
"Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq".
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O xatırladıb ki, bir neçə gündür ölkə ərazisində isti hava şəraiti müşahidə olunur: "Hazırda müşahidə olunan hava şəraitinin ayın sonunadək davam edəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40, Mərkəzi Aran rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində isə 42 dərəcəyədək yüksələcək".
G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında növbəti iki gün ərzində hava şəraiti yağmursuz keçəcək: "Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun isə 31-36 dərəcə arasında dəyişəcəyi gözlənilir".
Paylaş: