Xəbər lenti

"Zərdab rayonunda bir qız heç bir hazırlığa getmədən, gecə-gündüz oxuyub 650 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Amma, ailənin imkansızlığı bu sevinci kədərə çevirib. Belə ki, bu qızın qalmağa yeri və kitab-dəftər almağa pulu yoxdur. Bu problem həll olunmasa, o elə kənddə qalacaq və universitetə gəlib təhsilini davam etdirməkdən məhrum olacaq. Nə edək? Nə məsləhət verirsiniz? Paylaşın məsələ ictimailəşsin".

Sosial şəbəkədə yayılan bu məlumat qısa zamanda istifadəçilər tərəfindən paylaşıldı. Biz də bu məlumatın izinə düşərək, maddi yardıma ehtiyacı olan qızı araşdırdıq.

Əvvəlcə Zərdab rayon İcra Hakimiyyəti başçının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev Publika.az-a açıqlamasında məlumatın təhrif edildiyini dedi: “Bizim rayon üzrə 7 nəfər 600-dən çox bal tolayıb. Onlardan yalnız ikisi qızdır. Lakin bizdə olan məlumata görə, onların heç birinin ailəsində belə problem yoxdur. Üstəlik, hələ ixtisas seçimi başa çatmayıb, həmin qızların hüquq yoxsa, başqa bir ixtisasa qəbul olacağı bəlli deyil. Bununla yanaşı qızların həqiqətən maddi dəstəyə ehtiyacı olsa, icra hakimiyyəti olaraq onlara köməklik göstərməyə hazırıq”.

600-dən çox bal toplayıb ali məktəbə daxil olan qızların hər ikisi Lələağacı kəndindəndir. Qızlar doqquzuncu sinfə qədər kənd məktəbində oxuyub, son iki sinfi isə Yarməmmədbağı kənd orta məktəbində oxuyublar. Hər ikisi əlavə hazırlığa getməsələr də, müəllimləri onlara ali məktəbə hazırlaşmaqda dəstək olub.

Yarməmmədbağlı kənd orta məktəbinin direktoru Kamal Soltanov Publika.az-a açıqlamasında bildirib ki, məktəbin iki məzunu 600-dən yuxarı bal toplayıb, lakin heç birinin balı 650 deyil: “Şirinova Aytən 642, Əmrahova Cəvahir 642 bal toplayıb. Hər ikisi üçüncü ixtisas qrupu üzrə imtahan verib. Dünən hər ikisi ilə əlaqə saxlamışam, hələ heç biri ixtisas seçimini təsdiqləməyib. Təsdiqləmədikləri halda, onların hüquq fakültəsinə daxil olmasının yazılması doğru deyil. Qızların hər ikisi əvvəl hüquq fakültəsini istəyirdilər, hətta ADA universitetini də seçmək niyyətində idilər. İstədikləri balı toplaya bilmədiklərinə görə müəyyən qədər fikirlərində dəyişiklik var. Ballarına uyğun seçimlərini edəcəklər. Onların maddi durumu aşağı olduğuna görə ali məktəbə getməyəcəkləri də yalan məlumatdır. Çünki hər iki qızın ailəsində onları oxutmaq imkanı var. Onlar ali məktəbə hazırdırlar. Aytənin özündən böyük bacısı var, o da ali məktəbdə oxuyur”.

 




Ana səhifəyə qayıt        Baxış: 708          Tarix: 1-08-2017, 15:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma