Xəbər lenti

 
Naxçıvan tarixən zülm ocağı olub. Təsəvvür edin ki, bu diyarda zülm elə ərşə dayanıb ki, haqqındakı rəvayətlər müqəddəs kitabımız Qurani-Kərimə belə düşüb. Hətta Quranın bir surəsi Naxçıvan zülmünün adı ilə anılıb: Əshabi-Kəhf.
 
İslam rəvayətlərinə görə, Naxçıvandakı zülmün əbədi simvolu sayılan Əshabi-Kəhf mağarası Dəqyanus adlı zalım bir padşahın əlindən qaçan 6 gəncin son sığınacaq yeri olub. Allah onları Dəqyanusdan qorumaq üçün bu mağarada 300 il yatırdıqdan sonra ikinci dəfə dünyaya gətirib. Bu o zaman baş verib ki, Dəqyanus krallığı süquta uğrayıb və gənclərin həyatı üçün real təhlükə aradan qalxıb. Di gəl ki, gənclər 300 ildən sonrakı həyata belə uyğunlaşa bilməyib və yenidən həmin mağaraya sığınıb Allahın inayəti ilə qeybə çəkiliblər. Çünki 300 ildən sonra da bu diyarda adı fərqli olan bir başqa Dəqyanus hökmranlıq edib
 
Tarixçilərin mülahizələrinə görə, Qurani-Kərimdə adı keçən kral Dəqyanus bizim eradan əvvəl 522–486-cı illərdə hökmranlıq etmiş İran şahı I Daradır. Bu mülahizə doğrudursa, deməli Naxçıvanla simvollaşmış Əshabi-Kəhf zülmü bu il 2500 illik yubileyini qeyd etməlidir. Zira bu 2500 ildə Naxçıvanda dəyişilən heç bir şey yoxdur. Bu gün də “Dəqyanus” Muxtar Respublikasının sakinləri eyni zülmdən baş götürüb başqa ölkələrə qaçır və orada qeybə çəkilirlər. Özü də 2500 ildən əvvəlki dövrdən fərqli olaraq bu gün Naxçıvandan qaçanların sayı barmaqla hesablana bilməyəcək qədər böyükdür. Bəlkə də “Dəqyanus Muxtar Respublikası” əhalisinin yarıdan çoxu – yüzminlərlə sakini cəlai-vətən olub. Üstəlik, qaçanlar təkcə cavanlar da deyil. Qocalar, orta yaşlılar da bu zülmə duruş gətirə bilmirlər.


 
“Dəqyanus” Muxtar Respublika köçkünlərinin başına gələn bəlkə də ən acınaqlı hadisə Nağıyev İmran Nurəddin oğlunun yaşadıqlarıdır. Naxçıvan MR DİN-nin təzyiqlər nəticəsində Ermənistan dağlarına qaçan 61 yaşlı İmrandan artıq 120 saatdır xəbər yoxdur. Əshabi-Kəhf cavanlarından fərqli olaraq, İmranın başına gələnlər Naxçıvanın MR-nın rəsmi sənədlərinə düşməyib. Bu isə heç Dəqyanus zamanında belə, təsadüf olunmayan özbaşınalıqdır. Hər halda İslami rəvayətlərə görə, Əshabi-Kehf cavanları Dəqyanus rejiminin darğaları tərəfindən rəsmən axtarıldığı üçün qaçıb bu mağaraya sığınmışdılar. 120 saatdır öldüsü-qaldısı bilinməyən İmran Nağıyevi isə itirib-axtaran da yoxdur. Naxçıvan Şəhər 1 saylı Polis İdarəsindəki mənbəmizdən əldə etdiyimiz məlumata görə, onu rəsmən axtarışa verməyiblər.
 
Bəs, müasir “Dəqyanus” Muxtar Respublikasının qeybə çəkilən 1 kimsənəsinin suçu nə idi? 


 
Onun 7 kimsənədən daha məsum suçu vardı. İmran kişi ovçu idi və evində 450 ədəd istifadəyə yararlı mərmi, 2 ədəd ov silahı, 2 ədəd kamuflaj geyimi, 3 ədəd ov üçün tələ və 60 kq ov əti (dağ keçisi) saxlayırdı. Bunu müasir “Dəqyanus” Muxtar Respublikasında ən böyük cinayət kimi qiymətləndirən MR Daxili İşlər naziri Rəşad İsmayılovun İmran kişidən külli miqdarda rüşvət istədiyi iddia olunur. Hadisənin indiyədək rəsmi sənədlərdə qeydə alınmaması bu iddianı təsdiqləyəcək mahiyyətdədir. İmran Nağıyev də polisləri aldadaraq evində daha dəhşətli silahlar saxladığını bildirib və sərbəst buraxılacağı təqdirdə həmin silahları cənab nazirə pul əvəzinə hədiyyə edəcəyini deyib. Polislər də nazirin tapşırığı ilə onu Ordubad rayonu, Gilançaydakı evinə aparıblar. Yolda atının günlərlə susuz qaldığını polislərin diqqətinə çatdıran İmran ona su verib yola davam etmələrini xahiş edir. Polislər də ovçuya bu imkanı yaradırlar. İmran kişi isə atına minib üzü Ermənistan dağlarına sarı çapır. Onun Ermənistan sərhədini keçdiyi bildirilir. 
 
Üzərindən 120 saat keçməsinə baxmayaraq, İmranın nə öldüsü, nə də qaldısı bilinmir. Yaxınlarından aldığımız məlumata görə, ovçunu Dəqyanus zülmündən xilas edən vəfalı atı isə artıq evə qayıdıb.
 
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 057          Tarix: 10-04-2022, 08:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma