiz ümumi mövqeyə gəlməli, tariximiz barədə ümumi konsepsiya işləyib hazırlamalıdır və bütün bunlar sonradan dərsliklərdə öz əksini tapmalıdır. Biz məktəblərdə hansı tarixi obrazları təlqin edirik? Qoy buna alimlər cavab versin. Biz dərsliklərdə hadisələrin bir-birinə zidd olan dörd versiyasını əks etdirə bilmərik.
-Yəni nəhayət, müəyyənləşdirmək lazımdır, Səfəvilər dövləti İrandır, yoxsa hər halda Azərbaycan...
-Bizdə riyaziyyat, kimya dərsliklərində də problemlər var...
-Doğrudanmı riyaziyyat dərsliklərində də problemlər var?
-Mən riyaziyyat dərsliklərindən əsasən razıyam. Lakin fikrimcə, riyazi interpretasiya (riyazi biologiya) çatışmır. Məsələn, məsələni həll elədim, suala cavab tapdım. Və bu cavab nəyə lazımdır? Ümumiyyətlə, bu nədir? Bizim məktəblərdə riyaziyyat düşüncə, riyazi abstraksiya əsasənda qurulub. Bu, sovet riyaziyyatıdır və şübhəsiz ki, elmin zirvəsidir. Ona görə də bizim uşaqlar Qərb ali məktəblərində riyaziyyat fənni üzrə böyük uğurlara nail olurlar. Amerika məktəbi bu biliyi sizə verə bilməz. Məsələn, Kolumbiya universitetində mən riyaziyyatdan sualların 99 faizinə cavab verdim, təkcə  bir texniki səhv buraxdım. Lakin mən öz amerikalı həmyaşıdlarımdan nədə geri qaldım? Hansı ki, abstraksiyada məndən xeyli zəif idilər? Tətbiqi riyaziyyatda. Mən riyazi metodları və alqoritmləri başqa sahələrdə, məsələn, iqtisadiyyatda tətbiq edə bilmirdim. Yəni həndəsi məsələləri amerikalılardan daha tez və asanlıqla həll edirdim, cavab tapırdım, amma bilmirdim ki, bu cavablar üstəlik tətbiq üçün də lazımdır.
-İcazənizlə, rahat olmayan sual verim.
-Bu, sizin işinizdir. (Gülür)
-Lakin tətbiqi riyaziyyat korrupsiya ilə mübarizəyə də öz töhfəsini verə bilərdi. (Gülürəm) Korrupsiya ilə mübarizə necə gedir?
-Mübarizə gedir. Təəssüf ki, bu problem var. Ona görə də 6 rayon təhsil idarəsinin rəhbərləri vəzifələrindən azad edildi. Hərçənd indiki halda söhbət birbaşa yox, dolayısı korrupsiyadan gedir. Təhsil müəssisələrində korrupsiya faktları üzrə hər il cinayət işləri qaldırılır. Korrupsiya ilə mübarizədən çıxış edərək biz bu neqativ tendensiyanın özünü istisna etmək üçün bəzi sahələrdə mərkəzləşməyə getdik. Haradakı korrupsiya münasibətlərinin formalaşması ehtimalı var, Təhsil Nazirliyi bu sferanı xüsusi nəzarətə götürür.
 -Lakin gəlin razılaşaq ki, müəllimlərin maaşı cüzidir. Onlar bu maaşla necə yaşasın?
-Gəlin müəyyənləşdirək, hansı tip korrupsiyadan danışırıq. Sistemli?
-İndiki halda məni rüşvət və məktəblərdə pul yığılması maraqlandırır.
-Biz korrupsiyanın tiplərini müəyyənləşdirməliyik. Deyək ki, müəllimləri hər il 8 Martda təbrik edən valideyinlər amili var. Bu biri. Amma müəllimlərdə də belə gözləntilər var ki, məktəblilərin valideyinləri onu təbrik etməyə borcludur. Bu başqa məsələdir. Burada görünməyən, amma hər halda incə sərhəd var, hansı ki, biz bunun üstündən xətt çəkməliyik. Birinci halda, problem etika ilə bağlıdır, amma korrupsiya deyil.
-Bəs məktəb siniflərində dərs gününün başa çatmasından sonra repetitorluq korrupsiyadır, yoxsa o da etik problemdir?
-Şübhəsiz ki, bu korrupsiyadır. Etik kateqoriyalar baxımından bizim cəmiyyətimiz, müəllim o işlə məşğul olur ki, əslində onunla məşğul olmalı deyil. Və bu işə gücünü sərf edir və müvafiq olaraq kimlərəsə bu, korrupsiya kimi görünməyə bilər. Sizin gətirdiyiniz nümunədə maraqların toqquşması baş verir. Ən azından bu, etik məcəllənin pozulmasıdır. Və bu-səhvdir! Lakin bizim kontekstdə bu, cinayət deyil.
-Lakin axı şagird məktəbdə həmin dərsləri səhərdən axşamadək keçir. Onun dərs gününün sonuna qədər ödənişli təhsil yükü üçün ləngiməkdə məqsədi nədir? Deməli, günün birinci yarısında müəllim öz vəzifəsini yerinə yetirmir və həmin dərsi şagirdə öyrətmir.
-Gəlin növbəti suala cavab verək: müəllimin dərslərin başa çatmasından sonra şagirdlə ayrıca məşğul olmaq haqqı varmı? Bəli, bu haqq onda var. Bəs valideyinin müəyyən haqq əvəzində müəllimlə dərsdənkənar məşğələlər barədə anlaşmaq haqqı varmı? Bəli, valideyinin də belə haqqı var. Bu, yaxşıdır ya pisdir? Mən məsələni başqa cür qoyardım-bunu eləmək olar, ya yox? Hesab edirəm ki, bu cinayət deyil, günah da deyil. Lakin burada bir çox əlavələr var-“əgər”...Əgər şagirdi bu məşğələlərə məcbur etmirlərsə, əgər müəllim səhər sinifdə həmin şagirdə dərs keçməyibsə o zaman mən burada problem görmürəm.
-Bəs müəllim günün birinci yarısında həmin şagirdə dərs keçibsə necə? Nəzərinizə çatdırım ki, məktəblərdə bu hal kütləvi xarakter daşıyır.
-Bu müəllimin pedaqoji etikası baxımından ciddi problemdir və kökünü kəsmək lazımdır!.. Demək istəyirsiniz ki, insanlar aşağı maaşa görə öz prinsiplərini tapdalayırlar? Mən buna inanmıram. Pul insanları prinsiplərindən və dəyərlərindən imtina etməyə məcbur edə bilməz. Bəli, biz hazırda müəllimlərin maaşlarının artırılması üzərində işləyirik. Lakin mən buna inanmıram ki, maaşların artırılmasından sonra pedaqoji etikanı pozan müəllim öz hərəkətlərinə son qoyacaq. Mən bunların arasında qarşılıqlı əlaqə görmürəm. Bəli, əgər biz müəllimlərin maaşlarını qaldırsaq daha istedadlı və qabiliyyətli insanları pedaqoji fəaliyyətə cəlb edə bilərik. Lakin dəyərlərini satanları bu yolla müalicə edə bilmərik.
Bizim mental xüsusiyyətlərimizin təzahürü barədə daha bir vacib nüans. Nəyə görəsə valideyinlər özlərini ixtisaslı və vicdanlı müəllimlər qarşısında borclu hesab edir, onlar belə pedaqoqlara minnətdarlıq etmək öhdəlikləri ilə dolub-daşırlar. Qəribədir, elə deyilmi? Lakin bu, hakim tendensiyadır.
-Lakin bu korrupsiya deyil. Mən bunu rüşvətxorluq da saymıram.
-Amma etikanın pozulmasıdır. Üstəlik hər iki tərəf günahkardır. Bizim təhsil sisteminin başlıca problemi gec-tez üstü açılan və hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən sistemli korrupsiya deyil. Bizim problemimiz peşə etikasının sistemli şəkildə pozulmasıdır...
Məktəb direktoru artıq müəllimi işə götürə bilməz. Deməli, bu potensial korrupsiya sferası da bizim ayıq-sayıq nəzarətimiz altına keçib. Repetitorluğa gəldikdə isə, mənim fikrimcə, bu korrupsiya deyil.
-Bəli, amma repetitorlar vergi ödəyirsə. Repetitorlarn böyük hissəsi vergi ödəməkdən yayınır və bu rakursdan baxanda repetitorluq cinayət kimi nəzərdən keçirilə bilər.
-Bu artıq başqa məsələdir. Mən indi məsələnin fəlsəfi tərəfindən danışıram. Məsələn, Rusiyada müəllim repetitorluqla məşğul olmur. Çünki bunu ayıb sayır. Bizdə isə bunu ayıb saymırlar. Ona görə də repetitorluq çiçəklənir.
-Başqa sözlə, bu ictimai əxlaq məsələsidir.
-Tamamilə doğrudur. Bu, ictimai əxlaq məsələsidir və biz daim bu haqda danışmalyıq. Təşviqat işi aparmalıyıq. Başqa nümunə plagiatdır. Bizdə plagiatlıqla məşğul olmaq da ayıb sayılmır. Hərdən yaşlı nəslin psixologiyası və mentaliteti sadəcə olaraq heyrətə salır. Yaşlı adamın üzünə desən ki, o plagiatlıq edib, bu ayıbdır. Amma həmin yaşlı “alim” üçün başqasının əməyini köçürmək və öz adına yazmaq ayıb deyil. Təhsil sisteminin əsası ictimai əxlaq və etik məcəllədir. Siz keçən dəfə məndən soruşdunuz ki, cəmiyyətimizdə nə dəyişməlidir? Mən səmimi cavab verdim-dəyərlər. Bir saatın ərzində, 3-5-10 il ərzində onilliklər, ola bilsin hətta yüzilliklər boyu formalaşmış dəyərlər sistemini kökündən dəyişdirmək mümkün deyil...
Məktəblərdə qanunsuz olaraq pul yığılmasına dair daha bir bariz nümunə. Məktəblərdə marker çatışmazlığı vardı. Az qala hər məktəbli özü ilə sinfə marker gətirirdi. Bu ildən etibarən biz bütün ibtidai sinif müəllimləri üçün dəftərxana ləvazimatları aldıq. Budur, ehtiyac olan hər şey var-marker, pərgar, xətkeşlər və digərləri. Və onları uşaqlardan istəməyin! Üstəlik həmin ləvazimatarı məktəb direktoruna yox, birbaşa müəllimlərə veririk.
Hərçənd gəlin səmimi etiraf edək-ali məktəblərdə korrupsiya ilə mübarizə baxımından böyük və köklü dəyişikliklər baş verib. Texniki peşə məktəblərinin “ölü canlar” saxlayan və büdcə vəsaitlərini mənimsəyən bir çox rəhbərləri cinayət məsuliyyətinə cəlb ediliblər. Cəmiyyət bir şeyə əmin olmalıdır: təhsil naziri heç vaxt neqativ hallarla barışmayacaq və korrupsiya ilə sonadək mübarizə aparacaq. Məsələ bu mübarizənin tempindədir və inanın ki, başlıca məqsəd korrupsiyanı doğuran fundamental səbəbləri aradan qaldırmaqdır.
-Təhsil naziri olandan sonra həyatınızda nə dəyişdi? Əvvəlki kiçik mənzilinizdə yaşayırsınız, yoxsa yenisinə köçmüsünüz?
-Yəqin sosial şəbəkələrdə tirajlanan həmin məşhur videonu  nəzərdə tutursunuz? Mən əvvəlki kimi Zığ qəsəbəsində yaşayıram. Yox, mənzilimi dəyişməmişəm. Amma dəyişməyi, daha yaxşı mənzilə köçməyi çox istəyirəm.
-Maaşınız nə qədərdir?
-3 min manat.
-Yaşamaq üçün bəs edir? (Gülürəm)
-Narazı deyiləm.
-Sizin kimi nazirlə ünsiyyətdə olmaq çox xoş oldu. Mən özümə və redaksiyamıza  başqa yüksək rütbəli məmurlarla da bu cür açıq görüşlər və ünsiyyət arzu edirəm. Sizə uğurlar olsun, cənab nazir.

/virtualaz.org/



Ana səhifəyə qayıt        Baxış: 4 298          Tarix: 26-06-2021, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma