Xəbər lenti
Dünən, 19:25

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə və İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Çingiz Abışov bildirib ki, 6 şirkət təsis edib: "Həmin şirkətləri işlətmək üçün bankların birində çalışan Rövşən Məmmədova verdim. Rövşən Məmmədov isə 2 ilə yaxın mənə ayda 300 manat pul verirdi. Pulları bankdan çıxarırdım. Ümumilikdə bankdan 5 min manat pul çıxartdım. Şirkətlərin vergilərini Rövşən müəllim ödəyirdi”.

Amma şahidin məhkəmədə dedikləri ilə istintaqdakı ifadəsi arasında ziddiyyət olub.

O, istintaqda Asifin Xarici İşlər Nazirliyinin əməkdaşı olduğunu, pulların Səlim Əlizadəyə çatdığın deyib. Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib, amma Səlim Əlizadəni tanımadığını bildirib.

Daha sonra şahid qismində Tural Niftəliyev dindirilib. O qeyd edib ki, Ç.Abışov onun adıma şirkət açıb: “Sonra məni şirkətə direktor təyin etdi. Bankdan bir neçə dəfə 19 min manat pul çıxartdım və Rövşən müəllimə verdim. Buna görə də mənə hər dəfə 5-10 manat yol pulu verdilər. Sonra pul vermədikləri üçün həmin şəxslərdən uzaqlaşdım".
Prosesdə şahid qismində dindirilən Günel İsayevə deyib ki, bankda çalışan Rövşən Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: "Mən mühasibəm. Bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətim yaranmışdı. O təklif etdi ki, Səlim Əlizadə ilə işləyim. Səlim Əlizadə mənə adıma şirkət yaratmağımı təklif etdi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Şirkətə mallar gəlirdi. Mən də bir neçə dəfə bankın qarşısında malları görmüşəm. Ümumilikdə şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə pul verilib. Vergilər də onlar tərəfdən ödənilib".

Prosesdə Svetlana Gülməmmədova da ifadə verib. O, mühasib olduğunu və S.Əlizadənin təklifi ilə adına şirkət açıldığını bildirib: “Ümumilikdə adıma 75 min manat pul gəlib. Həmin puldan 1 faizi mənə verilib. Vergilər də ödənilib".

Şahid Məhyəddin Hüseynovun sözlərinə görə, usta kimi fəaliyyət göstərir: "Bilal Qasımovun evində çalışırdım. O təklif etdi ki, adıma şirkət yaradılsın və tikinti materialları ilə bağlı işlər görülsün. Sonra mənə dedi ki, iş alınmadı".

İttihamda məlum olub ki, həmin şəxsin adına yaradılan şirkətə etibarnamə alınaraq pullar köçürülüb.

Şahid bunlardan xəbərsiz olduğunu deyib.

Proses oktybarın 5-də davam edəcək.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Həmin şəxslər barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Daha sonra isə məhkəmənin qərarı ilə onların barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 2 193          Tarix: 29-09-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma