Xəbər lenti
 
 
“Yanvar ayının 2-də 10 SD  478 dövlət qeydiyyat nişanlı, Mercedes-Benz markalı avtomobilim heç bir əsas olmadan yol polisləri tərəfindən “müsadirə” olunaraq cərimə meydançasına aparılmış və indiyədək orada saxlanılmaqdadır. Nəticədə maşındakı 50 kq qovurma xarab olmuş və mənə külli miqdarda zərər dəymişdir”.
 
Hövsan qəsəbəsi sakini Müqabil Abbassoylu Sadiq oğlu Ovqat.com-a göndərdiyi şikayət məktubunda bu iddianı irəli sürür.


 
Onun bildirdiyinə görə, hərdən anadan olduğu Naxçıvan MR Sədərək rayonuna gedir və qayıdarkən yerlilərinin xahişi ilə ordan qovurma gətirir. Gətirdiyi qovurmaları həmyerlilərinə satır, beləcə doğma kəndinə gediş-gəlişinin və ailəsinin çörək pulunu çıxarır. Müqabil Abbassoylunun Sədərəyə son səfəri isə sözün əsl mənasında fiaskoya uğrayıb. Belə ki, o, səfərdən qayıdarkən gətirdiyi 50 kq qovurmanı satmaq üçün Hövsan qəsəbəsinin Füzuli Bayramov küçəsində yerləşən kafeyə  gedib. Kafeni işlədən həmyerlisi ilə 15 dəqiqəlik söhbəti əsnasında yol polisi onun maşınına yaxınlaşıb və maqnitofonu təmir edən köməkçisi Elvar Alıyevi maşından düşürərək avtomobili cərimə meydançasına aparıb. Müqabil Abbassoylu bu hadisədən köməkçisinin onu kafedən çağırmasından sonra xəbər tutub. Dərhal çölə çıxan sürücüyə yol polisi əməkdaşları Elvin Həsənov və Elçin İsmayılov sabah şöbəyə gəlib izahat yazdıqdan sonra maşınını ala biləcəyini söyləyiblər. Beləcə Müqabil Abbassoylunun öz hüquqları uğrunda hələ ki heç bir nəticə verməyən mübarizəsi bu günə qədər davam edir. Vətəndaşın Suraxanı rayon prokurorluğuna etdiyi şikayət artıq geri çevrilib.


 
Müqabil Abbassoylunun bildirdiyinə görə, avtomobilinin ayyarım müddət ərzində cərimə meydançasında günəşin altında saxlanılması nəticəsində 50 kq qovurması xarab olub və ona 3000 min manat dəyərində ziyan dəyib: “Maşındakı 5 vedrədən 3-nün hər birində 14 kq, 2-nin isə hər birində 4 kq olmaqla, toplam 50 kq qovurma var idi. Mən həmin qovurmaların kilosunu 60 manata satıram. Ailəmin çörəyini bu yolla çıxarıram. Dövlət yol polisinin özbaşınalığı nəticəsində 3000 manat pulum batdı, bu işimi davam etdirmək üçün əlimdə sərmayəm də qalmadı. Hüquq mühafizə orqanları isə şikayətlərimə əhəmiyyət vermir, əksinə, DYP mənə 100 manat cərimə kəsib. Hər hansı yol hərəkəti qaydasını pozmadığım halda, sadəcə soyuq olduğundan maşını söndürmədən kafeyə getdiyim üçün mənə kəsilən bu cərimənin hüquqi əsası yoxdur. Hətta olsa belə, həmin cəriməni hadisə yerində də almaq və mənə külli miqdarda maddi zərər vurmamaq da olardı. Heç bir əsaslı səbəb olmadan və vətəndaşa xəbər verilmədən onun maşınını cərimə meydançasına aparmaq nəyə xidmət edir? Asayişimizin keşiyində dayanan polislər niyə vətəndaşı dövlətdən küsdürürlər?”.


 
Qeyd edək ki, Dövlət Yol Polisinin əməkdaşları maşının Elvar Alıyev tərəfindən sürüldüyünü iddia edirlər. Müqabil Abbassoylu isə bu iddia ilə razılaşmır, kafeyə maşınla gəldiyini və soyuq olduğu üçün onu söndürmədiyini, köməkçisi Elvar Alıyevin də həmin vaxt maqnitofonu təmir etdiyini bildirir: “Elvar Alıyev gənc oğlandır. Gündə 5-10 manat pul qazansın və evinə dəstək olsun deyə, onu yanıma götürmüşəm. Elvar heç bir zaman mənim maşınımı sürməyib və yeri gələndə mən bunu ona etibar da etmərəm”. 


Ana səhifəyə qayıt        Baxış: 4 040          Tarix: 16-02-2022, 07:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma