Xəbər lenti

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2023-cü il tarixli Sərəncamı ilə Səadət Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Beləliklə, 2018-ci ildən Ali Məhkəmənin sədri vəzifəsini tutan Qasım Əliyevə növbəti dəfə etimad göstərilməyib və o, sədr postunu itirib.

TNS-in əldə etdiyi məlumata görə, Qasım Əliyev Naxçıvan Ali Məhkəməsinin hakimi kimi vəzifəsini davam etdirir. Yox, yox, bu, yanlış oldu. Bu vəzifəni tutur, amma vəzifəsini icra eləmir. Niyə? Ona görə ki, Qasım Əliyev işə çıxmır. Onun harada olduğunu isə bilən yoxdur. Əgər Qasım Əliyev Ali Məhkəmənin hakimidirsə, nəyə görə işə çıxmır və niyə havayı maaş alır? Yəqin ki, bu sualın cavabını aidiyyəti orqanlar bu işə məsul olan şəxslərdən soruşacaqlar.

Biz isə Qasım Əliyevin Ali Məhkəmənin hakimi olub olmadığı məsələsinə aydınlıq gətirək.

Əvvəla onu qeyd edək ki, Qasım Əliyev Azərbaycan Respublikasının rəsmi vahid məhkəmə portalının Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə aid olan bölməsində Ali Məhkəmənin hakimi kimi göstərilir

Bəs Ali Məhkəmənin sədri vəzifəsini itirən Qasım Əliyev hakim kimi necə qalıb?

İndi isə gəlin bu suala cavab axtaraq.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci bəndinə əsasən bu Qanunun 96-cı maddəsinin müddəaları (Qeyd edək ki, bu maddə “Hakimlərin səlahiyyət müddəti” adlanır və maddəyə görə hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək uzadılır. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır ) 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 7-ci bəndində yazılıb:

“Fəaliyyəti məqbul qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin edilirlər:

-15 ilə qədər hakimlik stajı olanlar - 10 il müddətinə, lakin son yaş həddini - 65 yaşı keçməmək şərti ilə;

15 il və daha çox hakimlik stajı olanlar - son yaş həddinə - 65 yaşınadək”.

Qasım Əliyev “Naxçıvan Muxtar Respublikası məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Sərəncamı ilə Sədərək Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2008-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri, “Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri, “Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələrinin hakim və sədrlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 fevral 2018-ci il tarixli ilə Qərarı ilə onun vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2018-ci il tarixli Sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Yuxarıda adı çəkilən qanunun keçid müddəalarına əsaslansaq, Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimidir.  

Göründüyü kimi, həm məhkəmə portalına, həm də mövcud qanunlara görə, Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsini tutur. Bəs Qasım Əliyev haradadır? Bu hakim niyə işə çıxmır? Onun işə çıxmadığını sübut edən faktlardan biri də son iki ay ərzində hakimin icraatında heç bir işin olmamasıdır.

Qasım Əliyev Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxın adamlarından biri olub. O, hakim və məhkəmə sədri kimi Vasif Talıbovun bütün qeyri-qanuni göstərişlərini icra edib, qəbul etdiyi ədalətsiz və vicdansız qərarlarla yüzlərlə insanın taleyi ilə oynayıb, ailələri məhv edib. Məhz bu “qeyri-adi” istedadına görə, Qasım Əliyev vəzifə pillələrində sürətlə irəliləyib, qısa müddət ərzində Ali Məhkəmənin sədri vəzifəsinə qədər yüksəldilib. Keçmiş rəhbərliyin dövründə Qasım Əliyevə xüsusi diqqət göstərilir, o, ciddi şəkildə müdafiə olunurdu. Artıq Talıbov istefa verib, dövr dəyişib. Maraqlıdır, bəs bu gün Qasım Əliyevi kim qoruyur?

Biz Naxçıvan Ali Məhkəməsinin yeni sədri Səadət Bəktaşini ədalətli, məsuliyyətli, nizam-intizama xüsusi diqqət yetirən, qanunpərəst hüquq adamı kimi tanıyırıq. Bu sahədə çalışanlardan dəfələrlə eşitmişik ki, Sədaət Bəktaşinin olduğu yerdə heç bir qanunun pozulmasından söhbət gedə bilıməz. Açığı bu fakt bir az fikirlərimizi qarşıdırdı. Belə bir məhkəmə sədri bir hakimin aylarla işə çıxmamasına niyə göz yumur? Yəqin ki, bunun mütləq bir açıqlaması vardır. Naxçıvanda qanunların, ədalətin qorunacağı ən yüksək məhkəmə instansiyasında belə qanun pozuntusu, intizamsızlıq olmamalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.




Ana səhifəyə qayıt        Baxış: 4 512          Tarix: 7-06-2023, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma