Xəbər lenti
Bu gün, 21:44
Bu gün, 19:25
Bu gün, 18:39
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Mən də dünən ordaydım! Şuşada!
Şəhəri gəzdikcə qulağımda ötən illərin bir-birinə qarşımış qırıq radio dalğalarını xatırldan xatirələri səslənir, yeniyetmə yaddaşımın küncündə itib-batmış görüntülər yaz ildırımı kimi çaxaraq bu xaotik tabloya işıq salırdı.
Atamın “vay, Şuşa getdi” deyərək əlini dizinə çırpmasını, qarmaqarışıq dövrün siyasi dəllalarını, Şuşanın işğal xəbərindən başını əsgər yoldaşının çiyninə qoyaraq hirsindən ağlayan hərbçimizi, Çingiz Mustafayevin kamerasından bağıran, söyüş söyən, ağlayan, hədələyən, məğlubiyyətdən özünü itirimiş adamları xatırladım.
1990-cı ildəki Şuşa televiziyası yadıma düşdü. Sovet ordusunun Bakını qanına qəltan etdiyi gecə Şuşa Televiziyası məlumat aclığınından az qala başını itirmək dərəcəsinə çatan adamlar üçün bir ümid efiri idi. Şuşa efirindən iradə, düşmənə nifrət, qorxmazlıq, cəsarət yayımlanırdı.
O qədər şeyləri xatırlayırdım ki…
Şuşa qalasının əzəməti adamı heyran edir. Sal daşlar, nəhəng qaya parçaları, sərt yoxuşlar. Azərbaycan əsgərinin Qalaya dırmanaraq düşməni məğlub etməsi doğurdan da misilsizdir.
“Şuşaya 1 km qalıb”. Sürücü xəbərdar edir. Qalaya doğru qalxan yol sürətlə qısalır. Və…birdən bu yüksəklikdən aşağıda Xankəndini görürəm.
“Hə, Xankəndidir”-sürücü təsdiq edir. Düzü, bu qədər yaxın olduğunu təsəvvür etmirdim.
Maşınımızla paralel gedən yolla ermənilərin avtomobili şütüyür. Biz yuxarıya-Şuşaya, onlar üzü aşağı Laçın dəhlizinə doğru gedirlər.
Azərbaycan hərbi postu və Rusiya sülhməramlılarının blokpostu yanyanadır. Onları yalnız nazik dəmirdən çəkilmiş hasar ayırır. Sülhməramlı əsgər maraqla avtobusumuza baxır.
Ermənilər də bizə baxır.
Biz isə yuxarıya Şuşaya qalxırıq.
Şəhərin ruhu adamlarından bəlli olur. Burada hamı necə bir tarixi məsuliyyətin altında oldğunu gözəl anlayır. Əlində avtomat tutan əsgər, binanı təmir edən işçi, çörək bişirən çörəkçi, maşın sürən sürücü-hər kəs Şuşanı əllərində sanki qiymətli büllur vaza kimi tuturlar.
Cıdır düzündəyik. Ziyarətə gələnlərin şən səsləri, gülüşləri qayaya dəyib əks səda verir. Gənc bir qız Azərbaycan bayrağını fərəhlə açıb dalğalandırır, başına kəlağayı bağlamış daha bir qızımız xoşbəxt təbəssümlə foto çəkdirir. Buxara papaq qoymuş gənc oğlan isə sal daşın üstündə oturub fikrə gedib. Bir az yuxarıda bir gənc şövqlə muğam oxuyur. Şüşə kimi səsi səmaya qalxıb hər tərəfə yayılır. Hamının simasında müqəddəs bir törəndə iştirakı göstərən ifadə var: Daşlara əllə toxunur, onu sığallayırlar.
Mən isə hələ də bunun yuxu olmadığına özümü inandırmaq istəyirəm.
“Paşinyan burda yallı gedirdi”- Jurnalist dostum, əslən Laçından olan İmdad əli ilə göstərir. Başımla təsdiqləyirəm. İndi bunların heç bir əhəmiyyəti yoxdur artıq.
Biz burdayıq! Azərbaycan əsgəri burdadır!
Şəhəri gəzirik. Güllə, partlayış izləridir hər yer. Divarlarda döyüşdən qalib çıxmış əsgərlərin, doğulduqları rayonlarının, Şəhidlərin adları, epiqraflar.
Biri diqqətimi çəkir: “Veni Vidi Visi!”. Roma imperatoru Sezarın məşhur “Gəldim! Gördüm! Qalib gəldim!” ifadəsini Şuşada, divarda oxumaq da ayrı aləmdir.
Gövhər Ağa məscidinin qarşısında qələbəlikdir. Şuşada namaz qılmağı əhd edənlər məsciddədirlər. Namaz səfinə duran gənc oğlan və qızlar əllərini Allah dərgahına qaldırıb ölkəmiz üçün ən gözəl günlər diləyirlər. Məscidin parlaq işqıqları göz qamaşdırır, ətrafında gəzişən, şəkil çədirənlərin dilində dualar eşidilir.
Şəhərin küçələri ilə gəzirəm. Dağılmış evlərin, uçuq binaların, güllədən dəlik-deşik edilmiş hasarların, paslı qapıların, sükuta qərq olmuş şəhərin sabaha ümid səslərini eşidirəm.
Çörək dükanında növbə tutub Şuşa çörəyini alanlar üçün əslində bu alış-veriş bəhanədir. Əsas olan Şuşada bişirlən bu nemətin ətrini duymaq, Şəhərlə çörək kəsib əhd-peyman bağlamaqdır: “Səni daha yad əllərə vermərik, Şuşa!”
Şuşanın hər küçəsi bir tarixdir. Xan evinin qarşısından keçirəm: Natəvanın “Səni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda, qərənfil!” şerini eşidirəm, dağıdılmış Realnı məktəbinin pəncərələrindən şagirdlərin şən səsləri gəlir. Cabbar Qaryağdı oğlunun, Xan əminin, Bülbülün sədasına tuş gəlirsən, Üzeyir bəyin “Üverurası”nın əzəmətini duyursan.
Belə şəhərdə qürurla gəzirsən.
Qala divarlarının əzəməti qarşısında durub tariximizin acılı-şirinli günlərini düşünürsən.
Şuşanın küçələri azadlıq döyüşünün isti izlərini saxlayır hələ. Gəzdikcə ötən ilin ürək çırpıntıları ilə baxdığım video kadrları xatırlayıram: Bax, əsgərim bu küçə ilə düşməni qovurdu, o tərəfdə isə qururla addımladığı küçədir. Bura isə düşmənin üzü aşağı hövüllü qaçdığı yerdir.
Şuşa Qalasından baxıram.
Şuşada olduqdan sonra Vətən Müharibəsində qazanılmış Qələbənin misilsizliyini anlayırsan. Şuşa təkcə şəhər deyil, Qələbənin miqyasını göstərən, strateji önəmini anladan bir məkandır.
Azərbayan ordusunun, Ali baş komandanın, xalqın vəhdət və birlik təcəssümdür Şuşa!
Ötən ilin noyabrın 8-də “Şuşa azad olundu” xəbərini balkondan necə bağırmışdımsa bütün qonşular balkona çıxmışdı. Prezidentin Şəhidlər Xiyabanından sevinc dolu qəhərli səsini dinləyərkən həyəcandan bütün bədənim titrəyirdi o gün.
Bizim üçün- “90-cılar nəsli” üçün işğal olunmuş torpaqlar, məğlub olduğumuz döyüş dəhşətli bir travma kimi qalmışdı.
Bu ötən illərdə TV-lərdən boylanan məzlum insanların ürəyi parça-parça edən görüntüləri, başını itirmiş siyasətçilərin bağırtıları, məğlubiyyətin dəhşətini duyan, pərakəndə halda kameraya qışqıran, söyən hərbiçilərin, Xocalıda körpə cənazələrinə ağlayanların kadrları məğlubiyyətin qüssəli portretinə çevrilmişdi.
Doğma yurd həsrətindən havalanan, dünyasını dəyişən, ümidini itirənlərin təsəllisi özləri ilə gətirdikləri evlərinin paslı açarları, yas mərasimlərində bir-birilərinə dəstəyi və keçmişdə qoyub gəldikləri xoş günlərin yaddaşı idi.
Şuşa bu illər ərzində Azərbaycanın mənəvi həyatında, dünyagörüşündə məhək daşı idi.
Şuşa bizə Qarabağı unutmağa qoymadı.
1992-ci ilin mayında şəhərin işğalı xalqın ürəyinə dəyən “mənəvi güllə” oldu. Azərbaycan mədəniyyətinin unikal nümayəndələrinin doğulduğu, tariximizin ən parlaq qəhrəmanlıq səhifələrində yer almış Şuşanın düşmən əlində qalması əzab yükünə, mənəvi deformasiyaya çevrilmişdi.
Azad edilmiş Şuşa ölkənin bütün əhvalını dəyişdi.
Bu gün Şuşada gəzirik, bayram tonqalı qalayırıq.
Yuxu deyil, arzu deyil…Həqiqətdir.
29 illik rüsvayçılığı və məzlumluğu yandırıb kül edən tonqalı. Onun göyə şölələnən alovu Azərbaycanın bütün düşmənlərini yandıracaq!
Şuşa Şəhidləri xatırlayır, qəhrəmanlarını göz üstə saxlayır, tarixi unutmağa qoymur.
Şəhər canki canlıdır, bizimlə danışır: “Nə yaxşı ki, qayıtdınız, əzizlərim, nə yaxşı!”
Xaqani SƏFƏROĞLU
Şuşa-Bakı
Şuşaya dəvətə görə, MEDİA Agentliyinə təşəkkür edirəm.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar