Xəbər lenti
Dünən, 19:25


"Yaradan kimsəyə çox gördüsə başdan çörəyi,
Çıxacaqdır özün öldürsə də daşdan çörəyi".

Heydər Oğuz

 
 
Xəbər verdiyimiz kimi, Naxçıvanda Polis-DTX-Ordu üçbucağı üzərində hakimiyyət quran “xan” rejimi öz taxtının laxladılmasının qarşısını almaq üçün Bakıdan – Azərbaycan Respublikası Polis Akademiyasından bölgəyə göndərilən və yerli idarəçilərin gözünə casus kimi görünən polis zabitlərini bir-bir “dənləməyə” qərar verib. Onların yerinə isə Naxçıvandakı 2 illik, adına şərti olaraq “peşə texniki polis məktəbi” dediyimiz Orta İxtisas Polis Məktəbinin məzunlarını yerləşdirir. 
 
Məlumata görə, 5 illik sərt rejimli Akademiyanı bitirib Naxçıvana göndərilən gənc polislər ən xırda bəhanələrlə sıxışdırılıb “öz ərizəsi” ilə işdən uzalaşdırılırlar. Onlardan bəziləri it saxladığına, bəziləri isə aşağılandıqlarına etiraz etdiklərinə görə ən ağır cəzalara məruz qalırlar. Təsadüfi deyil ki, son bir ildə 36 nəfər Akademiya məzunu müxtəlif bəhanələrlə Naxçıvanın polis orqanlarından qovulub. 
 
Biz də həmin gənclərin hansı basqılara məruz qaldıqları barədə əldə etdiyimiz məlumatları sizinlə bölüşməyə söz vermişdik və sözümüzə əməl edirik. Bugünkü yazımızda akademiya məzunu  gənc polislərdən birinin başına gələnlərdən bəhs edəcəyik – Polis leytenantı Həsən Cəfərovdan.
 
Ovqat.com-un Naxçıvan DİN-dəki yüksək rütbəli mənbələrdən aldığı məlumata görə, Polis Akademiyasını yüksək qiymətlərlə bitirən Cəfərov Həsən hazırda Bakıda “Bolt” taksisi sürür. Sözsüz ki, 5 il ağır məşəqqətlərlə Polis Akademiyasını bitirən bir insanın taksi sürücülüyü etməsinin özəl bir səbəbi var. Yəqin razılaşarsınız ki, bu, Cəfərov Həsənin taksi sürücülüyünü polis zabitliyindən üstün tutmasından irəli gəlmir. Bəs nədən irəli gəlir? 


 
Gəlin, Naxçıvan DİN-dəki yüksək rütbəli mənbəmizin bizə ötürdüyü məlumatları gözdən keçirərək bu suala cavab axtaraq.
 
Cəfərov Həsən 1995-ci ildə Şərur rayon Maxta kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olub. 2017-ci ildə ayağı sındığına görə dərslərə girə bilmədiyindən məcburən Polis Akademiyasından uzaqlaşdırılıb. Zira Balonya təhsil sitemində belə bir qayda var: səbəbindən asılı olmayaraq 120 saatdan artıq dərs buraxdıqda kursdan xaric edilirsən. Həsən Cəfərov da sözügedən bədbəxt hadisə nəticəsində 5-ci kursda, məzun olmasına bir neçə ay qalmış təhsilini yarımçıq kəsir. Sağaldıqdan sonra 2018-ci ildə təhsil müəssisəsinə bərpa olunan Həsən 5-ci kursu yenidən oxumalı olur. Həsən Cəfərov 2019-cu ildə Akadimyanı müvəffəqiyyətlə başa vurub polis leytenantı rütbəsi alır və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına göndərilir. 
 
Həsən Cəfərovu Naxçıvan şəhər polis idarəsinə əməliyyat müvəkkili təyin edirlər. Həsən işə başladığı ilk gündən əzmlə və mətanətlə asayişin keşiyində dayanır. İnformasiya qaynağımız bildirir: “Səhv etmirəmsə, 2020-ci ilin təxminən yaynvar ayı idi. Naxçıvanda baş verən qanunsuzluqlardam təngə gəlmiş bir vətəndaş özünü Ali Məclisin qarşısında yandırmaq istəyəndə Həsən vaxtında ora çatıb həmin vətəndaşla profilaktiki söhbət aparıb onu fikrindən döndərmişdi. Sözsüz ki, bir intiharın qarşısını almaq xüsusi bacarıq tələb edir və ən azı bu hadisəyə görə Həsən mükafatlandırılmalı idi”.
 
“Mükafatlandırılır” da. Amma necə?


 
Bildirildiyinə görə, Həsənin bu əzmi Naxçıvan DİN-də ona qarşı qıcıq yaratmaya bilməzdi və gözlənilənlər baş verir. Naxçıvan DİN-nin rəhbərliyi Həsəni "vurmaq" üçün məqam axtarmağa başlayılar və bunu tapırlar. Necəliyini, gəlin, məlum səbəblərdən adını məxfi saxlamağa məcbur olduğumuz mənbəmizin dilindən eşidək:
 
Naxçıvanda polisləri səhər 09:00-dan gecə 00:00-dək işlədirlər. Günlərin birində gecə 00:00-da Həsən işdən çıxıb evə gedəndə bütün gün ərzində çəkdiyi yorğunluq öz işini görür və o, sükan arxasında mürgüləyir. Nəticədə avtomobilinin qabaq tərəfdən sol təkəri yol kənarındakı balaca arxa düşür. Həsən Cəfərov iş yoldaşı, Polis Akademiyasının digər məzunu Zeynalabidin Babayevə zəng edib onu köməyə çağırır. Hər ikisi avtomobili arxdan çıxarır”. 
 
Təsəvvür edirsinizmi, iki tələbə yoldaşının bir-birinə yardımına getməsi belə, Naxçıvan DİN-də böyük cinayət hesab olunur və onların hər ikisi müxtəlif cəzalara layiq görülür. “Ertəsi gün Nazirliyin Qərargah rəisi polis polkovniki Rəşad Seyidov polislərin hər ikisini yanına çağırır. Sanki böyük cinayət törədiblərmiş kimi, zabitlərin üzərinə qışqırır. Zabitlər soruşurlar ki, axı biz nə etmişik? Rəşad Seydov deyir: “Yol nəqliyyat hadisəsi törədib bunu gizlətmisiniz?”. Həsən isə cavabında Rəşad Seyidovun diqqətinə çatdırır ki, hadisə nəticəsində ikinci bir şəxsə və ya onun əmlakına, eləcə də dövlət mülkiyyətinə zərər dəyməyib, Hətta öz avtomobilinə belə, heç nə olmayıb. Amma nə qədər desə də, sözləri Rəşad Seyidova kar etmir. Çünki Həsəni "vurmaq" istəyirdilər və əllərinə böyük bir bəhanə düşmüşdü, özü də necə bir bəhanə; üstündə bonusu da var: Zeynalabdin Babayevə də cəza verə biləcəklər” – mənbəmiz bildirir. 


 
İddiaya görə, Naxçıvan MR DİN-nin Qərargah rəisi, polis polkovniki Rəşad Seyidov hadisə barədə dərhal nazir Fazil Ələkbərova məruzə edir. Nazir də öz hökmünü verir: Həsən Cəfərov Şərura sürgün edilsin, Zeynalabidin Babayevə isə iş yoldaşının köməyinə getdiyinə görə töhmət verilsin. Başqa sözlə, Naxçıvan MR-nın yazılmamış qanunu - “Bütün yaxşılıqlara ölüm” qanunu həyata keçirilir.
 
Nəhayət, Naxçıvan DİN-nin basqılarına tab gətirə bilməyən Həsən Cəfərov “öz ərizəsi” ilə işdən çıxıb Bakıya gəlir. “Bolt” taksisi sürərək, 5 illik böyük əziyyətlə bitirdiyi Polis Akademiyasının ona qazandırmadığı gündəlik çörək pulunu 3 ay oxuyaraq aldığı sürücülük vəsiqəsi hesabına çıxarır. 
 
Onun dostu Zeyanalabidin isə hazırda Naxçıvan şəhər polis idarəsində Cinayət axtarış şöbəsində baş əməliyyat müvəklili işləyir. Polis kapitanıdır. Mənbəmizin iddiasına görə, onun da cəzalandırılması üçün “əsaslı səbəb” axtarılır.




Ana səhifəyə qayıt        Baxış: 6 894          Tarix: 14-12-2021, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma