Xəbər lenti
Dünən, 19:25

Laçında növbəti Türkiyə-Azərbaycan növbəti birgə hərbi təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır.

Təlimləri müdafiə naziri general-polkovnik Zakir Həsənov da izləyib. Səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.
Təliminin planına uyğun olaraq bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.

1 ay əvvəl, 2021-ci ilin sentyabrında da Laçın rayonu ərazisində Azərbaycan-Türkiyə birgə hərbi təlimi baş tutub. Təlimlərdə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması tapşırıqları icra olunub. Xüsusi təyinatlılar əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma ilə bağlı tapşırıqları həyata keçiriblər. Bəs niyə Laçın?  

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanın keçirdiyi təlimlər ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi istiqamətindədir: “Torpaqlarımız işğal altında olan zamanlarda da baş tutan təlimlər də plan üzrə həyata keçirilirdi. 1994-cü ilin mayında imzalanan atəşkəsdən 2020-ci ilə gerçəkləşən Vətən müharibəsinə qədər də təlimlər plan üzrə keçirilirdi. Bu illər ərzində də əsas məqsədimiz o idi ki, ermənilər işğal etdikləri torpaqlarımızı öz xoşları ilə tərk etsinlər. Amma ermənilər öz xoşları ilə ərazilərimizdən çıxmadılar. Təsir altında olduqları da göz qabağında idi. Azərbaycan Silahlı Qüvvələri bu məsələni həll etdi, işğal altında olan torpaqlarımızın 97 faizi düşməndən təmizləndi. Yaxın zamanlarda yerdə qalan 3 faizlə bağlı da tədbir görəcəyik. Azərbaycan istər diplomatik, istərsə də, hərbi müstəvidə dözümlülük nümayiş etdirir. Amma bunun bir sonu var. Bunu düşmən bilir, bilməlidir”.

Hərbi ekspert deyir ki, Laçında keçirilən təlimlərin də konkret məqsədi var: “Biz gizlətmirik ki, ərazilərdə lazım gələcəyi təqdirdə döyüş tapşırığını yerinə yetirəcəyik. Döyüş tapşırığı da bu olacaq ki, orada qalan erməni tör-töküntüləri o ərazilərdən təmizlənsin. Yaxın həftələrdə Rusiya sülhməramlıları bu işi yerinə yetirməlidirlər. Üzərilərinə götürdükləri öhdəliyə görə oradan erməni silahlıları tərksilah edilməklə çıxarılmalı idi. Bu günə qədər bu proses həyata keçirilməyib. Azərbaycan ərazisində erməni silahlılarının olmasını heç vaxt qəbul edə bilməz. Bunu diplomatik və hərbi görüşlərdə də rəsmilərin diqqətinə çatdırır. Azərbaycan ictimaiyyəti də bu məsələlərdən dolayı narazılığını ifadə edir və dilə gətirirlər. Azərbaycanın Laçında həyata keçirdiyi təlimlər sırf bu məsələlərin həllinə yönəlik təlimlərdir”.

Hərbi ekspert hesab edir ki, erməni silahlıları qısa müddətdə Laçın ərazisini tərk etməsələr, Azərbaycan Silahlı Qüvvələrinin tapdağı altında qalacaqlar: “Azərbaycan 3 tərəfli razılaşmanın şərtlərinə sadiqdir. Dözümlülük nümayiş etdirməklə, xoş rəftar sərgiləməklə erməni silahlılarının Azərbaycan torpaqlarından çıxmalarına imkan tanınıb. Amma bu imkan da tükənmək üzrədir. Çox yaxın bir zamanda Azərbaycan Daxili Qoşunları həmin ərazilərdə antiterror əməliyyatı keçirəcək. Bu əməliyyata Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Silahlı Qüvvələrin digər qoşun və birləşmələri dəstək verəcəklər. Bunu ermənilər və onları havadarları unutmasın. Azərbaycan qoşunu elə-belə saxlamır. Qoşunlarımız ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi üçün var. Laçında keçirilən təlimlər bu məqsədə xidmət edir”.

Ekspert təlimlərin 8 noyabr Zəfər günü ərəfəsində keçirilməsinin də təsadüf olmadığını söylədi: “Sülhməramlıların 10 günləri var. Yəni Zəfər gününə qədər bu məsələni yekunlaşdırmaq üçün hələ zaman qalır. Erməni silahlılarının ərazimizdən çıxacaqlarının bəzi işartıları var. Separatçıların rəhbəri Araik Arutyunyan bir neçə gün əvvəl dedi ki, Azərbaycan Qarabağdakı erməni silahlı birləşmələrinin ləğv edilməsində təkid edir. Ermənistan da bu məsləhəti verib. Araikin və onun cinayətkar dəstəsinin ləğvi istiqamətində iş aparılır. Yaxın 10 gün ərzində bu işin hansı səviyyəyə çatacağını görəcəyik”.



Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 30-10-2021, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma