Xəbər lenti

“Yeniyetmələrin məktəbdəki hərəkətləri ailədaxili konfliktərdən qaynaqlanır”

Son vaxtlar orta məktəblərdə baş verən neqativ hallarla bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan videolar və bu mövzuya dair müzakirələr xeyli artıb. Demək olar ki, hər gün sosial şəbəkələrdə hansısa məktəbdə yeniyetmələrin qeyri-etik davranışlarını, müəllimlərin şagirdlərə qarşı şiddət göstərməsini, direktorların rüşvət istəməsini və s. əks etdirən görüntülər paylaşılır.

Bu görüntülər cəmiyyət arasında da yaxşı qarşılanmır və insanların narazılığına səbəb olur. Amma insanların bu hadisələrə münasibəti bir qədər fərqlidir. Cəmiyyətin müəyyən bir hissəsi müəllimi və valideyni günahlandırırsa, digər hissəsi də problemin səbəbini Təhsil Nazirliyində görür. Təhsil Nazirliyinin isə bu hadisələrə bir qədər etinadsız yanaşması cəmiyyətin haqlı narazılığını bir qədər də artırır.

Məsələn, elə götürək bir neçə gün öncə sosial şəbəkələrdə 165 nömrəli orta məktəbdə dərs zamanı şagirdlərin qeyri-etik davranışlarını əks etdirən görüntülərin yayılmasını. Təhsil Nazirliyinin baş verənlərə ilk münasiəti o oldu ki, “bu hadisə Azərbaycanda baş veməyib”.

Görüntülərin paytaxt məktəblərindən birində çəkildiyi ortaya çıxandan sonra isə 43 illik pedaqoji təcrübəsi olan Nərgiz İsmayılovaya töhmət verildi, şagirdlər direktor otağına çağırıldı və beləcə də məsələ bağlanmış oldu. Bu hadisələrin fonunda hazırda nə müqəddəs yer adlandırdığımız məktəbdən nə də ilahı varlıq hesab etdiyimiz müəllim nüfuzundan əsər-əlamət qalmayıb. Çünki qeyd etdiyimiz nüansların hər biri təhsil ocağının və müəllimin dəyərini cəmiyyətin gözündən salır.

Qeyd edək ki, müəllim-şagird münasibətlərində xoşagəlməz hallar bütün dünyada, hətta inkşaf etmiş ölkələrin məktəblərində də baş verir. Amma təhsil sahəsində uğurlu islahatlar aparan ölkələr sistemli fəaliyyət, müxtəlif cəza və maarifləndirici tədbirlər nəticəsində belə halların sayını azaltmağı bacarır. Azərbaycanda isə Təhsil Nazirliyi bütün günahı bir şəxsin üzərinə yıxaraq, problemi həll etməyə çalışır.

Təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, dərsi pozan şagird və tələbələrə qarşı qanunvericilikdə inzibati cəzalar mütləq şəkildə öz əksini tapmalıdır: “Bu cəzalar şagirdin, tələbənin maddi cəhətdən cəzalanması, dərsdən kənarlaşdırılması, müəllimlə problemi olduqda şagirdin sinfinin dəyişdirilməsi ola bilər. Bəzi ölkələrdə şagirdin, tələbənin dərsə davamiyyəti və digər hallarla bağlı problemlər yarandıqda onlar orta və ali məktəblərə müəyyən miqdarda pul köçürürlər”.

Ekspert qeyd edib ki, müəllimin şagirdə əl qaldırması pedaqoqa yaraşmayan haldır: “Müəllim öz şagirdinə müxtəlif üsullarla təsir edə bilər. Məsələn, şagirdin valideynini məktəbə dəvət edə, şagirdin özü ilə fərdi söhbət apara, hadisənin başvermə səbəbini aydınlaşdıra bilər. Məktəblinin təhsil müəssisəsində zorakılığa məruz qalması qəbulolunmaz haldır. Ona görə də, dərsi pozan şagirdin cərimə formasında cəzalandırılmasını dəstəkləyirəm. Amma cəza növlərinin tətbiqindən daha çox, şagird və müəllim arasında arzuolunmaz halların baş verməməsi üçün təkliflər hazırlamaq lazımdır. Əvvəlcə araşdırmaq lazımdır ki, müəllim və şagird arasındakı konfliktlərin səbəbi nədir? Bu səbəblər aşkar olunduqdan sonra konfliktlərin qeyri-konstruktiv yolla həllinin qarşısının alınması üzərində düşünmək lazımdır. Müəllimin peşəkarlığı elə həddə olmalıdır ki, bu konflikt qeyri-konstruktiv yolla həllini tapmasın. Düşünürəm ki, belə olan halda bu cür arzuolunmaz halların qarşısı alına bilər. Tədris prosesini düzgün təşkil etmək üçün isə ilk növbədə nəzarət mexanizmini gücləndirmək lazımdır. Bu amil əsas götürülərək məktəblərdə direktor da daxil olmaqla rəhbər heyət müəllimlərin dərslərində iştirak edib, çətinliklərini öyrənib, lazımi tövsiyələr verməlidir. Eyni zamanda məktəbdə kollektivçilik hissini yüksəltmək üçün mütəmadi tədbirlər təşkil olumnmaldır”.

Psixoloq Gülər Məmmədova isə “AzPolitika.info”-ya şərhində bildirib ki, yeniyetməlik dövrünün özünəməxsus simptomları mövcuddur: “Bu yaşda uşaqlar müəyyən psixoloji gərginliklər yaşayırlar. Ona görə də, bu hərəkətləri məntiq əsasında yox, duyğuları əsasında edirlər. Yeniyetmələrin belə hərəkətlər etmələrinin bir çox səbəbi var. Məsələn, qarşılıqlı münasibətlər, ailədaxili konfliktlər, fizioloji inkşaf və s. Bu yaşdakı uşaqları başa düşmək və onlara yaxından kömək etmək lazımdır. Bəzən valideynlər onları kimin müşahidə etdiynə fikir vermədən, övladlarının yanında nə gəldi danışırlar ki, bu da uşağın psixologiyasına mənfi təsir edir. Ona görə də, bir çox hallarda yeniyetmələrin məktəbdəki hərəkətləri ailədaxili konfliktərdən qaynaqlanır”.

Psixoloq qeyd edib ki, şagirdlərin sinifdə davranış pozuntularına yol verməsi müəllimin peşəkarlığından da aslıdır: “Məsələn, hər dərsdə bunu edə bilməyən şagird nədənsə laqeyd olan, müəyyən mənada şagirdi boş buraxan, işinə etinasız yanaşan müəllimlərin dərsində bu cür hərəkətlər edirlər. Digər dərslərdə isə bunu edə bimirlər. Çünki digər müəllimin hadisələrə baxışı, təsir dairəsi, pedaqoji təcrübəsi buna imkan vermir. Əslində, etinasız müəllimlərin töhmət alması olduqca məqbuldur. Çünki bu yaş dönəmində müəllimdən zərgərlik dəqiqliyi tələb olunur ki, şagirdə o yaşı atlatmağa köməklik göstərsin. Əgər müəllim başqa bir işlə məşğul olub, şagirdi diqqətdən kənarda saxlayırsa bu, onun tərbiyə baxımdan da inkşafına mənfi təsir göstərəcək. Çünki bu yaşdakı uşaqlar mütləq şəkildə idarə olunmalıdırlar. İdarə olunmadıqları zaman davranış pozuntularına yol verərək, enerjini bədənlərindən xaricə çıxarmaq istəyirlər. Diqqət çəkmək, güldürmək, digər uşaqların liderinə çevrilmək üçün gözlənilməz, çılğın, heç kimin ağlına gəlməyən ifadələrlə dolu hərəkətlər etməyə can atırlar. Çünki bu yaş dövrü özünü doğrultmaq, təsdiq etmək və ətrafa tanıtmaq dövrü olur”.



Ana səhifəyə qayıt        Baxış: 2 894          Tarix: 1-02-2022, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma