Xəbər lenti

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı növbəti xəbər yayılıb. Xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Feysbuk hesabında paylaşıb. Məlumatda deyilir ki, A.Məmmədov Britaniyanın paytaxtı London şəhərində ən ultralüks yaşayış kompleksi olan “One Hyde Park”da ev alıb. Onun qonşularının məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorta brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi olduğu bildirilir. Evin təxmini qiymətinin isə 290 milyon manat dəyərində olduğu iddia edilir.

Son illər Böyük Britaniya Milli Kriminal Agentliyi şübhəli mənbəyi olan mülkləri, pulları araşdırır. Belə bir araşdırmaya Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva da tuş gəlib. Maraqlıdır, atası uzun müddət nazir olmuş A.Məmmədovun Londanda sahib olduğu mal varlığının mənbəyi haqda araşdırmalar aparılacaqmı?

Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz deyib ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar bir vaxtlar Azərbaycanın ən məşhur gənclərindən olub.

H.Oğuzun sözlərinə görə, o, əsasən, ayı yeməsi ilə məşhurlaşmışdı:

“O dövrdə maraqlı bir atalar sözü ortaya çıxmışdı: “Armudun yaxşısını ayılar yeyər, bəs ayını kim yeyər – Anar Məmmədov”. Hətta mən də bu barədə bir şeir yazmışdım:

“Divlər bir ananı söyüb döyəndə,

Oğulsa baş divə “sağ ol” deyəndə,

Ölkəmdə birisi ayı yeyəndə,

“Bərəkallah”- deyib belə oğula


Artıq inanmağın gəlir nağıla”.

Bir sözlə, nağılçıları belə heyrətdə qoyan bu adamın Londonda yüzmilyonlarla funt sterlinqlik mülkünün olması təəccüblü deyil. Təəccüblü olan onun barəsində öz ölkəsində soruşdurma aparılmaması, bu qədər vəsaitə necə sahib olmasının müəyyənləşdirilməməsidir”.

Heydər Oğuzun fikrincə, araşdırmacı jurnalist Cavanşir Həsənli “elə-belə iddialar” irəli sürməz:

“Azərbaycan ictimaiyyəti onu ciddi sənədləri əldə edib yayması ilə tanıyır. Ziyanın oğlu Anarın mülkiyyəti barədə o, məlumat paylaşıbsa, deməli, iddialar doğrudur. Əgər Ziya Məmmədov öz oğlunun mülkiyyətini inkar edirsə, belə çıxır ki, Anar bunu öz atasından da gizlədib. Bir növ ona “atıb”. Odur ki, Z.Məmmədova məsləhət görərdim ki, bir vaxtlar ayı ilə bərabər atasının “başını yeyən” və faktiki onun işdən çıxarılmasına vəsilə olan oğluna inanmasın. Əksinə, gözü Cavanşir Həsənlinin yeni paylaşımlarında olsun. Olar ki, jurnalist ata Məmmədovun gözündən yayınan yeni məlumatlar paylaşsın”.

Həmsöhbətimiz onu da xatırlatdı ki, Anar Məmmədov bir zamanlar ABŞ-la iş görən adam kimi tanınırdı:

“Guya, Amerikada Azərbaycan diasporasını qururdu. Daha sonra bəlli oldu ki, Məmmədovların qulağına Trampın hakimiyyətə gələ bilməsi xəbərləri dəyib və Anar da məhz bu səbəbdən ABŞ-da lövbər salıb. Hətta Bakıda Trampa aid bir bina da tikmişdi. Görünür, Azərbaycan hakimiyyətini xarici güc mərkəzlərinin köməkliyi ilə devirmək istəyən Məmmədovların bu planının qarşısını almaq üçün ata Məmmədov öz postundan uzaqlaşdırıldı. Bu qərardan sonra Anar Məmmədovun ABŞ-da lobbi qurmaq və ya diasporanı gücləndirmək çalışmaları da dayandı. Necə deyərlər, “bağda ərik var idi, salam-əleyk var idi”… Halbuki, Azərbaycan bu gün ABŞ-da erməni lobbisinin ciddi hücumları ilə qarşılaşır və onların bu hücumunu dayandıracaq heç bir diasporaya malik deyilik. Niyə? Çünki Azərbaycan hakimiyyəti bu qədər məsul bir vəzifəni “ayıyeyən”lərə tapşırmışdı. İndi isə bu adamın sorağı İngiltərədən gəlir. Özü də Londonun milyarderlər məhəlləsindən. Adamdan soruşmaq lazımdır; gənc yaşında nə etdin ki, yüzmilyonlar qazana bildin? Atan qazanıbsa, məmur maaşı ilə bunu necə bacarıb? Sözsüz ki, bu sualların cavabı insanı korrupsiya və rüşvətxorluq ehtimallarına götürür. Hesab edirəm ki, Azərbaycanın hüquq mühafizə orqanları beyinlərdə yaranan bu şübhələri dağıtmaq üçün Ziya Məmmədovu danışdırmalı və əməlində cinayət tərkibi tapılarsa, dərhal istintaq işi açmalıdırlar”.

Xatırladaq ki, təxmini bir il öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (87 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşmışdı. Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahib olduğunu da açıqlamışdı. Jurnalistin bu açıqlamalarından sonra Z.Məmmədov cavab olaraq Anarın belə bir restoranının olmadığını bildirimişdi.

Sitat: “O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacağam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.

Zaira Akifqızı
Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 5 980          Tarix: 28-08-2023, 18:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma