Xəbər lenti
Bu gün, 19:25

“Vətəndaşlar bəzən lazım olmadığı halda 2-3 çörək alır, amma istifadə etmirlər. Yəqin ki, hər kəs şahidi olub: səhərlər qapılardan yarım və yaxud da bütöv dünəndən, srağagündən qalmış çörək qurusu asılır. Yəni, ehtiyac olan qədər çörək almaq lazımdır, israfçılıqdan qaçmalıyıq. Dünya o dünya deyil, sudan da ehtiyatla istifadə edilməlidir. Atmosfer dəyişir, kənd təsərrüfatı həm də iqlimdən, təbiətdən asılıdır. Ona görə də təbiəti qorumaq, ehtiyatlı istifadəyə meyillənmək lazımdır. Gəlin, çörəkdən, qidadan artıq alıb sonra xarab olduğu üçün heyvanlara verməyək”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, un məhsullarının, eləcə də çörəyin qiymətinin qalxması dövlətlə birbaşa əlaqəli deyil: “Dövlət, yəqin ki, problemin qarşısını almaq üçün kompensasiya edəcək. Hesab edirəm ki, belə problemləri önləmək üçün tədbirlər görmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə taxıl əkimi ilə məşğul olan dövlətlər daha bu işlə məşğul olmurlar. Beləliklə, taxıl istehsalı azaldığı üçün dünya bazarında taxılın qiymətində də artım baş verir. Üstəlik, bəzi Çin kimi dövlətlər dünya taxıl ehtiyatının 60 faizini ələ keçirib, ehtiyat fondu yaradıblar. Bu, dünya üçün böyük problemdir. ABŞ da dünya qarğıdalı ehtiyatının təxminən 55-60 faizinə sahibdir. Azərbaycanda isə taxıl ehtiyatı təxminən 3-4 aylıqdır. Bu, əlbəttə ki, azdır. Bizə heç olmazsa, minimum bir illik taxıl ehtiyatına sahib olmaq lazımdır. İnşallah, yaxın günlərdə Ziyad Səmədzadə ilə birlikdə bu sahə ilə əlaqəli elmi konfrans təşkil etməyi planlaşdırırıq”.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan istehlak edilən taxılın əksər hissəsini xaricdən alır: “Misal üçün, Türkiyə həmişə taxıl istehsalçısı olduğu halda, indi kənardan idxal edir. Hesab edirəm ki, məsələyə ölkə Prezidenti tərəfindən baxılacaq və müəyyən tədbirlər görüləcək. Yəni, bu, birbaşa dünya bazarı ilə bağlıdır. Dünya dövlətləri taxılçılıqla məşğul olmalı, həm də ehtiyat fondu yaratmalıdırlar. Bəzi dövlətlər hesab edir ki, iqtisadiyyatı başqa sahə ilə inkişaf etdirib dünya bazarında mövcud olan taxıldan idxal edərək dolanmaq mümkündür. Bir mütəxəssis kimi hesab edirəm ki, Azərbaycan təcili şəkildə taxıl məhsulu istehsalını gücləndirməli və ehtiyatını artırmalıdır. Azərbaycanda məhsuldarlıq aşağıdır. Ümumiyyətlə Azərbaycan məhsuldarlığı aşağı olan dünya dövlətləri arasındadır. İstehsalı artırmaqla özümüzü tam təmin edə bilməsək də, təminatı yaxşılaşdırmaq mümkündür. Misal üçün, işğaldan azad edilmiş ərazilərdə münbit torpaqlarda istehsala başlamaq mümkündür. Bundan başqa, vətəndaşlar da israfçılığa yol verməməlidirlər”.



Ana səhifəyə qayıt        Baxış: 3 269          Tarix: 4-01-2022, 20:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma