AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bu il iyunun 21-də "Xalq" qəzetində və tns.az saytında geniş yazı ilə çıxış edərək Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) kəhriz bərpa layihəsi işlərinin heç bir elmi və təcrübəyə əsaslanmadan aparılmasının gələcəkdə mövcud kəhrizlərin tamamilə sıradan çıxmasına səbəb olacağını bildirib.
Həmin məqalə saytımızda dərc edildikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev redaksiyamıza müraciət edərək bu sahədə görülən işlər barədə məlumat verib, məqalədə qeyd edilən nöqsanları təkzib edib. Beynəlxalq təşkilatın nümayəndəsi Əlövsət Quliyevin məqaləsində öz əksini tapan faktların mövcud olmadığını, alimin təşkilata böhtan atdığını bildirib. Vladimir Georgiyevin bizə ünvanladığı məktubda bir sıra incə məqamlar var ki, onları qeyd edib beynəlxalq skandal yaratmaq istəmirik.
Açığı, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin redaksiyamıza göndərdiyi məktubdan sonra bizdə müəyyən şübhələr yaranmışdı. Qısa araşdırma apardıqdan sonra müəyyənləşdirdik ki, Əlövsət Quliyev 2000-2010-cu illərdə BMqT-nin layihələrində elmi məsləhətçi kimi fəaliyyət göstərib, ilk dəfə kəhrizlərin elmi cəhətdən araşdırması ilə məşğul olub. Alim kəhrizlər haqqında bir neçə kitabın və 50 dən çox elmi məqalənin müəlifi, UNESCO-nun "Qədim hidravlik sistemlər-kəhrizlər üzrə dövlətlərarası idarə heyətinin üzvüdür. Alim barədə bu faktları öyrəndikdən sonra belə bir sual ortaya çıxır. Əlövsət Quliyev kimi tanınmış alim olmayan problemi niyə ictimailəşdirib? Məsələni aydınlaşdırmaq üçün AMEA-nın müxbir üzvü Əlövsət Quliyevə müraciət etdik.
O, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin məktubunda irəli sürülən ittihamlara cavab vermək, qaldırdığı məsələnin doğruluğunu sübut etmək üçün bizi müxtəlif elm adamlarından, mütəxəssislərdən ibarət komissiya ilə Ağdam rayonuna səfərə dəvət etdi.
Tərəddüd etmədən razılaşdıq. Çünki gerçəkləri ictimailəşdirən bir media orqanı kimi həqiqətin ortaya çıxmasında maraqlı idik.
Beləliklə, iyulun 2-də AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin, AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineorologiya üzrə fəlsəfə doktoru Ramiz Məmmədovun, bu sahədə geniş biliyə və təcrübəyə malik su layhəsi rəhbəri, hidrogeoloq Saleh Seyfullayevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi, hidrogeoloq Rasim Məmmədovun iştirakı ilə Ağdam rayonunun Əhmədağalı, Mirəşelli və Xındırıstan kəndləri ərazisində Beynəlxalq Miqrasiya Təşkilatının 2021 və 2022-ci illərdə bərpa etdiyi “Çinarlı”, “Şəmsi”, “Xanəhməd”, “Qurddu”, “Qozlu”, “Heyvalı-1” və “Heyvalı-2” kəhrizlərinə baxış keçirdik. Bundan sonra əsl həqiqətlər ortaya çıxdı.
Həmin kəhrizlərdən istifadə edən yaşayış məntəqlərinin icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri ilə söhbətlər apardıq. Kəhrizlərin necə bərpa edilməsi, onların əvvəlki vəziyyəti ilə bağlı rəyi soruşulanlar kəhrizlərin bərpasından ciddi narahatlıqlarını dilə gətirdi, bu barədə müvafiq dövlət orqanlarına müraciət etdiklərini bildirdilər.
Əvvəlcə “Çinarlı” kəhrizi ilə tanış olduq. Məlum oldu ki, öncəki illərdə kəhrizin su sərfi 10 l/san olduğu halda BMqT-nin bərpasından sonra sərf 0,5 l/san da az olub.
“Çinarlı” kəhrizinə baxış keçirərkən Əhmədağalı bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevlə rastlaşıb söhbətləşdik. Bələdiyyə sədri bu ərazidəki kəhrizlərin bərpa üsulundan ciddi narazılıq etdi. Onun dediklərini olduğu kimi oxuculara təqdim edirik: “Mənim abidəmi söküb niyə bu hala salıblar. Vaxtilə “Çinarlı” kəhrizindən 18 hektar ərazinin suvarılmasında istifadə edirdik, bu gün kəhrizin suyu ilə heç bir hektar ərazini də suvarmaq mümkün deyildir. Bu yaxınlıqa “Şəmsi” kəhrizi var. Xahiş edirəm, gedin ora baxın. Görün su gəlir? Qum torbalarını kəhrizin içinə yığıblar. Ona görə də su çıxmır. Belə olarmı?”
Hörmətli Vladimir Georgiyevə xatırladırıq ki, bu sözləri biz demirik. On illərdir, bu kəhrizlərdən istifadə edən kəndlərin sakinləri deyir.
Faxrəddin müəllimlə sağollaşıb digər kəhrizlərə baxış keçirmək üçün yolumuza davam etdik.
Növbəti ünvanımız "Xanəhməd" kəhrizi oldu. Bu kəhrizin uzunluğu 450 m, quyularının sayı 12, orta illik su sərfi 8 l/san-dir. Öyrəndik ki, BMqT-nin "peşəkar mütəxəsisləri" 10 sentyabr 2021-ci ildə burada işə başlayıb, 30 noyabr 2021-ci il tarixdə “bərpa” işlərini yekunlaşdırıblar. Kəhriz bərpa edilərkən heç bir mühədis-ölçmə, layihləndirmə və layihənin ekspert yoxlaması aparılmayıb.
Məlum oldu ki, kəhrizin təmiri və ya bərpası işləri axıra qədər aparılmayıb. Kəhrizin çıxışına yaxın üç quyunun ağzına beton qapaqlıq qoyulub. Lakin quyunun təmizlənməsi vaxtı yuxarıya çıxarılmalı olan torpaq-qrunt töküntüsünə rast gəlinməyib. Hazırda kəhrizdən əldə olunan suyun sərfi 0,8 l/san-dir. Kəhriz qurumaq üzrədir.
Əhmədağalı bələdiyyəsinin sədri Faxrəddin Allahverdiyevin haqqında bəhs etdiyi "Şəmsi" kəhrizi ilə tanış olarkən daha bir acınacaqlı mənzərə ilə qarşılaşdıq. Burada “bərpa” işlərinə 24 fevral 2020-ci ildə başlanılaraq 30 dekabr 2020-ci ildə başa çatdırılıb. Kəhrizin uzunluğu 406 m, quyularının sayı 16, çoxillik sərfi 12 l/san olub. Burada da eynilə yuxarıda qeyd olunduğu kimi çıxışda üç quyu “təmir və bərpa” olunub. Kəhrizdə aparılan işə dair heç bir mühəndisi ölçmə, layihə sənədi yoxdur. "Bərpadan” sonrakı sərf 2,5 l/san-dir.
Mütəxəssislər bu qənatə gəldi ki, kəhrizdə bərpa işi baş quyudan (o yerdən ki kəhriz qidalanır) başlayaraq çıxışa doğru, ya da ilkin çıxışdan baş quyuya doğru (yalnız həndəsi nivelirləmə əsasında) aparılmalı olduğu halda burada da çıxışda layihə mühəndis ölçməyə əsaslanmayan iş aparılıb.
Yəni hazırda kəhrizdən çıxan su baş quyudan çox ətraf ərazilərdən sızan suvarma suları hesabınadır. Çünki baş quyu ilə çıxış arasında heç bir iş aparılmayıb. Beləliklə, kəhrizdən çıxan suyun baş quyu ilə əlaqəsi təmin edilməyib.
Uzunluğu 500 m, quyularının sayı 10, vaxtilə çoxillik sərfi 8 l/san olan “Qurddu" kəhrizində “bərpa” işlərinə 01 dekabr 2021-ci ildə başlanılıb. Bu kəhrizdə işlər 21 yanvar 2022-ci ildə başa çatdırılıb. Göründüyü kimi, “mütəxəssislər” burada cəmi 1 ay 20 gün çalışıblar.
Beynəlxalq Miqrasiya Təşkilatının bərpa adı altında bu kəhrizdə görüdüyü işə ayrılan vaxt onun necə bərpa edildiyi ilə bağlı ilkin təsəvvür yaradır. Burada da çıxış və üç quyu "təmir və bərpa” olunub. "Bərpadan” sonrakı sərf 1,5 l/san-dir.
"Qozlu" kəhrizində isə “bərpa” işlərinə 16 yanvar 2021-ci ildə başlanılıb, həmin il avqustun 27-də başa çatdırılıb. Kəhrizin uzunluğu 500 m, quyularının sayı 12, çoxillik sərfi 8 l/san olub. “Qozlu”nun da çıxışı və cəmi üç quyusu "təmir və bərpa” edilib. Kəhrizin “bərpadan” sonrakı sərfi 0,5 l/san-dir. “Qozlu” kəhrizi də quruyub.
Öyrəndik ki, təşkilat Əhmədağalı kəndində "Heyvalı-1" və "Heyvalı-2" adlı iki kəhrizin “bərpası” ilə də məşğul olub.
“Heyvalı-2” kəhrizində “bərpa” işlərinə 23 fevral 2022-ci ildə başlanılıb, 16 may 2022-ci ildə başa çatdırılıb. Kəhrizin uzunluğu 350 m, quyularının sayı 9, çoxillik sərfi 10 l/san olub.
Təəssüflə bildiririk ki, bu kəhrizə də aid heç bir mühəndisi ölçmə, layihə sənədi yoxdur. “Bərpadan” sonrakı sərf 0,5 l/san-dir.
Onu da qeyd edək ki, kəhrizlərin çıxışında tikintisinə ehtiyac olmadığı halda kiçik memarlıq kompleksi yaradılıb, onun üzərində isə təşkilatın fəaliyyətini göstərən tablo yapışdırılıb. Yaxşı olardı ki, bu tablolarda kəhrizin qədim inşa tarixi, öncəki sərfi, suvardğı ərazi barədə də məlumatlar öz əksini tapardı.
Yuxarıda haqqında bəhs etdiyimiz kəhrizlərə baxış keçirən elm adamlarının, mütəxəssislərin yekun rəyi belədir:
1. Kəhrizlər qədim irs abidələri, etibarlı su mənbəyi olduğu kimi, eyni zamanda elmi və texniki əsaslara söykənən hidrotexniki qurğudur. Belə qurğular qədim irs abidəsi kimi qeydə alınmalı, onların planı, mühəndis layihə sənədləri və pasportu olmalıdır. (Bu günədək onların heç biri yoxdur).
2. Hər hansı kəhriz üzərində iş aparılmazdan öncə infrastrukturun layihəsi tərtib olunur, layihə-smeta və texniki layihələndirmə sənədləri hazırlandıqdan sonra onlar ekspert nəzarətindən keçirilir. Bundan sonra kəhrizdə bərpa işi aparılır. Məlum olub ki, BMqT-nin bu sahədə heç bir mütəxəssisi yoxdur, görülən işlər özfəaliyyət prinsipi ilə həyata keçirilib.
3. Aparılan bərpa işlərində mühəndis ölçmə (nivelirləmə) işlərində olduqca kobud səhvlərə yol verilib. Belə ki, kəhrizin çıxışı "Ana" (baş quyu) quyudakı suyun səviyyəsindən 2-3 metr yuxarıdadır. Bu da onu göstərir ki, kəhrizin tunelində yığıntı su əmələ gəlib və onun uçmasına səbəb olacaqdır. Belə fəaliyyət bütün kəhrizlərdə müşahidə olunur. Qısa müddətdə bu kəhrizlər tamamilə sıradan çıxacaq.
4. BMqT-nin “yeni texnologiya” adlandırdığı kəhriz bərpa işində daha ciddi səhvlərə yol verilib. Əldə edilmiş müasir qurğu vasitəsi ilə yeni kəhrizin layihəsi həyata keçirilməli olduğu halda BMqT mütəxəssisləri bu işi qədim kəhriz üzərində aparmaqla daha bir tarixi abidəni sıradan çıxarıblar. Yəni bu qurğu əl ilə qazılmış qədim kəhriz qalereyasında işləyərkən qalereyanı tamamilə dağıdıb. Halbuki, yeni kəhriz müasir elmi-nəzəri və təcrübi-hidrogeoloji prinsiplər əsasında layihələndirilməli, ekspertdən keçdikdən sonra işə başlanmalıdır.
5. BMqT Azərbaycanda 163 kəhrizi bərpa etməsi haqda məlumat verib. Müşahidələrdən belə məlum olub ki, daimi suyu gələn kəhrizlərdə bərpa adı altında kosmetik işlər görülüb. Çünki bərpa işi vaxtı görülən işlərin torpaq həcmini, tətbiq olunan məhsulların sayını, habelə görülən işi əks etdirən layihə sənədlərinə rast gəlinməyib.
Beləliklə, qədim irs abidələri olan kəhrizlərimizin “bərpasının” BMqT tərəfindən heç bir elmi təcrübəyə əsaslanmadan həyata keçirilməsi qədim abidələrimizin sıradan çıxarılmasına səbəb olur. Görülmüş işlərin texniki sənədləşməsi yoxdur, işlərin gedişində düşünülmüş şəkildə heç bir yerli mütəxəssisdən, alimdən istifadə olunmayıb, daha çox "özfəaliyyət" işbazlarının əli ilə milli və mədəni irsimiz məhv edilib.
Min illik tarixi olan kəhrizlərin çıxışının qədimliyini saxlamaq əvəzinə orada sement və mişardaşı ilə lazımsız tikinti işləri aparılıb. Gələcək 50-100 il sonra belə abidələrin inşa tarixi XX əsrə aid ediləcəkdir. BMqT-nin yeni texnologiya adı altında apardığı “bərpa” işində heç bir mühəndis ölçmə, layihə-çizgi materialı olmadan kəhriz kürəsinə (tunelinə) plastik boruların qoyulduğunun, qədim irs abidələrimizin sıradan çıxarıldığının şahidi olduq.
Mütəxəssislər kəhrizlərə baxış keçirdikdən sonra BMqT-nin kəhrizlərin üzərində elmi əsaslara söykənməyən, heç bir layihə smeta sənədi olmadan aparılmış yarımçıq bərpa işilərinin tamamilə kəhrizlərin sıradan çıxmasına səbəb olduğu qənaətinə gəldilər.
Faktlar sübut edir ki, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin qaldırdığı məsələ ciddi problemdir. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin alimin fikirlərinə etiraz etməsi, hay-küy salması bu işləri ört-basdır etməkdən, özünü müdafiədən başqa bir şey deyildir. Biz beynəlxalq təşkilatı Azərbaycanın tanınmış elm adamlarının, mütəxəssislərinin, media nümayəndələrinin iştirakı ilə onların bərpa etdiyi kəhrizlərə baxış keçirməyə dəvət edirik (Xatırlatmaq istərdik ki, baxışa getməzdən öncə də əks tərəfi birgə baxışa dəvət etmişdik). Əgər bu yazdıqlarımıza etiraz edirlərsə, buyursunlar, bərpa etdikləri kəhrizləri ictimaiyyətə göstərsinlər. Bu qədim abidələrimizi niyə bu formada bərpa etdiklərinin izahını versinlər. Kimsə bizdən tariximizə, abidələrimizə laqeyd qalmağı gözləməsin. Min illik abidələrimiz məhv edilərkən biz səssiz qala bilməzdik.
Əminik ki, bu yazılanlardan sonra aidiyyəti dövlət qurumları bu problemlə maraqlanacaq, qədim kəhriz abidələrinin sıradan çıxarılmasına imkan verməyəcəklər.
Tural Səfərov
Paylaş: