Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Tural HƏSƏNQARAYEV
Şuşanın “İsgəndər” raketi ilə vurulması
Müharibə zamanı Ermənistanın əlində olan ən təhlükəli silah “İsgəndər-E” ballistik raketi idi. Bu raket Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı 10 noyabr bəyanatından dərhal sonra Bakıya atıldı. Lakin raket Azərbaycanın 2018-ci ildə İsraildən aldığı “Barak-8” hava hücumundan müdafiə sistemi tərəfindən Xırdalan şəhəri üzərində vuruldu. Partlayış dalğası binaları silkələsə də Azərbaycan hökuməti həmin günlərdə və daha sonra Bakı səmasındakı partlayışla bağlı heç bir açıqlama vermir.
Müharibənin bitməsindən 9 gün sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general polkovnik Movses Akopyan mətbuat konfransında Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” ballistik raketindən istifadə edildiyini qəbul edir, lakin raketin hansı istiqamətdə atılması barədə məlumat vermir. 2020-ci il noyabrın 26-sında “Adekvad” ordeninin nümayəndəsi Artur Danielyan 7 noyabr səhər saat 09:00 radələrində 2 ədəd “İsgəndər” raketinin Şuşaya atılmasının videokadrlarını paylaşır. Ermənistanın eks-prezidenti Serj Sarkisyan 16 fevral 2021-ci il tarixində verdiyi müsahibəsində erməni ordusunun müharibədə “İsgəndər” raketindən istifadə etdiyini bildirir : ““İsgəndər” raketlərinin Ermənistan hərbi rəhbərliyi tərəfindən istifadə edilməməsi ilə bağlı deyilənlərlə razılaşmıram. Mənim özümdə də etibarlı məlumat var ki, bu raketlər istifadə edilib. Konkret desək, raketlər müharibənin son dövründə Şuşa istiqamətində istifadə olunmuşdu”.
Bununla bərabər, Sarkisyan öz müsahibəsində Paşinyanı həmin raketlərdən gec istifadə etməkdə günahlandırır. Baş nazir Paşinyan isə bu açıqlamadan 1 həftə sonra verdiyi geniş müsahibəsində Sarkisyanı keyfiyyətsiz raketlər almaqda ittiham edir: “Sarkisyan öz verdiyi sualların cavabını özü də bilir. Onun özü özünə sual verməlidir ki, aldıqları “İsgəndər” raketləri niyə partlamır, yaxud niyə 10% intervalında partlayır? Belə görünür ki, bu raketlər 80-ci illərin silahıdır.”
Ermənistan müxalifəti, eləcə də baş nazir Nikol Paşinyan Qarabağ müharibəsində “İsgəndər” raketlərinin istifadəsini qəbul etsə də Prezident İlham Əliyev 2021-ci ilin fevralın 26-da keçirdiyi mətbuat konfransında bu raketlərin Azərbaycana qarşı istifadə edilmədiyini bildirir: “Mən ironiyalı mesajlar vermək istəmirəm. Rusiya rəsmiləri və parlament üzvləri tərəfindən müəyyən mülahizələr olub ki, raket 10 faiz öz gücü ilə partlaya bilməz, buna çox cəhd etməlisən. Biz “İskəndər E” raket kompleksinin hərəkətini görməmişdik. Dünən bu bəyanat səslənəndə bir daha maraqlandıq ki, baxaq doğrudan bu baş veribmi, gördük ki, yox olmayıb. Bu, sadəcə olaraq onlar tərəfindən növbəti yalandır... Demişdilər ki, “İsgəndər” raketi atılıb və 10 faiz gücü ilə partlayıb. Hara atılıb raket, necə partlayıb? Bu, bir anekdotdur”.
Prezident İlham Əliyevin bəyanatından sonra Rusiya MN Dağlıq Qarabağdakı münaqişə zamanı “İsgəndər” raket sistemlərinin heç birindən istifadə olunmadığını, raketlərin bütün sursat ehtiyatı ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin anbarlarında olduğunu açıqlayır. Azərbaycanın xüsusən müharibədən sonra Rusiya ilə münasibətlərinin çox yaxşı olması Prezident İlham Əliyevin “İsgəndər” raketləri ilə bağlı bu açıqlamanı verməsi ilə nəticələnir. Azərbaycan hökuməti Paşinyanın Rusiya silahları haqqında istifadə etdiyi bu ifadələrlə bu iki ölkə arasında böhranı artırmağa çalışmış, Azərbaycan-Rusiya arasında münasibətləri isə inkişaf etdirməyi planlamışdı. Azərbaycan hökuməti üçün 10 noyabrda imzalanan bəyanatın bəndlərinə tam və dolğun formada riayət edilməsi üçün bu məsələ vacib bir aspekt idi.
Lakin fevral-aprel ayları arasında erməni ordusunun Qarabağdan tam olaraq çıxarılmaması, eyni zamanda gizli formada əraziyə Ermənistandan silah və əsgərlərin gətirilməsi, Ermənistanın mina xəritələrini verməməsi, rus dilinin “DQR”-in ikinci dili olması kimi məsələlər iki ölkə arasındakı münasibəti pisləşdirir. Bu isə əvvəl erməni rəsmilərinin etiraf etdiyi, Azərbaycanın isə rəsmi olaraq inkar etdiyi “İsgəndər” raket kompleksinin müzakirəyə çıxarılması ilə nəticələnir. 31 mart 2021-ci ildə Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) təmsilçisi Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının tapıldığını açıqlayır: “Martın 15-də Şuşa şəhərində minatəmizləmə zamanı iki ədəd “İsgəndər-M” raketlərinin fraqmentləri aşkarlanmışdır. Raketin qırıntıları bir-birindən 780 metr aralıda olub”. Bu xəbərlə bağlı erməni mətbuatının suallarına Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan şərh verməkdən imtina edir, Rusiya prezidentinin təmsilcisi Dmitri Peskov isə məlumatın yeni olduğunu, bunu araşdıracaqlarını söyləyir. Aprelin 13-də “İsgəndər-M” raketinin qalıqları Bakıya gətirilir və Hərbi Qənimətlər Parkının açılışında nümayiş etdirilir. Parkın açılışında çıxış edən Prezident İlham Əliyev Rusiyaya bu məsələ ilə bağlı müraciət ünvanladıqlarını və cavab gözlədiklərini bildirir: “Artıq bu, əyani sübutdur, Ermənistanın hərbi cinayətinin sübutdur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik, amma alacağıq. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik”.
20 apreldə AZTV-yə verdiyi müsahibədə Prezident İlham Əliyev Rusiyanın cavab məktubunu açıqlayır: “Mən Rusiyanın bizə verdiyi cavabla tanış oldum. Cavabda Rusiya tərəfinin ballistik raketlərin buraxılmasını müəyyən etmədiyi qeyd olunur. Bu isə bizim sualımıza cavab deyil. Bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport - ixrac variantı ola bilər. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik.”
Azərbaycanın Rusiyaya qarşı təzyiq formasında istifadə edilən bu xəbərdən 1 ay sonra Rusiya XİN başçısı Sergey Lavrovun Bakıya, eləcə də baş nazir Əli Əsədovun Moskvaya səfəri baş tutur. Bu danışıqlar xüsusən Azərbaycan bölmələrinin bir neçə istiqamətdə Ermənistan ərazisinə daxil olduğu ərəfədə baş verirdi və Rusiya rəsmiləri Fransadan fərqli olaraq bununla bağlı Azərbaycana qarşı heç bir açıqlama vermədilər.
Şuşa döyüşü ilə bağlı Ermənistanda siyasi qarşıdurma
Şuşanın itirilməsi və ağır şərtlərlə bəyanatın imzalanması Ermənistanda çox böyük şok yaradır. Bəyanatın imzalanmasından qısa müddət sonra şəhərin mərkəzinə toplaşan böyük bir kütlə Ermənistan parlamentinə daxil olur, bu qarşıdurmalar zamanı həmin vaxt parlamentin spikeri olan Ararat Mirzoyan ağır xəsarətlər alır. Yalnız Dağlıq Qarabağdakı əsgərlərin müraciətindən sonra hadisələr səngiyir. Şuşanın qısa müddətdə Azərbaycan Ordusu tərəfindən ələ keçirilməsi Ermənistan cəmiyyətində şəhərin qəsdən Azərbaycana verilməsi barədə iddiaların yaranmasına səbəb olmuşdu. Millətçi çıxışları ilə tanınan Naira Zöhrabyan noyabrın 12-də İrəvanda keçirilən mitinqdə Şuşada azan verildiyini düşünəndə dəli olduğunu deyirdi. Türkoloq və jurnalist Nairi Oxikyan isə Şuşadakı Qazançı kilsəsinin İstanbuldakı Ayasofya kimi məscidə çevriləcəyini iddia edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində qeyd edir: “Ordumuz son dəqiqəyə qədər döyüşdü. Bizim siyasi vəzifəmiz dönüş yaratmaq idi. Artıq heç bir ümid qalmadıqdan sonra biz bu qərarı qəbul etdik. Mən Şuşanı Azərbaycana verə bilməzdim. Müharibənin bu şərtlərlə mübarizəsiz dayandırılması Şuşanın ələ keçirilməsinə səbəb olardı”.
Paşinyan bundan başqa Şuşanın itirilməsini kifayət qədər qüvvə olmaması ilə izah edir və bunda da müxalifəti günahlandırır: “Şuşanın süqutundan sonra onu geri qaytarmaq üçün iki cəhd oldu. Birinci cəhd tamamilə uğursuzluqla nəticələndi, başqa bir halda bir qrup şəhərə daxil ola bildi. Şuşanın guya ki, Azərbaycana verilməsi məsələsi də məhz bu ikinci məsələ ilə bağlıdır. “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan həbsdən çıxanda könüllü dəstə yaradacağını və ona şəxsən rəhbərlik edəcəyini bəyan etmişdi. Bir müddət sonra Tsarukyan könüllülərlə görüşdü və bir batalyon yaratdı. Ancaq biz həmin batalyonu Şuşa ətrafında görmədik. Bəlkə Şuşanın süqutunun əsas səbəbi elə budur? Kifayət qədər qüvvəmiz olsaydı Şuşanı saxlamaq olardı. Şuşanı itirməyimizin əsas səbəblərdən biri elə Tsarukyanın könüllü dəstəsinin şəhər uğrunda döyüşlərdə iştirak etməməsini söyləmək olar”.
Paşinyan Tsarukyandan başqa Şuşanın itirilməsində sabiq Baş Qərargah rəisi Onik Qasparyanı da günahlandırırdı. Onun sözlərinə görə, Şuşanı qorumaq üçün göndərilən yardım qrupu yarım gün gecikmə ilə əraziyə çatdı və bundan sonra döyüşdə hansısa dönüş yaratmaq mümkün olmadı. Ermənistanın ikinci prezidenti Robert Köçəryan Talin sakinləri ilə görüşündə Şuşanın hökumət tərəfindən Azərbaycana verilməsi ilə bağlı əsaslı şübhələrinin olduğunu bildirir: “Ən təəssüfedici hal odur ki, Azərbaycan bölmələri Şuşaya heç bir avadanlıq olmadan daxil olublar. Onlar Hadrutdan pikaplarla meşələrdən keçərək Şuşaya gəlib çatıblar. Şübhələr də buradan qaynaqlanır. Niyə heç kim yol boyu onlara mane olmadı? Belə bir imkan var idi. Buna görə də insanların Şuşanın satılması barədə əsaslı səbəbləri var. Bu 5 milyard dollar danışıqları da sadəcə söhbət deyil. Konkret təklif var idi, bu barədə qeyd var, belə bir təklifi bu hökumət verib. Yalnız bu hökumətin gedişindən sonra əslində nə baş verdiyi bəlli olacaq. Mən indi də elə düşünürəm ki, Şuşa qəsdən Azərbaycana verilib.”
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Armnews” telekanalında jurnalist David Sarkisyana verdiyi müsahibəsində Şuşa döyüşləri ilə bağlı fikirlərini açıqlayır:
“– Şuşada və Xankəndidə müdafiəni təşkil etməyə nə mane oldu?
– Bilirsiniz, bu müharibənin belə sonu olmamasının müxtəlif yolları var idi. Müharibə fəlakətdir. Fəlakət zamanı hər şeydən istifadə etməyə çalışmalısan. Seyran Ohanyan və Yuri Xaçaturovu Onik Qasparyana məsləhətçi kimi dəvət etməyə nə mane oldu? Bu insanlar təcrübəli hərbçilərdir, elə deyilmi? Onik Qasparyan cəmi 2-3 ay Baş Qərargah rəisi olub və bu vəzifədə olmaq asan məsələ deyil. Həm Xaçaturov, həm də Ohanyan çoxlu hərbi əməliyyat keçiriblər. Yaxşı, Levon Mnatsakanyan və Samvel Karapetyanın təcrübəsiz Cəlal Arutyunyanın yanında məsləhətçi kimi dəvət edilməsinə nə mane oldu? Təsadüfi adamlar yüksək vəzifələrə təyin edilmişdi, pulemyotu avtomatdan fərqləndirməyən insanlar vəzifələrdə idi. Bu, sizcə cinayət deyilmi?
- Müharibənin son mərhələsində adlarını çəkdiyiniz şəxslər döyüşlərə rəhbərlik etməyə başlamışdı. Şuşanın müdafiəsi Seyran Ohanyana, Xankəndinin müdafiəsi isə Levon Mnatsakanyanın üzərində idi.
- Bu addım başqa məqsəd üçün edilmişdi. Əminəm ki, bu addım onları sonra bu şəhərlərin itirilməsində günahkar elan etmək üçün lazım idi. Diqqət etdinizsə, noyabrın əvvəlindən “Mənim addımım” mətbuatı Seyran Ohanyanın Şuşanı qorumaq üçün göstərdiyi qəhrəmanlıqlardan yazmağa başlamışdı. Təəccübləndim, amma iki-üç gün belə keçməmişdi ki, Seyran Ohanyanı Şuşanı saxlaya bilməməkdə ittiham etməyə başladılar. Mənim özüm yüzlərlə zabit, onlarla generalı şəxsən tanıyıram. Amma bu günə kimi hələ də Hadrutun, Şuşanın müdafiə komandirinin kim olduğunu tapa bilməmişəm. Ümumiyyətlə, bu cəbhəyə kim rəhbərlik edirdi ?
- Şuşanı itirdik, yoxsa verildi? Təəssüratınız necədir?
- Əlbəttə, Şuşa verildi. Mən demirəm ki, qəsdən. Mən artıq oktyabrda müharibənin nə vaxt bitəcəyini bilirdim. Tanışlar, söhbət etdiyim həmkarlar məndən soruşanda birmənalı olaraq azərbaycanlıların Şuşanı tutandan sonra müharibənin bitəcəyini bildirirdim.
- Sizə aydın idi ki, əvvəlcə onların məqsədi bu idi?
- Mənə aydın idi. Azərbaycan ordusunun hərəkət istiqamətinə, Əliyevin bəyanatlarına əsaslanaraq azərbaycanlıların hara getdiyini əsas götürərək bu qənaətə gəlmişdim”.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan “Aysor.am” saytına verdiyi müsahibədə Serj Sarkisyana fikirlərinə görə təşəkkür edir və Şuşanın müdafiə komandiri olmadığını bildirir: “Mən Ermənistanın üçüncü prezidentinə cəmiyyətimizə həqiqəti təqdim etdiyinə görə təşəkkür edirəm. Şuşaya gəlincə, mən 44 günlük müharibə dövründə müxtəlif məsələlərlə bağlı bir neçə dəfə Şuşada olmuşam. Noyabrın əvvəlində Arayik Arutyunyan məni Şuşaya dəvət etdi. Noyabrın 6-da, səhər saat 5:30 radələrində artıq Şuşadan çıxmışdım. Şuşanın verilməsi ilə bağlı konkret bir şey deyə bilmərəm, buna cavabı istintaq komissiyası verməlidir”.
“Vətən” partiyasının lideri Artur Vanetsyan isə hökuməti general-mayor Vitali Balasanyanı Şuşanın müdafiəsinə təyin etməməkdə günahlandırır: “Vitali Balasanyan Nikol Paşinyanla görüş zamanı cəbhədəki ən mürəkkəb vəziyyətin Şuşada olduğunu öyrənir. Balasanyan həmin görüşdə Şuşanın müdafiə komandiri vəzifəsini özünə həvalə edilməsini istəyir, Şuşanın alınacağı təqdirdə satqın adını öz üzərinə götürməyi qəbul edir. Paşinyan Balasanyanın istəyini qəbul etsə də Şuşa alınana qədər onu ora göndərmir. Səbəb ortaya çıxır, niyə?”.
Ermənistanda Şuşa ilə bağlı siyasi qarşıdurmalara müharibə ərzində Ermənistan ictimaiyyətini aldadan “WarGonzo” layihəsinin hərbi müxbiri Semyon Peqov da qoşulur və hökuməti Şuşanı qəsdən Azərbaycana verməkdə ittiham edir.
Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də verdiyi müsahibədə Paşinyanı müdafiə edir və müharibə ərzində Ermənistan və Azərbaycan liderləri arasında müzakirə edilən danışıqlar barədə məlumat verir: “Oktyabrın 19-20-də həm prezident Əliyev, həm də baş nazir Paşinyanla bir sıra telefon danışığım olub. Bu danışıqlar gedən zaman Azərbaycan Ordusu Qarabağın cənub hissələrində bir sıra əraziləri ələ keçirmişdi. Ümumilikdə mən Azərbaycan Prezidenti İlham Əliyevi qaçqınların Şuşa şəhərinə qayıtması şərti ilə Qarabağda hərbi fəaliyyətləri dayandırmağa razı saldım. Ancaq mənim üçün gözlənilmədən erməni tərəfdaşlarımızın mövqeyi elə formalaşdı ki, bu, onlar üçün qəbuledilməz oldu və baş nazir Paşinyan mənə birbaşa dedi ki, o, bunu Ermənistanın və Qarabağın maraqlarına təhlükə kimi görür. Ona görə də ona qarşı hansısa xəyanətlə bağlı ittihamların heç bir əsası yoxdur. Düzdü, ya yanlışdı, bu başqa məsələdir. Amma burada heç bir xəyanətdən söhbət gedə bilməz”.
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da baş verənləri belə xatırlayır: “Oktyabrın 19-da Arayik Arutyunyan mənə zəng edərək dedi ki, müharibəni dayandırmaq lazımdır. O, həmçinin bildirdi ki, bununla təkcə öz fikrini deyil, həm də Arkadi Qukasyan, Bako Saakyan, o cümlədən Robert Köçəryan, Serj Sarkisyan, Levon Ter-Petrosyanın adından fikirlərini çatdırır. Mən Putinə zəng etdim və o dedi ki, biz bunu Rusiyanın təklifi əsasında etməyə çalışmalıyıq. Rusiya Dağlıq Qarabağın statusunun müzakirəyə salınmamasını, ərazilərin təhvil verilməsini və sülhməramlılarının yeridilməsini təklif edirdi. Mən dedim ki, sülhməramlılar keçmiş DQMV-nin sərhəddi boyunca və Laçın dəhlizi boyunca yerləşdirilməlidir. Putin bununla razılaşdı və Əliyevlə bu barədə danışacağını bildirdi. Mən Arayik Arutyunyana zəng edərək yuxarıda qeyd olunan variant barədə məlumat verdim. O da bununla razılaşdı. Bundan sonra mən müxalifətlə görüşdüm və belə bir qərar verdiyimi bildirdim. Onların bir çoxunda istəksizlik var idi, bəziləri isə görüşdən sonra sosial şəbəkələrdə xalqı sonrakı mübarizədən saxlayanların satqın olması barədə status yazdılar. Həmin gün mən parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım. Ermənistan prezidenti və katolikos da bu iclasda iştirak edirdi. Ertəsi gün Bako Saakyan və Arkadi Qukasyan mənimlə görüşdə dedilər ki, onlar Dağlıq Qarabağın statusunu və ya statusunun dəqiqləşdirilməsi mexanizmi olmadan müharibənin dayandırılmasına razı deyillər. Ancaq bütün bunlar əhəmiyyətsiz idi, çünki mən qərarımı vermişdim. Ertəsi gün Putin razılaşmaya uyğun olaraq zəng etdi. O bildirdi ki, Əliyev razılaşıb, lakin sülhməramlılar DQMV-nin sərhəddi boyunca yerləşdirilməməlidir. Hadrut və Talış kəndi onların nəzarətinə keçdiyi üçün azərbaycanlılar bu istiqamətlərdən çəkilməyə razı deyil, sülhməramlılar isə de-fakto təmas xəttinə əsasən yerləşdirilməlidir. Bundan əlavə, erməni tərəfi azərbaycanlıların Şuşaya qayıtması ilə bağlı öhdəlik götürməlidir. Beləliklə, atəşkəs qeyri-mümkün oldu. Mən dedim ki, Hadrut məsələsində razılaşsam belə, Şuşanın verilməsi ehtimalını təsəvvür edə bilmirəm. Məsələ onda idi ki, bu halda Şuşa əhalisinin 90 faizi və ya daha çoxu azərbaycanlılardan ibarət olardı, beləliklə onlar paytaxta gedən yola nəzarət edəcəkdi.”
“Mənim addımım” fraksiyasının üzvü olan vitse-spiker Lena Nazaryan isə Şuşanın qəsdən verilməsi iddialarına belə cavab verir: “Erməni tərəfi vəziyyətin ağır olduğunu görəndə 7 rayonu qaytarmağa razılaşdı, lakin Əliyev buna Şuşa şəhərini də əlavə etdi. Erməni tərəfi Şuşanın Azərbaycana verilməsini qəbuledilməz hesab etdi və müharibədə dönüş yarada biləcəyini düşünərək mübarizəni davam etdirmək qərarına gəldi. Amma bu baş vermədi və bu bəyanat Şuşanın süqutundan sonra imzalandı. Əgər oktyabrın 19-20-də Ermənistan azərbaycanlı qaçqınların Şuşaya qayıtmasına razılıq versəydi bu gün bizi Şuşanı Azərbaycana verməkdə ittiham edərdilər. İndi də bizi Şuşanı satmaqda ittiham edirlər, lakin Şuşanı biz vermədik, onlar aldı”.
Müharibə başa çatdıqdan sonra Nikol Paşinyanın Şuşa ilə bağlı fikirləri baş nazirlə nəinki müxalifət, eyni zamanda öz hökumət üzvləri arasında da qarşıdurma yaratdı. “Müharibənin dayandırılması üçün bütün mümkün ssenarilərdə biz Şuşanı Azərbaycana verməli idik. Ümumiyyətlə Şuşa ilə bağlı məsələ indiyə qədərki bütün danışıqlar zamanı müzakirə predmeti idi və bu təkzibolunmaz faktdır”, - Baş nazir Paşinyanın bu açıqlamasını Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan təkzib edir: “Danışıqlar prosesinin heç bir mərhələsində Şuşa şəhərinin Azərbaycana verilməsi müzakirə olunmayıb”. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan “Feysbuk” hesabında Dağlıq Qarabağla bağlı müzakirələr zamanı Şuşanın heç vaxt Azərbaycana verilməsi məsələsinin müzakirə edilmədiyini yazır. Bu açıqlamadan dərhal sonra Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə Zöhrab Mnatsakanyanın Ermənistanın xarici işlər naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdiyini açıqlayır. Ermənistanın “Civilnet” internet kanalı isə Paşinyanın Şuşanın Azərbaycana verilməsi haqqında açıqlamasının həqiqət olduğunu bildirdi və bu məsələnin “Ki-Uest” danışıqları zamanı müzakirə edildiyini bildirdi. Britaniyalı tarixçi Tomas de Vall da bunu təsdiqləyir: “Amerikanın Ki-Uest şəhərində aparılan danışıqlarda Ermənistan azərbaycanlı qaçqınların 95 faizinin öz yaşadıqları yerə geri dönməsi üçün imkan yaratmalı olduğu qeyd olunur. Bundan əlavə, Azərbaycan öz anklavı olan Naxçıvan MR ilə Ermənistan ərazisindən açılacaq yol ilə əlaqə qurmalı idi. Bunun əvəzində isə Azərbaycan Şuşa şəhəri istisna olmaqla, Dağlıq Qarabağa olan iddiadan əl çəkməli idi”. Şuşanın satılması iddiasında Paşinyanı müdafiə edən Rusiya Prezidenti Vladimir Putin Şuşanın Azərbaycana verilməsi məsələsinin isə müharibəyə qədər müzakirə edilmədiyini bildirir.
Döyüşlərdə iştirak edən Ermənistan hərbçilərinin əksəriyyəti isə şəhəri obyektiv hərbi itki kimi görür. Şuşanın keçmiş meri Artsvik Sarkisyan şəhərin itirilməsini düzgün taktika olmaması və mərmilərin bitməsi ilə əlaqələndirir: “Şuşanın müdafiəsi Hadrut tərəfdən təşkil edilməli və başlanmalı idi. Hadrutdan onların birbaşa Şuşaya gedəcəyini başa düşməli idik. Hər dəfə geri çəkilməkdən danışanda qeyd olunurdu ki, biz geri çəkilirik ki, artilleriya zərbəsi endirərək onları məhv edək. Biz geri çəkilə-çəkilə Daşaltıya qədər gəlib çıxdıq. Bundan başqa silah-sursatımız da çatışmırdı. Daşaltıdakı mövqelərin birində minaatan mərmiləri olsa da minaatanın özü yox idi. Bu da müdafiəçilərin düşmənə layiqli müqavimət göstərə bilməməsinə səbəb oldu”. Ermənistan MN nümayəndəsi Artsrun Ovannisyan Şuşanın itirilməsini sürpriz kimi qiymətləndirir: “Şuşa ilə bağlı çox şey mənə aydın deyil. Noyabrın 6-da mən Şuşada idim. Ağlıma sığmayan bir çox döyüş epizodları var. Həmin gün bizim hərbi hissələrə, Şuşada olan qərargahımıza zərbələr endirilmişdi. Noyabrın 8-də mən Petros Qazaryan ilə birlikdə olanda Ermənistan MN-dən bizə məlumat gəldi ki, Şuşanı diversantlardan təmizləmişik. Biz artıq 9-u şəhərə girəcəyimizi düşünürdük, ancaq 9-da həqiqəti öyrəndik. Təəssüf ki, biz məğlub olduq və bu məğlubiyyəti diqqətlə öyrənmək lazımdır. Mən yalnız müharibədən sonra qarşımızdakı gücün nə qədər böyük olduğunu, hansı texnologiyalardan istifadə etdiyini başa düşürəm. Belə üstünlüyü olan rəqiblə müharibə aparmaq çox çətindir”. Sığnaq əməliyyatının iştirakçısı, “Şahen Meqryan” dəstəsinin komandiri Roland Aydinyan isə Şuşa və ətrafının Azərbaycan bölmələri tərəfindən ələ keçirilməsində eks “DQR” komandiri Samvel Babayanı günahlandırır.
Analiz
“Müasir Müharibə İnstitutu” layihəsinin sədri, amerikalı mayor Con Spenser Şuşa döyüşünü belə xarakterizə edir: “Şuşanın alınması Azərbaycan üçün böyük strateji qələbə idi və sonda müharibənin nəticəsini həll etdi. Şuşanın süqutundan sonra Azərbaycan qüvvələrinin bir neçə kilometr aralıda yerləşən paytaxt Xankəndiyə hücum edə və ola bilsin ki, ələ keçirə biləcəyindən ehtiyatlanan Ermənistan təslim olmağa məcbur oldu. Şəhərlər həmişə müharibənin operativ və strateji hədəfi olub. Onlar xalqların siyasi və iqtisadi gücünün mərkəzləridir. Onlar həmçinin ticarət yolları, manevr etmək çətin olan əsas quru keçidləri və ya limanların qlobal dəniz təchizatı xətlərini birləşdirdiyi sahil xətləri boyunca başlayır, böyüyür və genişlənir. Bir sözlə, onlar çox vaxt əsas ərazidə tikilir və ən azı mühüm kommunikasiya xətlərinə nəzarət edirlər. Şəhərlərin sayı, ölçüsü və mürəkkəbliyi artdıqca, bəziləri hərbi qüvvələrin onlardan və onların yaratdığı unikal problemlərdən qaçmağı təklif edir. Şuşa əməliyyatı göstərir ki, bu, sadəcə olaraq, variant deyil. Bunlar qaçınılmazdır və hərbçilər istənilən müharibədə effektiv olmaq üçün fəaliyyət göstərməyə hazır olmalıdırlar”. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 15-də Şuşa şəhərində hərbçilərlə görüşü zamanı bir daha Şuşanın alınması barədə danışır: “Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. 1992-ci ilin mayında Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər”.
2021-ci il martın 5-də digər çıxışında isə prezident bunları deyir: “Onlar bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Lakin bu gün artıq sirr deyil ki, döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. 44 gün ərzində ərazilərimizi azad etməyimizdə xüsusi təyinatlıların böyük xidməti olub. Orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Axı, dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır, bəli, bu, epos kimidir”.
Robert Köçəryan Azərbaycan Ordusunun Şuşa əməliyyatı barədə danışarkən təəccübünü gizlədə bilmir: “ Burada aydınlaşdırma tələb olunur. Şəhər kəndinə qədər Azərbaycan bölmələri yollarla hərəkət edə bilirdilər. Lakin Şəhərlə Çanaqçı arasındakı yol “DQR”-in nəzarətində qalan Qırmızı bazardan keçir. Yəni, bu nöqtədən Şuşa-Daşaltı ətrafına qoşunların hərəkəti kənd yolları ilə və ya ümumiyyətlə yol olmayan yerlərdən həyata keçirilirdi. Düz xətlə hesabladıqda bu 20 kilometrdən artıqdır. Dağlar düzənlik deyil, orada marşrut seçimi çox məhduddur və yol bəzən çox uzanır. Belə şəraitdə irəliləmə çox yavaşdır və həmin bölmələr çox yaxşı hədəfdir. Qarşıda gedən ordunun təczihatı, yaralıların çıxarılması da bu dar dolama dəhliz boyunca aparılmalıdır. Elə bir vəziyyət yaranır ki, hətta təəccüblənirsən ki, Azərbaycan hərbçiləri təminatı necə qurub və yaralıları oralardan necə təxliyə ediblər.”
18 yaşlı erməni Arman Qarayan Şuşa döyüşünü belə xatırlayır: “Mən bura iki qardaşımla döyüşün ikinci günündə gəldim. Əvvəlcə şimalda döyüşmüşəm və sonda bölməmizi Şuşa yaxınlığına gətirdilər. Mən əsl kabusun nə olduğunu elə orada anladım. Düşmən dalğa formasında üzərimizə gəlirdi. Gecələr dağlarda görünmə demək olar ki, sıfıra bərabər idi, qaranlıq və sıx duman olurdu. Azərbaycan xüsusi təyinatlılarını əvvəlcədən aşkar etmək üçün döyüşçülər mövqelərin önünə kartof çipsləri səpələyir və oturub qulaq asırdılar. Xırtıltı səsi gələndə həyəcan təbili çalınırdı”. 21 yaşlı Narek Caninyan isə düşmənin itkilərdən asılı olmayaraq sürətlə irəlilədiyini qeyd edir: “ 400 nəfərlik kolon görürdük. Həmin istiqamətə yaylım atəşi açaraq oranı məhv edirdik, bunun arxasınca iki dəfə bundan çox qüvvə ilə üzərimizə hücum edirdilər.” Andrey Nalbanzyan isə Azərbaycan əsgərlərini zombiyə bənzədir: “Biz zirehli maşını TƏİR ilə vurduq, maşının ətrafındakılar bir neçə metr uzaqlaşdı, pulemyotun arxasındakı adam isə ümumiyyətlə reaksiya vermədi. Siqaret çəkdi və bizə doğru atmağa başladı. Yaxın məsafədən döyüşə girən tanışlarım da düşmənin qeyri-insani qətiyyətini qeyd edirdi. Pulemyotla çiynini vurduğun halda belə o buna heç fikir vermir və terminator kimi üzərimizə gəlməyə başlayırdı.”
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer yazdığı məqaləsində Şuşa döyüşlərini belə xarakterizə edirdi: “Azərbaycan Ordusu müasir gecəgörmə sistemlərindən istifadə edir və buna görə də gecə saatlarında Şuşaya hücum etdi. Bütün müasir ordular gecələr döyüşməyə və hücuma üstünlük verirlər ki, bu da daha pis təchiz olunmuş düşmənə qarşı əlavə üstünlük verir. Azərbaycanlılar sərt dağlıq ərazidə döyüşə yaxşı hazırlaşıblar və döyüş meydanında yüksək dəqiqlikli raket və artilleriya atəşi ilə dəstəklənirlər. Azərbaycan komandanlığı əməliyyatlar teatrında baş verən hər şeyi, düşmənin bütün mühüm hərəkətlərini kifayət qədər aydın və real vaxt rejimində görür. Ermənilər qüvvə və vasitələrin cəmləşməsi və irəliləməsinin məxfiliyini praktiki olaraq təmin edə bilmirlər. Belə bir şəraitdə kiçik döyüşçü qruplarında hərəkətə keçməyə cəhd etmək məqsədəuyğundur, lakin çağırışçı və ehtiyatda olan erməni kontingenti belə döyüşə hazır deyildi və ay yarım davamlı məğlubiyyətlərdən sonra onların döyüş ruhu təmiz sarsılmışdı”. Rusiyalı hərbi ekspert Aleksey Xlopotov isə Şuşanın alınmasını “300 spartalı” əfsanəsinə bənzədir: “Azərbaycanın xüsusi təyinatlıları bu müharibədə qəhrəmanlıq səhifəsi yazdılar. Onların Şuşanı əlbəyaxa döyüşlə, bıçaq və tapança ilə alacaqlarını heç kəs gözləmirdi. Bu əsgərlərin cəsarətini “yenilik” adlandırmaq olmaz, bu hücum “300 spartalı”ya bənzəyən bir əfsanəyə çevriləcək.”
İtkilər
27 sentyabrdan başlayan Vətən müharibəsi zamanı Xankəndi ilə yanaşı, Şuşa da ilk gündən bombalanmağa başladı. Erməni ordusu bu istiqamətdə ən ağır itkiyə isə 4 oktyabrda məruz qaldı. Şuşada andiçmə mərasimi keçirilən mədəniyyət evi bombalandı. Azərbaycan mənbələrinin ilk məlumatlarında binada 300-ə yaxın hərbçinin öldürüldüyü qeyd olunurdu. Hadisənin tam təfərrüatı isə rus jurnalisti İlya Azarın 7 oktyabrda hazırladığı reportajda aydınlaşdı: “Bizi Şuşaya gətirən sürücümüz Sinodun dediyinə görə, bina bombalananda içəridə 600 hərbçi və polis olub. Onun sözlərinə görə, onlar atəşə məruz qalmamaq üçün mülki obyektdə xüsusi olaraq toplaşıblar. Çox güman ki, onların içərisində Azərbaycana məlumat ötürən xain var idi. Binanın qalıntılarını təmizləyən Harut adlı xilasedici də oktyabrın 4-də mərkəzdə hərbçilərin iclasının keçirildiyini və orada 300-ə yaxın adam olduğunu etiraf edir. Xilasedicilər binanın qalıntıları arasından 19 meyidi çıxarmışdılar.” Müharibədən sonra isə binaya edilən hücumun smartfon telefonların dalğaları nəticəsində çoxlu sayda insanın toplaşmasının müəyyən olunması ilə aşkar edildiyi bəlli olur. Belə ki, dalğalar nəticəsində hərbçilərin bir ərazidə toplaşdığı müəyyən olunaraq ərazi raket zərbəsi ilə vurulmuşdu.
Şuşa əməliyyatı isə hər iki ordunun müharibə ərzində ən çox itki verdiyi məntəqə kimi tarixdə qalır. Noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə Müdafiə Ordusu komandirinin müavini Ovannes Sarkisyan öldürülür. Bu erməni ordusunun yaralanan general-leytenant Cəlal Arutyunyan və Çartar kəndində öldürülən Artur Sarkisyandan sonra ən böyük üçüncü itkisi idi. Həmin gün müdafiə nazirinin müavinindən başqa Daşaltı-Şuşa istiqamətində vuruşan “Artsax Qəhrəmanı” adını almış baş leytenant Narek Ovannisyan və Tovmas Tovmasyan da öldürüldü. Bundan başqa, Daşaltı döyüşləri zamanı kəndin icma başçısı Mxitar Aruşanyan, kənd dəstəsinin komandiri Artur Arakelyan və onun oğlu Kamo Arakelyan öldürülür. Müharibə bitdikdən sonra erməni ordusunun Şuşada ciddi itkilər verməsini xarici jurnalistlərin videokadrlarından da müşahidə etmək olur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti, polkovnik Tehran Mənsimov isə Şuşa və ətrafında 730 erməni əsgərinin meyitini saydığını qeyd edir. Arayik Arutyunyan 10 noyabrdan sonra 2 gün ərzində Şuşa və ətrafından 150 erməni əsgərinin meyitinin çıxarıldığını bildirir. Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə çıxışı zamanı ölkə hakimiyyətinin şəhəri Azərbaycana təslim etməsi ilə bağlı şaiyələrə münasibət bildirərkən Şuşa və ətrafındakı itkiləri misal göstərir: “Mən bu barədə danışmaq istəməzdim, lakin son 2 gündə Şuşa və ətrafında həlak olmuş 300-dən çox əsgərin cəsədi çıxarılıb. 300 cəsəd, bu döyüşün miqyasını təsəvvür edə bilirsiniz? Buna baxmayaraq, generallar və siyasi rəhbərliyin Şuşa uğrunda döyüşməməsi barədə danışanlar var. Bəs bu insanlar kimin tapşırığı ilə döyüşüb ölüblər?” Sonuncu dəfə 2021-ci ilin oktyabrın 18-də tikintilər zamanı Şuşada tapılan daha 1 erməni əsgərinin meyiti Ermənistan tərəfinə təhvil verilmişdi. Azərbaycan Ordusunun Şuşanı və Daşaltını ələ keçirməsi nəticəsində erməni mənbələrinə əsasən, 4500 nəfər Şuşada, 650 nəfər isə Daşaltı kəndində yaşayan mülki ermənilər qaçqına çevrilir. Erməni ordusunun Şuşadakı itkilərinin ümumi sayı hələ də açıqlanmayıb.
Arayikin and içdiyi bina
Azərbaycan tərəfi isə müharibədə Füzuli, Suqovuşan və Xocavənddən sonra ən böyük itkiləri Şuşa istiqamətində verir. Azərbaycan Ordusunun Şuşa istiqamətindəki bölmələrinin sayı indiyə kimi qeyri-müəyyəndir. Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən 5784 hərbi qulluqçunu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif etməsinə əsaslansaq ümumi döyüşlərdə 6 mindən çox insanın iştirak etdiyini söyləmək olar. Döyüşlər zamanı xüsusi təyinatlı polkovnik-leytenant Ramiz Cəfərov və polkovnik-leytenant Bəhruz Abuşov həlak olur. Ümumilikdə, Azərbaycan ordusu Şuşa uğrunda döyüşlərdə 357 nəfər əsgər itirir. Semyon Peqov Şuşaya “İsgəndər-M” raketi endirilən zaman 500-ə yaxın azərbaycanlı hərbçisinin həlak olduğunu bildirmişdi. Şuşa əməliyyatı boyunca ümumi 357 Azərbaycan əsgərinin həlak olduğunu nəzərə alsaq, bu rəqəmin həqiqətə uyğun olmadığını söyləmək olar. Artur Danielyanın sözlərinə görə, raket endirilən zaman həmin istiqamətdə Azərbaycan hərbçiləri ilə yanaşı, erməni hərbçiləri də olub. Bu səbəbdən itkilərin tam miqyasını indiki halda təyin etmək mümkün deyil.
Nəticə
Azərbaycan-Rusiya-Ermənistan liderlərinin birgə bəyanatı zamanı əsas maddələrdən biri də Şuşa ilə bağlı idi. Belə ki, Azərbaycan tərəfi müqavilə bəndinə Xankəndi-Laçın yolunu Şuşadan yan keçməklə bağlı xüsusi əlavə qeyd edir. Noyabrın 13-də şəhərin ətrafında 15-ci ayrıca motoatıcı briqadadan olan rus sülhməramlılarının müşahidə məntəqəsi qurulur. Xankəndi-Laçın yolunun Şuşaya şimal hissədən girişində isə Azərbaycan ordusunun nəzarət-buraxılış məntəqəsi formalaşdırılır. Şuşada müharibədən sonra ən böyük problem yol məsələsi idi. Qırmızı Bazar-Xankəndi-Şuşa yolu Rusiya sülhməramlılarının nəzarətində qaldığı üçün Şuşaya yeni yol çəkilməli idi. 2020-ci ilin noyabrın 16-da əsası qoyulan yeni magistral avtomobil yol başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən (M6) götürürdü. Bu yol Azərbaycan Ordusunun Şuşa əməliyyatını həyata keçirdiyi hissədən keçdiyi üçün “Zəfər yolu” adlandırılır. İnşaatı 1 il davam edən 101 kilometrlik “Zəfər yolu” 2021-ci ilin noyabrın 7-də Prezident İlham Əliyev tərəfindən rəsmi olaraq açılır. Şuşada müharibədən sonra ilk iş olaraq elektrik xətti çəkilir və keçmiş Şuşa mehmanxanası təmir edilir. Şəhərdə işğal dövründə dağıdılan Molla Pənah Vaqifin türbəsi 2021-ci ilin avqust ayında tamamilə rekonstruksiya edilir. Müharibə dövründə bombalanan “Qazançı” kilsəsi də restavrasiya edilən memarlıq abidələri sırasında qeyd olunur. Şəhərin Azərbaycan mədəniyyətində xüsusi rolunu nəzərə alan Prezident İlham Əliyev 2021-ci ilin mayın 7-i Şuşanı “Azərbaycanın mədəni paytaxtı” elan edir. Şəhərdəki ən mühüm tədbir isə 2021-ci ilin iyununda həyata keçirildi. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycana üçüncü ölkə tərəfindən təhlükə olacağı təqdirdə bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar həyata keçirəcək. Bundan başqa, bu danışıqlarda Türkiyə prezidenti Erdoğan Türkiyənin Şuşada Baş konsulluq açacağını bəyan edir.
Ermənistan tərəfində isə müharibədən sonra Şuşa ilə bağlı daha çox ehtiyatlı fikirlər səslənir. Lakin bu məsələdə də erməni ictimai-siyasi fiqurları fərqli formada düşünür. Ermənistanın eks prezidenti Robert Köçəryan və “Vətən” partiyasının sədri Artur Vanetsyan Şuşanın danışıqlar yolu ilə qaytarılmasını düşünür. General-mayor Vitali Balasanyan isə Şuşanın danışıqlar yolu ilə geri qaytarılmasına tərəfdar olsa da “Şuşa, Qarabağın açarıdır”, Şuşanı alan Qarabağı da alır” fikirləri ilə razı deyil: “Şuşa, təbii ki, strateji bir ərazidir. Buna baxmayaraq, mən Şuşanı simvol hesab etmirəm. Bəziləri deyir ki, Şuşanı itirməklə biz Qarabağı itirdik və s. Mən belə düşünmürəm.” Ümumilikdə, erməni cəmiyyəti mövcud status-kvonun daimi formada qalmasını və Qarabağ məsələsinin danışıqlar yolu ilə həll edilməsini istəyir. Buna əsas səbəb Azərbaycan Ordusunun müharibədə əldə etdiyi parlaq qələbə və bu qələbənin gətirdiyi yeni siyasi reallıqlardır. Bu siyasi reallıqlar kontekstində Azərbaycan hökuməti Rusiya sülhməramlılarının nəzarətində qalan əraziləri Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə çalışacaq. Bunun nə dərəcədə uğurlu olmasını isə gələcək göstərəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar