Xəbər lenti

 
Kim nə deyirsə desin, idarəçiliyini əsla bəyənmədiyimiz Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun gözəl xüsusiyyətləri də yox deyil. Bunlardan biri də onun formal olsa belə, milli ideyalara bağlı şəxs kimi özünü aparmasıdır. Təsadüfi deyil ki, Vasif müəllim incə düşünülmüş siyasətlə Naxçıvandan türk izini silməyə çalışsa da, rəsmi çıxışlarında bu məmləkəti “Oğuz yurdu” adlandırır. Bir növ yağmasa da, guruldayır. Özü də elə-belə yox, gur-gur guruldayır. Baxmayaraq ki, onun yürütdüyü siyasətlə gurultusunu tutuşduranda “dovşana qaç, tazıya tut deyir” atalar sözü hasıl olur, amma bütün hallarda “cənab sədr” bəzi incə mətləblərin bu qədər açıq-aşkar ortaya saçılmasını da istəməz. Di gəl ki, onun “tut” əmri verdiyi məmurları “Xan” həzrətlərinin gözlədiyi qədər peşəkar deyillər. Adamlar bəzən əmrləri elə kobud şəkildə yerinə yetirirlər ki, yürüdülən bütün siyasətlərin içüzü ortaya çıxır.
 
Məsələn, 44-günlük Vətən müharibəsi dövründə Naxçıvan Ali Məclisinin sədri ölkəmizin digər bölgələrinin yerli rəhbərlərindən öz vətənpərvərliyi seçilməyə çalışırdı. Müharibə dövründə adına layiq cəsarət ortaya qoyan Naxçıvan xeyli igid oğullarını itirmiş, hər gün çox sayda şəhid cənazəsi qarşılamalı olmuşdu. Muxtar Respublikanın ölməzlik qazanan oğullarının pişvazına isə Vasif müəllimin şəxsən özü çıxır və şəhid ailələrinə ürək-dirək verirdi. 


Vasif Talıbov şəhid ailəsinə ev hədiyyə edərkən
 
Üzərindən hardasa ilyarım keçəndən sonra Naxçıvandan aldığımız şikayət məktubları isə istər-istəməz insanda şəhidlərə və şəhid ailələrinə göstərilən diqqətin ya saxta olduğunu, ya da Muxtar Respublikada “Cənab Sədr”in həssasiyyətinə önəm verilmədiyini qənaəti formalaşdırır. Sözsüz ki, hansı ehtimalın daha doğru olduğunu əldə etdiyimiz məlumatların ictimailəşdirilməsindən sonra Naxçıvanda atılacaq addımlar müəyyənləşdirəcək. Şikayət məktublarında isə əsasən Ordubad rayonunda icra başçısı Elşad Məmmədovun, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun və onun müavini Aysel Zeynalabdinovanın adı hallanır.
 
Ovqat.com-a göndərilən məktublardan birində deyilir:
 
“01.07.2017- ci il tarixdə Naxçıvan MR  Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov vəzifəsindən azad edilərək Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi. Aysel Zeynalabdinova isə bir neçə ay əvvəl Kamal Cəfərova müavin göndərildi. 
 
İkinci Qarabağ müharibəsində Azərbaycanın bir çox igid oğlu qəhrəmancasına şəhid oldu. Şəhidlərin içərisində Naxçıvan  Muxtar Respublikasından olanlar da kifayət qədər idi. Şərur rayonu Naxçıvanın ən böyük rayonu olduğundan oradan da bir çox qəhrəman oğlumuz şəhidlik zirvəsinə yüksəldi. Müharibə dövründə şəhidlər Naxçıvana gətiriləndə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov onları şəxsən qarşılayırdı. Hətta Vasif Talıbov şəhid ailələri ilə şəxsən görüşürdü. Əlbəttə ki, bu təqdirəlayiq addım idi. Vasif Talıbovun bu addımına sadəcə olaraq alqış düşür. 


Vasif Talıbovun nadir müsbət keyfiyyətinə kölgə salan icra başçısı Kamal Cəfərov
 
Lakin təəssüflər olsun ki, Şərur rayonunda şəhid ailələrinə qarşı özbaşınalıq hökm sürür. Bəzi şəhid ailələri var ki, həqiqətən də sosial durumları acınacaqlı vəziyyətdədir. Buna görə bir neçə şəhid ailəsi iş məqsədi ilə Şərur Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciət edən şəhid ailələrini qarşılayan Kamal Cəfərov və Aysel Zeynalabdinova onlara iş olmadığını bildirmişlər. Lakin şahid ailələri araşdırma apararaq növbəti görüşlərində İcra Hakimiyyəti nümayəndələrinin diqqətinə çatdırıblar ki, bəs filan təşkilatdakı filan vəzifələr vakantdır. Kamal Cəfərov və Aysel Zeynalabdinova isə onlara cavab veriblər ki, həmin vakant vəzifələrə artıq bir neçə qazinin ailə üzvləri işə götürülüb”. 
 
İnformasiya mənbəmiz isə icra hakimiyyəti nümayəndələrinin şəhid ailələrini aldatdıqlarını iddia edir: “Bildirmək istəyirik ki, Kamal Cəfərov və onun müavini Aysel Zeynalabdinova yalan deyir. Heç bir qazi ailəsi o vəzifələrə təyin edilməyib. Həmin vəzifələrə rüşvət qarşılığında öz adamlarını təyin ediblər. Ali Məclisdən ətraflı araşdırsalar həmin şəhid ailələrinin kim olduqlarını tapa bilərlər. Yox əgər tapa bilməsələr növbəti yazımızda biz həmin şəhid ailələrinin adlarını açıqlayacağıq.


 Kamal Cəfərovun müavini Aysel Zeynalabdinova

Şərur İcra Başçısı Kamal Cəfərovun və onun müavini Aysel Zeynalabdinovanın bu iyrənc və vicdansız addımı heç də xoşa gələn deyil. Bu adı çəkilən iki şəxsin şəxsi mənafeləri naminə törətdikləri iyrənc əməllərə görə şəhid ailələri dövlətdən narazı qalırlar. Kamal Cəfərovuv və onun müavini A.Zeynalabdinovanın bu addımları məqsədsiz olaraq atmadığı məlumdur”.
 
Məktubdan belə anlaşılır ki, müəllif, icra başçısını yaxından tanıyan şəxsdir və ona xüsusi ismarış göndərməyi də unutmayıb:
 
“Son olaraq çox hörmətli Kamal müəllimə demək istərdik ki, seyidlər nəslindən olan kolleqasının başına gələn müsibət, görünür, Kamal müəllimə dərs olmayıb. Çünki Kamal müəllim deyəsən hələ də özünü “UŞAQ BAĞÇASI”nda hiss edir”.
 
Redaksiyamıza ünvanlanan ikinci məktub Ordubad rayonunda icra başçısı Elşad Məmmədov barəsindədir. İddia olunur ki, Ordubadın çörəyini yeyən bu adam rayonun şəhidlərinə zərrə qədər də hörmət etmək niyyətində deyil. Vəziyyət o həddədir ki, Ordubada hətta şəhid ailələrinə öz övladlarının adlarını əbədiləşdirməsinə belə icazə verilmir. Baxmayaraq ki, şəhidlərin adlarını əbədiləşdirmək dövlət orqanlarının 1 nömrəli vəzifəsidir:


 
2-ci Qarabağ savaşında Ordubad rayonu 13 nəfər igid oğlunu şəhid verib. Onlardan biri də Ordubad Rayon Düylün kənd sakini 01.02.1987-ci il təvəllüdlü mayor Asiman Əliyevdir. Asiman Əliyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid olduqdan sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 
 
Asiman Əliyevin qardaşı Elsevər Əliyev öz maddi vəsaiti hesabına Düylün kəndində qardaşının və Ordubad rayonunun digər şəhidlərinin əziz xatirəsinə abidə tikdirmək istəsə də Ordubad rayon İcra Başısı Elşad Məmmədov buna icazə vermir. Elsəvər Əliyev bu barədə dəfələrlə rayon İcra hakimiyyətinə müraciət etsə də Elşad Məmmədovu fikrindən döndərmək mümkün olmayıb. Rayon İcra başçısının şəhidlərə qoyulacaq abidəyə verdiyi kəskin reaksiya isə anlaşılan deyildir. Bu səbəbdən Elsəvər Əliyev məsələni sosial şəbəkələrdə ictimailəşdirib.


 
Həqiqətən də Elşad müəllimin şəhidlərə qarşı aqressiyasını başa düşmək çətindir. Bu mövqeni Kəngərli rayon İcra Başısı ata nənəsi erməni olan Kamal Ələkbərov (Paho, deyəsən torbada özgə pişik də var! - Ovqat.com) tutsaydı yenə başadüşülən olardı”, - deyə şikayət məktubunda qeyd olunur.





Ana səhifəyə qayıt        Baxış: 6 815          Tarix: 7-02-2022, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma