Xəbər lenti

Su Yer üzündə canlı aləmin zəruri həyat mənbəyidir. Elə buna görə də tarixin bütün dövrlərində içməli suyun qıtlığı və kifayət qədər əlçatan olmaması ciddi problemlər yaradıb. Çağdaş dünyada isə şirin su mənbələrinin azalması, onun ehtiyatlarının tükənməsi bəşəriyyəti düşündürən ən ciddi məsələlərdən biridir. Qlobal istiləşmə, dünya əhalisinin yüksək artım tempi, ətraf mühitin çirkləndirilməsi və sudan səmərəsiz istifadə nəticəsində mövcud su ehtiyatlarının sürətlə tükənməsi bu problemi son illər daha da aktuallaşdırıb.

Yeraltı və yerüstü su ehtiyatları­na görə o qədər də zəngin olmayan Azərbaycanda sudan səmərəli istifadə edilməsi, onun mənbələrinin və ehti­yatlarının qorunması ölkəmiz üçün də önəmli məsələlərdən biridir.

Təsadüfi deyil ki, 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib, bu sahədə görüləcək işlər təhlil edilib və qarşıya mühüm vəzifələr qoyulub. Dövlət başçısı həmin müşavirədə su ehtiyatlarımızın qiymətləndirilməsində, onu artırmaq ehtimalının dəyərləndirilməsində və bü­tün digər işlərdə alimlərin mütləq iştirak etməsinin vacibliyini bildirib.

Ölkə rəhbərinin çağırışına cavab olaraq, biz alimlər də bu sahənin problemlərinin həlli ilə bağlı təkliflərimizi həm media, həm də müxtəlif dövlət orqanlarına müraciətlərimiz vasitəsilə təqdim etmişik.

Suya kifayət qədər ehtiyacımız olduğu bir dövrdə zəngin şirin su ehtiyatlarına malik kəhrizlərdən yetərincə istifadə edilməməsi bu gün hər birimizi ciddi şəkildə düşündürməlidir. Dünyanın 40-dan çox ölkəsi öz su probleminin həllində kəhrizlərdən istifadə edir. Ekosistemlərə heç bir mənfi təsir göstərməyən bu içməli su mənbəyi quraq zonalarda ən etibarlı qaynaq hesab olunur.

Kəhrizlər Azərbaycanda suvarma-tikinti mədəniyyətinin qədim nümunələri kimi qiymətli sərvətdir. Kəhrizlərə xalq arasında abidə, yaxud bulaq-abidə kimi də ciddi əhəmiyyət verilir. Tərkibinə görə ən təmiz su kəhriz sularıdır. Yerin 300-400 metr dərinliyindən təzyiqlə çıxan subartezian quyularının suyu canlı deyil, amma kəhriz suları canlıdır. Şoran torpaqların yuyulmasında, ekoloji təmiz məhsul yetişdirmək üçün təmiz tərkibli sulardan istifadədə kəhriz suları əvəzsizdir.

Təəssüf ki, Azərbaycanda kəhriz sistemi hələ də lazımi səviyyədə tədqiq olunmayıb və onlardan səmərəli istifadə edilmir. Bu gün həmin kəhrizlərin öyrənilməsinə, sıradan çıxmaqda olan bəzi qədim kəhrizlərin bərpasına ciddi ehtiyac var. Bu, həm iqtisadi, həm də tarixi baxımdan böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, vaxtilə ölkəmizin ərazisində 1500-dən çox kəhriz olub. Bu çox önəmli rəqəmdir və bizim istifadədən kənarda qalan nə qədər şirin su mənbəyimizin olduğunu təsdiqləyir. 1938-ci ildə Azərbaycanda 885 kəhriz rəsmi olaraq dövlət qey­diyyatına alınıb və onlardan suvarma mənbəyi kimi istifadə olunub. Bu kəhrizlərin cəmi su sərfi saniyədə 13,5 kubmetr, il ərzindəki həcmi isə 420 milyon kubmetrdir. Bu gün həmin suyun cəmi 20-25 faizindən istifadə edilir.

Tarixi məlumatlara nəzər salsaq görərik ki, baş vermiş müharibələr nəticəsində kəhrizlər dağıdılıb, sonra yenidən bərpa olunaraq həyata qaytarı­lıb. 1970-ci illərdə Azərbaycan Melio­rasiya və Su Təsərrüfatı Nazirliyində kəhrizlər şöbəsi var idi. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində baş vermiş böhran və müharibədən sonra bu sahə də diqqətdən kənarda qaldı.

2002-ci ilin avqust ayında Vayxır su anbarının tikintisi ilə əlaqədar Naxçıvan şəhərində keçirilən müşavirədə ümum­milli liderimiz Heydər Əliyev kəhrizlərin bərpasının, qorunmasının vacibliyini bildirib. Ulu öndərimizin tövsiyələrinə uyğun olaraq, 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında Kəhrizlər İdarəsi yaradılıb və bu günədək 300-dən çox kəhriz bərpa edilib. 2016-cı ildən başlayaraq, Azərbaycanın bir sıra rayonlarının ərazilərindəki kəhrizlər tədqiq edilib. Məlum olub ki, kəhriz sistemlərinin bir qismi torpaq islahatı vaxtı dağıntıya məruz qalıb, bir hissəsi isə müdrik və vətənpərvər adamların ayıq-sayıqlığı nəticəsində qorunaraq bu günə qədər gəlib çıxıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və yenilməz ordu­muzun qəhrəmanlığı ilə işğaldan azad edilmiş, hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılan ərazilərdə qədim və zəngin su ehtiyatı olan xeyli kəhriz var. Vaxtilə, yəni işğaldan öncə Ağdam rayonunda 98 kəhrizdən il ərzində 64,333 milyon kubmetr, Fü­zuli rayonunda 71 kəhrizdən 19,016 milyon kubmetr, Cəbrayıl rayonunda 111 kəhrizdən 34,658 milyon kub­metr, Qarabağın dağlıq hissəsində 52 kəhrizdən 4,225 milyon kubmetr kəhriz suyu əldə olunurdu. İndi bu kəhrizlərin bərpa edilməsi həmin bölgələrdə kənd təsərrüfatının inkişafına təkan verə bilər.

Azərbaycan ictimaiyyətini, xüsusilə biz ziyalıları narahat edən bir məsələni ayrıca qeyd etməyi lazım bilirəm. Bu gün müxtəlif ölkələrin ayırdığı qrant­lar hesabına kəhrizlər naşı adamlar tərəfindən bərpa adı altında kosmetik təmir edilir. Bəzi özfəaliyyət ustalarının bu abidələrə naşılıqla yanaşması onla­rın tarixiliyinin silinməsinə və məhvinə səbəb olur. Bu, bir vətəndaş və kəhriz tədqiqatçısı olan alim kimi məni daha çox narahat edir.

Bir sıra beynəlxalq təşkilatların Azərbaycan kəhrizlərinin bərpası istiqamətindəki fəaliyyəti 2000-ci illərin əvvəlinə gedib çıxır. 2000-ci ildən mənim məsləhətçiliyim ilə Naxçıvanda kəhrizlərin bərpası işlərinə başlayan Beynəlxalq Miqrasiya Təşkilatı 2009-2010-cu illərdə muxtar respublikada 2 yeni kəhrizin qazılması layihəsini həyata keçirib. Bu qurumun maliyyə dəstəyi ilə “Kəhriz sistemləri” kitabı nəşr edilib. Bunlar hamısı yaxşı hal kimi qiymətləndirilməlidir. Lakin kəhrizlərin qazılması layihəsi elmi əsaslara söykənmədiyi üçün özünü doğrultma­yıb. Beynəlxalq Miqrasiya Təşkilatı yerli mütəxəssislərdən istifadə etməli olduğu halda, kəhrizlərin bərpası üçün müəmmalı şəkildə xaricdən nümayəndə dəvət edib. Beləliklə, kəhrizlərimizi bərbad hala salan təşkilat Naxçıvan­da bu işlərin görülməsi layihələrindən kənarlaşdırılıb.

Sonrakı dövrdə təşkilat Azərbaycanın müxtəlif bölgələrində kəhrizlərin bərpası layihələrini icra edib, bir sıra qədim abidələrimizin sıradan çıxmasına səbəb olan bərpa işləri aparıb. Açıq şəkildə bil­diririk ki, Beynəlxalq Miqrasiya Təşkilatının ictimaiyyətə təqdim etdiyi “Azərbaycanda 163 kəhriz bərpa edilib” məzmunlu məlumatı yanlışdır. Aparılan bərpa işində həm də elmi əsas yoxdur. Həmin kəhrizlərin bərpası zamanı bu sahədə elmi məlumatı olmayan şəxslərin na­şılığı səbəbindən kifayət qədər “şikəst” vəziyyətə salınmış kəhriz var.

Kəhriz tədqiqatında 30 illik təcrübəsi olan alim kimi narahatlıqla qeyd edirəm ki, Beynəlxalq Miq­rasiya Təşkilatının “peşəkar mütəxəssisləri”nin işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti yolverilməzdir. Bu “özfəaliyyət” ermənilər tərəfindən dağıdılmış kəhriz abidələrinin bərpası üçün bizə gərəkli nəsə verməyəcək, əksinə, o abidələrin birdəfəlik yoxa çıxmasına səbəb ola­caq. Səlahiyyətli qurumlar belə neqativ halların qarşısını qətiyyətlə almalıdır. Kəhrizlərimiz konkret bir dövlət orqa­nının balansına verilməli, onlar bərpa edilməli və qorunmalıdır. Bunu həm kəhrizlərin tarixi abidə statusu qa­zanması, həm də onlardan zəngin su mənbəyi kimi istifadə olunması pers­pektivi tələb edir.

Göründüyü kimi, su çatışmazlı­ğı olan müasir dövrdə kəhrizlərdən səmərəli istifadə edilməsinə ciddi ehtiyac yaranıb. Kifayət qədər su ehtiyatı olduğu halda, bərpasına və su sərfinə çox cüzi vəsait lazım olan kəhrizlərdən niyə istifadə etməməliyik? Fikrimizcə, bu sual ətrafında düşünməli və ona çox qısa zaman ərzində cavab tapmalıyıq. Bu zaman biz quraqlığın artdığı bir dövrdə zəngin su ehtiyatı əldə edəcək və şirin su ilə bağlı bir sıra problemlərimizin həllinə öz töhfəmizi vermiş olacağıq.

Prezident İlham Əliyev ötən ilin ap­rel ayında Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi: “Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyat­larımızın potensialı dəqiq təhlil olun­malıdır. Bu su ehtiyatlarından maksi­mum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə görüləcək işlər çoxdur. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər”.

Hesab edirik ki, dövlət başçısının tapşırığına uyğun olaraq, su ehtiyat­larından səmərəli istifadə olunması ilə əlaqədar proqramlar hazırlanarkən kəhriz sularından lazımi səviyyədə ya­rarlanmağa da ciddi diqqət yetirilməlidir. Əvvəldə də qeyd etdiyimiz kimi, kəhriz suları istifadə olunması daha tez və ucuz başa gələn ən yaxşı su ehtiyatla­rıdır. Su ehtiyatlarımızın potensialı təhlil olunarkən ekoloji cəhətdən ən təmiz su mənbələri olan kəhrizlər unudulmama­lıdır.

İnanırıq ki, ölkəmizin su təminatı məsələlərinə xüsusi diqqətlə yanaşan, tarixi abidələrimizin qorunub saxlanıl­masına, yaşadılaraq gələcək nəsillərə çatdırılmasına xüsusi əhəmiyyət verən Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla gerçəkləşdirilməsi ilə bağlı tədbirlər sırasında kəhrizlərimizin acınacaqlı taleyi də unudulmayacaq, bu önəmli məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunacaqdır.

 Mənbə:Tns.az

Əlövsət QULİYEV,

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru,

AMEA-nın müxbir üzvü, professor



Ana səhifəyə qayıt        Baxış: 3 631          Tarix: 21-05-2022, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma