Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya institutunun keçmiş direktoru Əlövsət Quliyevə işdən çıxarıldığı ərəfədə xəstəlik kağızı verən həkimə Səhiyyə Nazirliyindən zəng edilib və ondan hansı məqsədlə bu sənədə qol çəkdiyinin hesabı sorulub. Həkim çətinliklə də olsa Nazirlik rəsmilərini başa sala bilib ki, xəstəyə xəstəlik kağızı vermək onun peşə borcudur və həmin vaxt həqiqətən də Əlövsət müəllim ağır vəziyyətdə olub: xəstə olduğu dövrdə Əlövsət müəllimin səhhətini yoxlamaq üçün bir dəfə təcili yardım maşını gəlib, digər günlərdə isə evdə stasionar müalicə alıb. Mütəmadi olaraq həkim ilə telefon əlaqəsində olub.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, bütün bunlara baxmayaraq, həkimin işdə qalıb-qalmaması təhlükəsi hələ də tam sovuşmayıb. Həkimi və onun işlədiyi poliklinikanın baş həkimini yaxın günlərdə Nazirliyə çağırıb, barələrində verdikləri hökmü üzlərinə oxuyacaq.
Təəccübləndinizmi? Qətiyyən təəccüblənməyin. Çünki Azərbaycanda qocaman kadrların rəhbərlik etdiyi dövlət orqanlarını köhnə qvardiyanın Baş komandanı (el arasında adına “Boz kardinal” da deyirlər) idarə edir və bu orqanlarda olub-bitənlərə yalnız o qərar verir. Koronavirus pandemiyası dövründə “yağlı əppək olub ərşə çəkilən” Səhiyyə naziri Oqtay Şirəliyevin isə bu ilin avqust ayında 71 yaşı tamam olacaq. Köhnə qvardiyanın baş komandanından xeyli cavan olsa belə, o da qocaman kadrlardan sayılır. Dolayısıyla həmin qvardiyanın əmrə müntəzir əsgərlərindəndir.
Doğrusu, artıq ilyarımdır, Prezident İlham Əliyev tərəfindən boynuna ən yüksək dövlət nişanı keçirilərək yola salınmış və inzibati fəaliyyətdən uzaqlaşdırılmış bu adamın hələ də Səhiyyə Nazirliyində sözünün bu qədər keçdiyinə biz də inanmazdıq. Odur ki, aldığımız xəbəri dəqiqləşdirmək üçün AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə üz tutduq. Dəyərli professor da qulağına belə bir xəbərin çatdığını, amma əlində maddi sübutlar, dəlillər olmadan heç vaxt eşitdiklərini şərh etmədiyini bildirdi. Bununla belə, onun bizə anlatdıqları elə həqiqətlər oldu ki, Səhiyyə Nazirliyinin öz peşə borcunu yerinə yetirdiyi üçün həkimi danlaması bu məlumatların yanında toya getməli, türklər demişkən, dəvədə qulaq idi.
Alimlə mini-müsahibə kimi alınan söhbətimizin maraqlı hissələrini təqdim edirik. Söhbətə keçməmişdən əvvəl, müsahibimiz haqqında bir neçə kəlmə.
Əlövsət Quliyev - AMEA müxbir üzvü, professor, AMEA Torpaqşünaslıq və Aqrokimya institutunun keçmiş direktoru.
AMEA-da İnstitut direktoru işlədiyi 5 il ərzində 4 dəfə fəxri fərman, Yübiley medalı və pul mükafatı alıb. 13 kitabın və 165 elmi əsərin müəllifi, UNESCO-nun üzvüdür.
-Əlövsət müəllim, nə baş verdi ki, birdən-birə AMEA-da sizə qarşı repressiyalar başladı?
-Mənə və rəhbərlik etdiyim Torpaqşünaslıq və Aqrokimya institutuna qarşı ögey münasibət indi başlamayıb. Mən o instituta rəhbərlik etdiyim dövrdən indiyədək həmişə ögey münasibətlə üzləmişəm. Əldə etdiyim uğurların bir çoxuna şəxsi təşəbbüsüm və işgüzarlığımla nail olmuşam. Təsəvvür edin ki, son beş ildə AMEA tərəfindən rəhbərlik etdiyim institutun elmi işləri üçün bir manat da pul ayrılmayıb. Eyni zamanda heç bir layihələrimizin reallaşmasına imkan verilməyib. Mənə normal şəraitdə işləməyə imkan verilməyib, beş ildə dörd dəfə yoxlama aparılıb. Nəticələr onlar üçün əhəmiyyət kəsb etmədiyi üçün müzakirə edilməyib.
-Yəni əleyhinizə tutarlı heç bir fakt tapılmadığı üçün müzakirəyə ehtiyac görməyiblər?
-Bəli. Mən sizə mənə qarşı yaradılmış maneəçiliyə aid bir fakt söyləyim. 2015-ci ildə yekunlaşmış layihə əsasında əldə olunmuş 200 min ABŞ dolları dəyərində Mersedes markalı avtomobil üzərində yerləşdirilmiş səyyar (Mobil) Aqrar Laboratoriya bu günədək institutun həyətində durur. Dəfələrlə yazılı və şifahi müraciətlərimə baxmayaraq, bu avtomobil Elmin İnkişafı Fondunun (EİF) balansından AMEA-nın balansına köçürülməyib. Artıq maşındakı kompüter proqramı da köhnəlib, maşın isə açıq hava şəraitində qaldığından bərbad vəziyyətdə düşüb. Budur EİF və AMEA-nın mənə köməyi?! Halbuki bu avtomobillə biz fermerlərə yaxından məsləhət verə, torpaq nümünələri götürməklə lazım ola biləcək kübrə ehtiyacını dəqiqləşdirməklə, həm torpağı kimyəvi çirklənmədən qorumağa və gübrələri qənaətlə işlətməyə nail ola bilərdik. Nəticədə biz instituta əlavə gəlir gətirməklə alimlərin gücündən səmərəli istifadə edə bilərdik.
FOTOLARDA: MERSEDES MAŞIN AQRAR LABORATORİYA
-Bu barədə yuxarıları niyə məlumatlandırmayıbsınız?
-Dəfələrlə məlumatlandırmışam. Bu məsələyə dair mütəmadi şikayət məktubları yazsam da, Biologiya və Tibb elmləri bölməsindən (BTEB) bizə heçbir kömək olmayıb. BTEB rəhbərləri yalnız təzyiq metodundan istifadə edərək mənim işdən çıxarılmağımı və yerimə akademik Qərib Məmmədovun gətirilməsini qarşılarına məqsəd qoymuşdular. Bunun üçün işlədiyim beş ildə institutda 4 dəfə yoxlama keçirsələr də, nəticələri mənə göstərilməyib, onlarla tanış olmamışam. Yoxlama nəticələrində mənim imzam yoxdur. Beləliklə Rasim Ağasiyev, Qərib Məmmədov və bölmə rəhbərləri məqsədlərinə nail ola bilməmişlər. Bir aydan çoxdur Səbayel və Yasaamal məhkəmələrinə müraciət etmişəm. Proses gedir...
-Eşitdiyimə görə, AMEA-nın prezidenti Ramiz Mehdiyev sizi sövdələşməyə çağırıb. Sövdənizin axırı necə bitdi?
-Heydər bəy, məni tanyan adamlar bilirlər ki, haqq-ədalət olan yerdə mən heç bir sövdəyə gedən biri deyiləm. Bəli, dediyiniz kimi, AMEA-dan mənə dəfələrlə təklif edirdilər ki, şikayətini geri götür, biz sənə iş verərik deyirlər.Nə qədər hörmətim olan adamlar var, məndən bunu xahiş edirdilər. Mənim isə bir tələbim vardı: məni əsassız yerə; alimə yaraşmayan hərəkətlərdə, səriştəsiz rəhbərlikdə, sosial-psixoloji şərait yaratmaqda və s. sahədə mətbuatda rüsvay edən Rasim Ağasiyevi, Qərib Məmmədovu, bölmə rəhbərləri, xəstə olduğum dövrdə saxta qərarla işdən çıxarılmağıma səbəb olan, akademik Ramiz Mehdiyevə yalan deyən günahkarlar cəzalandırılmalıdır. Deyirdim ki, nə zaman ki, akademik Ramiz müəllim Rasim Ağasiyevin və Qərib Məmmədovun, bölmənin beş il ərzində mənə qarşı yaramaz əməllərinə son qoyar, onda akademiyada da ədalət bərpa olunar, bununla da iş bitər.
-Sizcə, bu sövdə deyil?
-Yox, bu, ədalətin bərpasıdır. Bir də, düzü, mənim qalmaqaldan xoşum gəlmir. Çünki yaşımın və elmi yaradıcılığımın elə dövrüdir ki mən yalnız gənclərin elmə sahib çıxmağına dəstək verməl istəyirəm...
-Belə çıxır ki, Ramiz Mehdiyevlə görüşməyibsiniz?
-Görüşmüşəm. Bir neçə gün öncə akademik Ramiz Mehdiyevin məni qəbula çağırdığını eşitdim. Çox sevindim! Düşündüm ki, nəhayət, məni qəbul edəcək. Ona görə ki, onun gəlişi ilə mən Yubiley medalı ilə təltif olunmuşdum. Görüş yüksək səviyyədə getdi, mən akademik Qərib Məmmədovun institutun elmi katibinin hüzr yerində mənə göstəriş verdikdə əks cavab aldığı vaxt dediyi sözləri ona çatdırdım. Qərib Məmmədov mənə "Kifayət miqdarda pulum var, səni məhv edərəm, bu institut mənimdir", - demişdi. Sonra işlədiyim dövrlərdə Ağasiyev Rasimin və Qərib Məmmədovun mənim başıma gətirdikləri müxtəlif problemlərdən də danışdım. Dediklərimi səmimi qəbul etdi. Daha sonra çağrılmağımın səbəbini anladım. Məndən ərizəmi geri götürməyimi istədi, ondan sonra isə mənə hardasa akademik Qərib Məmmədovun tabeliyində bir iş verəcəkdi. Halbuki, məni elmi işçi vəzifəsindən kənarlaşdırmış Qərib Məmmədov Yasamal məhkəməsinə cavab verməkdədir. Mən də Ramiz Mehdiyevə dedim ki, “xəstə olduğum vaxt haqqımda verdiyiniz qərar və Ağasiyev tərəfindən tətbiq edilmiş ƏM 70 Ç bəndi ömrünü elmə həsr etmiş bir alimə təhqirdir. Onları düzəldin, ondan sonra mən - onsuz da sizin əlinizdən və təzyiqinizdən bezmişəm - işdən çıxma ərizəmi verərəm”. Belə də ayrıldıq.
Səhəri gün məni Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korropsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət etdilər. Gözlərimə inanmadım, Azərbaycan "torpaqlarında böyük islahat keçirmiş", yarıtmaz işinə görə işdən çıxarılmış sonradan instituta direktor keçmiş Qərib Məmmədovun imzası ilə mənim barəmdə Korrursiyaya Qarşı Mübarizə İdarəsinə edilmiş şikayət məktubunda ("29.01.2021 tarixli) akademik Ramiz Mehdiyevin müraciəti (01.02.21.tarixli) də vardı. Faktiki, bu müraciətin əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mənim əleyhimə məktubun verildiyini gördüm.
-Nə hisslər keçirdiniz o an? Bir gün əvvəl qarşılaşdığınız baş akademiklə bir gün sonra kəşf etdiyiniz Ramiz Mehdiyev arasındakı fərq sizi təəccübləndirdimi?
-Təbii ki, təəccübləndim. Ömrümdə nə zamansa hüquq mühafizə və prokuror orqanlarına yaxud korrupsiya idarəsinə dəvət olunmağım yadımda deyil. Məqsədi nədir, bilmədim. O anda yadıma Qərib müəllimin sözü düşdü. Onun Rasim Ağasiyevin əli ilə mənim problemlərə qoşulmağımın səbəbi polis orqanlarından qovulmuş adamların maraq sevgisindən qaynaqlandığını düşündüm. Sonra da eşitdim ki, Rasim Ağasıyev akademiyada ayrı-ayrı direktorlara təzyiq edərək onlardan aylıq alırmış. Mən indi başa düşürəm ki, akademiyada mənim elmimə, kitablarıma, gördüyüm işlərə görə yox Rasimin əlinin altından keçib-keçməmək məharətinə qiymət verilirmiş. Mən də bunu bacarmıram.
-Maraqlıdır, belə anlaşılır ki, Ramiz Mehdiyev sizinlə görüşməmişdən xeyli əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edibmiş. Bəs nə üzlə sizi sövdələşməyə çağırıbmış?
-Bəli, o, məni əvvəl Korrupsiyaya vermiş, ondan 19 gün sonra isə qəbula çağırmışdı. Mən də Ramiz müəllimi başa düşə bilmirəm. Sual olunur: mən onların dediyinə qəbul edib ərizəmi geri götürsəydim, hörmətli akademik qərarını və şikayət məktubunu geri götürəcəkdimi? Buna siz inanırsınızmı? Mən də inanmadım. Azərbaycanın hüquq orqanlarının müqəddəs qanunlarına istinad edərək düzgün qərar verəcəyinə güvənirəm.
AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin Torpaqşünaslıq və Aqrokimya institutunun direktoru işlədiyi dövrdə bütün maneələrə baxmayaraq, gördüyü işlərdən bəziləri:
1. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi altında AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun "Çuxurdərə gölləri və Keçmiş Yod Brom zavodu ərazilərində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair "Landşaftın bərpası"layihəsininin elmi əsaslarla öyrənilməsi və onun metodologiyası və nəhayət layihəni naturaya çevriməsinə nail olunmuşdur. Layihə bitdikdən sonra ölkə prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Keçmiş Yod Brom zavodu ərazisində ağac əkmişlər. Yekunda isə "Çuxurdərə gölləri, Keçmiş Yod Brom zavodu- dünəni və bu günü " kitab nəşr edilmişdir.
2. Torpaqşünaslıq və Aqrokimya institutu “Azərsu” ASC Hövsan Aerasiya Stansiyası məişət tullantılarının lil çöküntülərindən üzvi əsaslı biogübrə alınmasına nail olunmuşdur. Bu gübrə texniki bitkilərəmeşə vəyaşıllıq ağaclarına, pambıq və tütün sahələri üçün nəzərdə tutularaq, sınaqdan keçirilmiş, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyini yaşıllaşdırma təsərrüfatlarında çox yaxşı nəticə vermişdir. İqtisadi əhəmiyyəti: xaricdən dollarla alınır bahadır. Bizim aldığımız gübrə ondan 4 dəfə ücüz, tətbiq müddəti isə üç ildə bir dəfə. Ehtiyatı da milyon tonlarladır.
3. Torpaqşünasliq və Aqrokimya institutu Kür çayi deltasında toplanan lildən yüksək təsir gücünə malik gübrənin əldə edilməsinə nail olunmuşdur. Kür çayıdeltasındaqida maddələri ilə zəngin xammal ehtiyatı vardır. Lilin tərkibində üzvü maddənin 30-35%, humusun isə 12-14% olduğu müəyyən edilmişdir. Hər il Kür cayının deltası təmizlənərkən milyon tonlar lil ehtiyatları çay ətrafı ərazilərdə tullantı kimi yığışıb qalmaqdadır. Lilinin yeni gübrə hazırlamaq üçün çox qiymətli xammal olduğu müəyyən edilmişdir. İnstitutun laboratoriyalarında xususi texnologiyaların tətbiqi ilə Kür çay deltasının lilindən gübrə əldə edilmişdir.
4. İstixana tullantilarindan yaşil gübrə əldə edilməsi və tətbiqi
Ölkədə istixana təsərrüfatlarının ümumi sahəsinin təxminən 2500 hektara bərabər olan ərazıdə olduğunu qəbul etsək, onda istixana təsərrüfatının illik yaşıl tullantı həcmi 125 000 - 150 000 tondan çoxdur, bu rəqəm də hər il durmadan artır. İnstitutda istixana tullantılarından yaşıl gübrə əldə edilməsinin kompostlaşdırma texnologiyası işlənib hazırlanmışdır. Yaşıl gübrə tullantı əsaslı olduğu üçün çox ucuz başa gəlir və tərkibində torpağın münbitləşdirilməsi və bitkilər üçün zəruri olan qida maddələri kifayət qədərdir. Kompostlaşdırma prosesinin sürətindən asılı olaraq yaşıl gübrənin hazırlanması 1.5-2 ay ərzində başa gəlir.
5. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə “Azərsu” ASC daxilində AzərSukanal layihə institutu arasında bağlanmış müqavilə əsasında Azərbaycanın Qarabağ və Gəncə-Qazax maili düzənliklərində yayılmış kəhrizlərin tədqiqatı aparılmışdır. Hesablamalara görə 300-350 mln. m3 təmiz və keyfiyyətli kəhriz suyu içmək və suvarma məqsədi ilə istifadə etmək olar. Hazırda işğaldan azad olmuş Cəbrayıl, Füzuli, Ağdam rayonları və Qarabağ ərazisində olan kəhrizlərdən il ərzində 119 milyon kub metrdən çox suvarma və içməli su əldə etmək imkanı vardır.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar