Xəbər lenti


 

Azərbaycan sərhədçilərinin dünən Laçın buraxılış-keçid məntəqəsindən Ermənistana keçərkən yaxaladıqları Vaqif Çərkəz oğlu Xaçatryanın Meşəli qətliamında iştirak etdiyi və 2013-cü ildə beynəlxalq axtarışa verildiyi ortaya çıxıb. Baş Prokurorluğun yaydığı məlumata görə, uzun illər ərzində aparılmış istintaq sayəsində Xaçatryanın bu qətliamda iştirakı tam sübuta yetirilib və onun həbsi istiqamətində bəzi nəticəsiz addımlar atılıb. Sonunda çoxbilmiş qarğa dimdiyindən tələyə düşən kimi, Xaçatryan da müalicə almaq adıyla Qarabağdan Ermənistana qaçmaq istəyərkən yaxalanıb. Görünür, erməni terrorçularında yaxında həbs olunacaqlarına dair ciddi xof olduğundan indidən Azərbaycan torpaqlarını tərk etmək barədə düşünürlər. 

 

Bunlar öz yerində, zənnimizcə, “dimdiyindən tələyə düşən” Vaqif Çərkəz oğlunun günahı yalnız Meşəli qətliamında oynadığı rolla da məhdudlaşmaya bilər. Belə ki, tarixi sənədlər Meşəli cinayətini törədənlərin cəmi bir və ya 2 ay sonra Xocalı qətliamında iştirak etdiyini göstərir. Bu mənada Meşəli qətliamını əslində Xocalı soyqırımının müqəddiməsi saymaq olar. Niyə? Gəlin, bu suala cavab tapmaq üçün tarixi yaddaşımızı təzələyək.

 

Məlum olduğu kimi, Meşəli qətliamı 32 il bundan əvvəl baş verib. 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində dünən həbs olunan Xaçatıryanın da aralarında olduğu erməni hərbi birləşmələri Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə qəhrəmancasına müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıblar.

 

Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hücumlarına məruz qalıb və işğal olunub. Meşəlinin kəndinin 358 sakini didərgin düşüb, kənd tamamilə yandırılaraq məhv edilib. Hazırda Meşəli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

 

Meşəlinin tam işğalının üzərindən cəmi 1 ay keçəndən sonra ermənilər Xocalıya hücum ediblər. Həmin hücumda Meşəli qətliamının iştirakçıları da yer alıblar. Xocalı qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Başqa sözlə, dünən ələ keçirilən erməni qətliamçısı Vaqif Çərkəz oğlunun günah dəftərində rəsmilərimizin açıqladığından daha çox cinayətdə iştirak faktı var və Qarabağın işğalında, xüsusilə 4 mindən çox itkin vətəndaşımızın taleyinin müəyyənləşdirilməsində onun istintaqa verəcəyi ifadələr bir çox müəmmalara aydınlıq gətirə bilər. Üstəlik, erməni mediasının yazdığına görə, Xaçatryan 1996-97-ci illərdə “Artsax Müdafiə Ordusunun komandiri” Samvel Babayanın sürücüsü olub. Hərbi strukturlarda bir sürücünün elə komandir qədər informasiyaya malik olduğu sirr deyil. Bu baxımdan Çərkəzin oğlu Vaqifi yaxşı hərbi qənimət saymaq olar; o, yeni məlumatlarla Azərbaycan kəşfiyyat orqanlarının arxivini zənginləşdirə bilər.

 

Şəkildə: Samvel Babayan

Bununla belə, bəzi özünü hüquq müdafiəçisi sayanların Xaçatryanı müdafiəyə qalxması heç cür anlaşılan deyil. Baxıram, yaxından tanıdığım, bir zamanlar eyni sıralarda ölkəmizin demokratikləşməsi uğrunda mübarizə apardığım bəzi yoldaşlar sırf hakimiyyəti gözdən salmaq və beləcə xarici havadarlarının gözünə girmək naminə bu erməni qətliamçısının həbsini milli maraqlarımıza zidd addım kimi qiymətləndirirlər. Söykəndikləri arqument isə olduqca primitivdir: Xaçatryan kimi insanları 32 il əvvəlki cinayətə görə həbs etmək Azərbaycanla Ermənistan arasında son zamanlar başlayan normallaşma prosesinə xələl gətirə bilər. 

 

 Əzizlərim, əvvəla, qətliam, soyqırım kimi cinayətlər yalnız milli məsələ deyil, həm də bəşəri əhəmiyyətli hadisədir. İnsanlığa qarşı suçdur. Bu cür suçların zaman aşımı olmur. Harda yaxaladınsa, mütləq cəzalandırmalısan. Necə ki, Nurnberq məhkəməsinin gözündən yayınan bəzi faşistlərin axtarışları müharibədən çox-çox sonralara, hətta indiyə qədər davam edir. Xatırladım ki, İkinci Dünya Müharibəsinin bitməsindən 34 il sonra, 1979-cu ildə Birləşmiş Ştatların Ədliyyə Departamenti Amerikada yaşayan nasist cinayətkarlarını müəyyənləşdirmək üçün Xüsusi Təhqiqatlar Ofisi yaratmışdı. ABŞ-ın bu addımından ilham alan Avstraliya, Böyük Britaniya və Kanada kimi ölkələr Vaşinqtondan 10 il sonra, yəni 90-cı illərdə öz sərhədləri daxilində yaşayan nasist müharibə cinayətlərinin günahkarlarını ədalət qarşısında yarğılamağa çalışmışdı. Almaniya və Üçlər ittifaqında yer alan ölkələrdə müharibə cinayətkarlarını yaxalamaq kampaniyası 21-ci əsrdə də davam edir.

 

Yaxud "Serb qəssabı" ləqəbi ilə tanınan Ratko Mladiç 1991-1995-ci illərdə törətdiyi qətliamların cəzasını üzərindən 20 ildən çox zaman keçəndən sonra 2017-ci ildə almadımı? Eyni məhkəmə bu il Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar qəbul edib və bu qərarın icra müddətini sonsuza, loru dillə desək, qiyamətə qədər açıq buraxmadımı? Necə olur, siz rus faşisti Putin barəsində çıxarılan qərarı ədalətli sayır, erməni faşisti Vaqif Çərkəz oğlunun 32 ildən sonra yaxalanmasına qarşı çıxırsınız? Birdən beynəlxalq birliyin acığına gələr, erməniləri daha artıq dəstəkləyərlər, əndişəsi iləmi? Ədalət məhkəmələri və bu məhkəmələrin çıxardığı qərarların icrası kiminsə etirazına, göz yaşına baxmamalı, hökmlərini qanunların tələb etdiyi qaydada verməlidir. Məhz bu səbəbdən Femida xanımın məşhur heykəlinin gözü bağlı deyilmi?

 

Şəkildə: Ratko Mladiç

Üstəlik, Vaqif Çərkəz oğlunun barəsində hələ hökm belə çıxarılmayıb. Öz vətəndaşlarımıza ağlınız getməsin, Azərbaycan məhkəmələri erməninin, farsın, rusun işinə ədalətsiz  baxmaz. Məlumata görə, Xaçatryan göz altına alınan kimi, Azərbaycanın ən yaxşı klinikalarından birinə yerləşdirilib və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xüsusi nəzarətinə verilib. İnsafınız olsun, Xaçatryan familiyası daşımayan hansısa Çərkəzin oğluna bu diqqət göstərilərdi. 

 

Bir də adamım 68 yaşı var. Bu dünyadan köçüb getməsinə bir şey qalmayıb. Yəqin ki, Azərbaycan dövləti bir erməninin bizim məhbəslərdə ölməsinin məsuliyyəti altına girmək istəməz. Ondan lazım olan informasiyaları alıb bəlkə də bir neçə ildən sonra öz xarabasında ölməsi məqsədilə sərbəst buraxacaq. Odur ki, erməni qardaşınızın taleyindən bu qədər narahat olmayın. Çərkəzin oğlu sizdən də, məndən də yaxşı şəraitdə saxlanılır, xüsusi diqqət altında tutulur.


Heydər Oğuz,
Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 668          Tarix: 30-07-2023, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma