Xəbər lenti

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları səyyar tədqiqatlar apararaq bir sıra elmi uğurlar əldə edə bilərdilər. Əgər 2015-ci ildə yekunlaşmış layihə əsasında əldə olunmuş 200 min ABŞ dolları dəyərində “Mersedes” markalı avtomobil üzərində yerləşdirilmiş səyyar (mobil) Aqrar Laboratoriya bu günədək AMEA-nın Torpaqşünaslıq və Aqrokomya İnstitutunun həyətində istifadəsiz vəziyyətdə qalmasaydı.

Bu barədə TNS-ə institutun bir qrup əməkdaşı məlumat verib.

Torpaqşünaslıq və Aqrokomya İnstitutundan TNS-in sorğusuna cavab olaraq bildirilib ki, dəfələrlə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, bu avtomobil Elmin İnkişafı Fondunun balansından AMEA-nın balansına köçürülməyib.

“Artıq avtomobildə quraşdırılan kompüter proqramı köhnəlib, maşın isə açıq hava şəraitində qaldığından bərbad vəziyyətə düşüb. Halbuki, bu avtomobillə biz fermerlərə yaxından məsləhət verə, torpaq nümünələri götürməklə, lazım ola biləcək gübrə ehtiyacını dəqiqləşdirməklə torpağı kimyəvi çirklənmədən qorumağa və gübrələri qənaətlə işlətməyə nail ola bilərdik. Nəticədə, biz instituta əlavə gəlir gətirməklə alimlərin gücündən səmərəli istifadə edə bilərdik”, - institutdan bildirilib. 

Bəs həmin avtomobil niyə indiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun balansında saxlanılıb? Avtomobil fondun balansındadırsa, AMEA-nın adıçəkilən institutunun həyətində niyə istifadəsiz vəziyyətdə qalıb?

Bununla bağlı Elmin İnkişafı Fondu ilə əlaqə saxladıq. Əvvəlcə rəhbərliyin iş yerində olmadığını bildirərək suallara cavab verməkdən imtina etdilər. Sonra bizi icraçı direktorun köməkçisi Nigar Vahabzadəyə yönəltdilər. Nigar xanım bu işlə məşğul olan əməkdaşın iş yerində olmadığını bildirərək bir neçə saatdan sonra bizimlə əlaqə yaradılacağına söz verdi. Xeyli gözlədikdən sonra təkrar Elmin İnkişafı Fondu ilə əlaqə saxladıq. Bu məsələ ilə məşğul olan Nərmin xanımın cavabı bizim üçün gözlənilməz oldu: “Bu məslənin sizə nə aidiyyatı var”.

Ona informasiya almaqla bağlı hüquqlarımızı, bu sahədə qəbul olunmuş qanunları xatırlatdıqdan sonra aldığımız cavab daha gözlənilməz oldu: “Bu, dövlət əhəmiyyətli sualdır, biz cavab verə bilmərik”.

Görəsən, bir avtomobilin bir qurumun balansından çıxarılıb digər qurumun balansına salınması, yaxud nəyə görə istifadəsiz vəziyyətdə qalmasını öyrənmək necə bir dövlət sirridir ki, Fond bunu dövlət əhəmiyyətli məsələ hesab edir.

Biz çox sadə bir sualla müraciət etdiyimiz qurumdan aqressiv cavab aldıq. Görünür, vercək cavabları yoxdur. Əgər bunun bir cavabı olsaydı, 200 min ABŞ dolları dəyərində olan avtomobil institutun həyətində bərbad vəziyyətə salınmaz, elmimizə fayda verərdi. İnanırıq ki, əlaqədar qurumlar bu məsələni araşdıracaq, problemin nədən qaynaqlandığını ortaya çıxaracaqlar.



Ana səhifəyə qayıt        Baxış: 2 714          Tarix: 11-02-2022, 15:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma