Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryan 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs olunub.
APA-nın xəbərinə görə, bu barədə bu gün Vaqif Xaçatryan məhkəmədə ifadəsində Azərbaycan xalqından üzr istəyərkən deyib.
Vaqif Xaçatryan məhkəmədə 30 gün Şuşada saxlandığını və bunun ona dərs olduğunu dilə gətirib: “Bu həbs mənə dərs oldu, ondan sonra bu məsələlərdən əl çəkmişəm".
APA Vaqif Xaçatryanın hansı səbəbdən 1991-ci ildə Şuşa polisi tərəfindən saxlanmasını araşdırıb.
Məlum olub ki, o, azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə və əhali içində təşviş yaratdığı üçün 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs edilib. Lakin həbsdə olduğunun 30-cu günündə Vaqif Xaçatryan özünə xəsarət yetirib. Belə ki, o, dişi ilə öz damarını deşib və təcili olaraq Xankəndidə yerləşən xəstəxanaya aparılıb. Orada erməni milliyyətindən olan həkim və tibb işçilərinin köməyi ilə qaçmağı bacarıb. Onun özünə yetirdiyi xəsarət nəticəsində qolunda yaranan problemin izləri indi də qalır.
Vaqif Xaçatryanın bugünkü etirafı bir daha onun azərbaycanlılara qarşı cinayət törətməsinin öz dilindən sübutudur.
Paylaş: