Bir neçə gündən sonra istirahət dövrü başa çatır. Sentyabr bütün sahələrdə canlanma, aktiv iş dövrü kimi xarakterizə olunur.
Təəssüflər olsun ki, özlərindən asılı olmayan səbəblərdən jurnalistlər bir növ məzuniyyət dövründəki kimi işləməli olacaqlar. Səbəb, bir çox dövlət qurumlarının son vaxtlar informasiya qapılarını mediaya bağlamasıyla bağlıdır. Onlar jurnalistlərin sorğularını ya çox gec cavablandırır ki, bu cavablar da əhəmiyyətsiz olur, ya da ümumiyyətlə cavablandırmır. Belə yanaşma isə cəmiyyətdə dedi-qoduların artmasına, yanlış informasiyaların ayaq açmasına səbəb olur.
Bəs KİV rəhbərləri vəziyyəti necə dəyərləndirir?
“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı:
- Dövlət strukturları, məmur aparatı, icra hakimiyyəti orqanları mediaya açıq olmalıdır. Bu qanunla tənzimlənən bir məsələdir. Onların vəzifələrindən biri cəmiyyətə informasiya verməkdir. Mövcud icra hakimiyəti orqanlarının mətbuat xidmətlərinin mediaya nə qədər açıq olub-olmaması mən düşünürəm ki, həmin qurumlara rəhbərlik edən insanlardan çox aslıdır. Son vaxtlar sevindircidir ki, əksər icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinə jurnalistika ilə məşğul olmuş şəxslər təyin olunur. Onlar media ilə təmas qurmağa, əlaqə qurmağa çox meyillidir. Amma təəssüf ki, mətbuatdan qaçan, cavab verməyəm mətbuat xidmətlərinin rəhbərləri də var. Onların mediadan uzaq durmaları təbii ki, bizim də işimizdə çox ciddi problem yaradır. Belə görünür onlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Zamanla həmin icra hakimiyyəti orqanlarına etirazımızı bildiririk. Amma görünür ki, bəzi mətbuat xidməti rəhbərləri məmurlaşmağa başlayıb, ona görə də media ilə işləməkdən qaçırlar. Bizim işimiz informasiya verməkdir, ölkəni, cəmiyyəti informasiya ilə təmin etməkdir. Onların da borcu informasiyanı bizə düzgün mənbədən, dolğun və ətraflı çatdırmaqdır. İşlərimiz demək olar ki, eynidir. Onlar işlərinin öhdəsindən yaxşı gəlsələr, bundan həm dövlətimiz, həm də cəmiyyətimiz qazanar.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:
- Son zamanlar mətbuat xidmətlərinin fəaliyyətində irəliləyişlərin olduğunu deməsək, bu, insafsızlıq olar. Demək olar ki, dövlət orqanlarının çoxunun mətbuat xidmətlərinin rəhbəri vəzifəsinə vaxtilə mətbuatda çalışmış şəxslər cəlb olunub. Bununla yanaşı, bəzi dövlət qurumlarında, bəzi təşkilatların mətbuat xidmətində mətbuatla iş qurulması ilə bağlı problemlər həqiqətən də qalmaqdadır. Bu uzun müddətdir davam edir. İndiyə qədər bu problemlərin aradan qaldırılması istiqamətində kefayət qədər işlər aparılıb. Mətbuat Şurası, müxtəlif jurnalist təşkilatları layihələr icra edib, tədbirlər keçiriblər, təkliflər veriblər, dövlət orqanları ilə birlikdə bununla bağlı müzakirələr aparılıb.
Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzi mətbuat xidmətlərinin rəhbərli hələ də işlərində dönüş yarada bilmirlər. Amma problem ikitərəflidir mənim fikrimcə. Burada təkcə mətbuat xidmətinin rəhbərlətirini günahlandırmaq olmaz, həmin qurumların rəhbərlərinin mətbuata münasibəti də böyük rol oynayır. Düşünürəm ki, mətbuatla münasibətləri zəif olan, işlərində müəyyən qüsurları olan mətbuat katibləri ilə, onların rəhbərləri ilə görüşlər keçirilməlidir. Bu dövlət səviyyəsində, Mətbuat Şurası səviyyəsində müzakirə olunmalıdır. İctimai qınaq olmalıdır, mətbuat onlardan yazmalıdır, onların rəhbərliyinə çatdırılmalıdır ki, ictimaiyyət, mətbuat onların çox zəif işlədiyini görüb və problemi qabardır. Hər hansı bir müzakirə çıxarsa, qiymətləndirmə aparılarsa bu onların işində bir qüsur kimi mütəmadi olaraq vurğulanacaq. Hesab edirəm ki, bu yollar problemlərin qarşısını tədricən almaq olar.
"Qafqazinfo"nun baş direktoru Elbrus Ərud:
- Ümumiyyətlə, son 1 ildə yox, son bir neçə ildə Azərbaycanda bəzi qurumların mətbuat xidmətlərinin fəaliyyəti sıfıra düşüb. Xüsusilə də hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti sıfıra bərabərdir. Hazırki dövrdə Müdafiə və Daxili İşlər nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyəti çox bərbaddır. Özlərinə lazım olanda onlar mətbuat katibi olurlar, jurnalistlərə lazım olanda isə yox. Ehsan Zahidov nazirlyin mətbuat xidmətinə rəis təyin olunandan demək olar ki, bir dəfə də mətbuata düz-əməlli açıqlama verməyib, jurnalistlərlə kobud davranır. Bununla bağlı mən müvafiq orqanlara şikayət etmişəm. Mətbuat xidməti pis fəaliyyət göstərən digər qurumların rəhbərlərinə də yazılı müraciət etmək məcburiyyətində qalmışam.
Qanunla bütün mətbuat xidmətləri mətbuatla yaxşı münasibət qurmalıdır, heç bir sual cavabsız qalmamalıdır. Cavab verməmək fəaliyyətsizliklə bağlıdır. Əllərinə bəzi fürsətlər keçib, bəhanə edilər ki, müharibə şəraitidir, bir neçə qanuna da dəyişiklik edilib. Yazı yazan jurnalisti düşmən dəyirmanına su tökmüş kimi dəyərləndirirlər, bu düzgün mövqe deyil, mövqelərini dəyişməlidirlər, mətbuatla münasibətləri sıx olmalıdır. Hazırki şəraitdə Müdafiə Nazirliyi hər gün mətbuat konfransı keçirməlidir.
Daxili İşlər Nazirliyini Əli Həsənovun nəvəsinin törətdiyi qəzada hansı mövqedə gördük? Onlar mətbuatın önü ilə deyil, arxası ilə gəldilər. Hadisənin üzərindən az qala 2 gün keçəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti gördü ki, heç kim heç nə demir, gecikmiş açıqlamasını verdi. Amma hadisə baş verən kimi mətbuata çıxmaq lazım idi. Onlar belə işləyə bilməz.
Mən düşünürəm ki, bu rəhbərliklə bağlı məsələ deyil, çünki Sadiq Gözəlovun dövründə də nazir Ramil Usubov idi, indi də. Bu həmin qurumların mətbuat xidmətlərinin rəhbərinin özlərinin təcrübəsi ilə bağlıdır. Dünyada heç bir qurumun mətbuat xidmətinin rəhbəri mətbuatdan qaçmaqla yaxşı işləyə bilməz. Mətbuatın yanında olmaq lazımdır. Guya Azərbaycan mətbuatı nə edir ki? Mətbuat Müdafiə Nazirliyi və ya Daxili İşlər nazirliklərinin yaymaq istəmədiyi hansı məsələnin üstünə gedə bilir ki? Heç bir məsələdə mətbuat cəsarət nümayiş etdirə bilmir.
Azərbaycan kiçik ölkədir, hamımız necə işləmək lazım olduğunu yaxşı bilirik və işləyirik də. Heç kim dövlətin maraqlarına ziyan verən informasiyanı yaymır. Amma burada başqa bir məqam var, onlayn media sahəsində o qədər qeyri-ciddi saytlar yaranıb ki, bu məsələnin bu qədər böyüməsinə bəlkə də onlar səbəb olur. Onlarala mübarizə peşəkar mediadan yayınmaqla olmamalıdır. Bir neçə gün öncə silah anbarında baş verən hadisə onu göstərdi ki, hadisəni mətbuatdan gizlətmək düzgün deyil. Müdafiə Nazirliyi məcbur olub 4-5 məlumat yaydı. O qəza baş verəndə xəbəri ən tez Müdafiə Nazirliyi verməli idi. Belə olanda şayiələrin qarşısı alınardı. Hansısa yoldan keçən sakinlər Müdafiə Nazirliyini qabaqlayırsa, bu onların problemdir. Pis fəaliyyət göstərən mətbuat katibləri ilə yanaşı, yaxşılar da kifayət qədərdir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın və başqalarının fəaliyyəti çox yaxşıdır. Digərləri də onlardan örnək götürməldir. Belədə cəmiyyətimiz qazanar.
“Bakipost.az”ın rəhbəri Elçin Zahiroğlu:
- Mətbuat xidmətləri jurnalistlərin narahat olduğu və gileyləndiyi sahədir. Əlaqələrin zəifləməsi kimi görünən bu halın bir neçə səbəbi var. Bunlardan biri mətbuat katiblərinin öz işlərini son zamanlar sosial şəbəkələr vasitəsi ilə qurmaq, təmsil etdikləri qurumla bağlı olan informasiyaları burada paylaşmaq və müəyyən jurnalistləri işarələməklə kifayətlənmələridir. Onlar bu üsulla yalnız özlərinə lazım olan məlumatları ictimailəşdirir və hansısa jurnalistin zənglərinə cavab verib, vaxt itirmək, “başlarını ağrıtmaq” istəmirlər. Bundan başqa, əksər mətbuat katibləri müəyyən saytlarla dostluq əlaqələri qurub, lazımi məlumatları onların vasitəsi ilə yayır və həmin saytların əməkdaşlarının zənginə cavab verməklə kifayətlənirlər. Belə olduqda dost saytlardan gələn “sərf etməyən” suallara cavab verməmək problemini də həll etmiş olurlar. Özlərinin istədiyi informasiyalara tribuna tapdıqlarına görə, başqa saytlarla işləmək marağında olmurlar və özlərində “yad” jurnalistlərin sorğularına cavab vermək məcburiyyəti hiss eləmirlər.
Sorğulara cavab verməmək bir az da ictimai qınaqdan qorxmamaq, bununla bağlı hansısa cəza tədbirlərinin olmamasıyla bağlıdır. Şəxsi münasibətlər, “həmkarlıq təssübküşliyi” də məsuliyyətsiz mətbuat xidmətlərinin canını qurtaran, onların linc edilməsini ertələyən amillərdən biridir. Burada günahkar tərəflərdən biri də media qurumlarıdır. Çünki onlar işlərinin öhdəsindən gələ bilməyən, mətbuatın peşəkar fəaliyyətinə nəinki kömək etməli olan, hətta bəzi hallarda mane olan həmin mətbuat katiblərinin cəzalandırılması ilə bağlı demək olar ki, rəsmi şəkildə müraciət etmirlər. Buna görə də mətbuat katibləri də arxayınlıq, saymazyanalıq formalaşıb və bu hal günü-gündən dərinlləşir. Mətbuatla işləməyən, lazım olan vaxtda telefonlara cavab verməyən mətbuat katiblərinin üzünə qapı bağlanmalıdır. Həmin adamların yaydığı informasiyalar birmənalı şəkildə “delete” edilməlidir. Bəzi mətbuat katibləri var ki, onların rəhbərini tapmaq olur, amma özlərini tapmaq olmur. Ona görə media rəhbərləri, jurnalistlər bu məsələlərin üzərindən keçməməli və öz haqlarını tələb etməlidirlər. Məsələlərə belə yanaşdıqda, problem həllini tapar. Amma hesab edirəm ki, hər şeyi qara rəngdə görməməliyik. Jurnalistlərin zənginə operativ cavab verən, öz işlərini professional şəkildə görən mətbuat katibləri də kifayət qədərdir. Onların fəaliyyəti, əməyi, peşəkarlığı da lazım olanda təbliğ edilməli, nümunə kimi göstərilməlidir.
“Modern Media Group”un baş direktoru Elşad Eyvazlı:
- Gerçəklik odur ki, son vaxtlar ayrı-ayrı dövlət qurumlarının mətbuat xitmətlətinin media ilə işləməsində problem var. Halbuki, 1 il öncə bu məsələlərdə problem bu şəkildə böyük deyildi.
Birinci problem odur ki, hələ də bəzi qurumlar informasiya vermək məsələsində jurnalistlərə “ögey-doğma” münasibəti sərgiləməkdə davam edirlər. Bu, yanlış addımdır.
Jurnalist olaraq bunun səbəbini başa düşə bilmirik. Tətil müddəti, məzuniyyət müddəti bitir, qarşıdan payız gəlir, qızğın iş vaxtı, müxtəlif layihələrin həyata keçirilıməsi qarşımızdakı prioritetdir. Ancaq necə, informasiya mənbəyi qapılarını üzümüzə bağlayırsa, jurnalistlər yola verilirsə bu, təkcə jurnalistikaya zərər vurmur. Cəmiyyətin inkişafına mane olur. Bəzi dövlər qurumları media ilə az qala sovet dövründə olduğu kimi işləyirlər. Bəzi mətbu orqanlar da elə onlar kimi fəaliyyət göstərirlər. Ayıb deyilmi, bu müstəqillik bunun üçün idimi?
Belə işləyirlər ki, hər gün barələrində yüz cür fantaziyalar uydurulur. Heç görmüsünüz ki, media ilə yaxşı işləyən hansısa dövlət qurumu barədə dedi-qodu yayılsın.
Mən mətbautdan kənar qaçan dövlət qurumlarına, onların rəhbərlərinə, mətbuat katiblərinə üzümü tuturam, mediaya belə münasibət elə sizin dövlətə, Azərbaycanın inkişafına, şəffaflığa olan münasibətinizdir. İşinizin bərbad halda olduğunun göstəricisidir. İşiniz düzdürsə, probleminiz yoxdursa, bütün fəaliyyətiniz şəffafdırsa, niyə mətbuatdan gizlənirsiniz? Bir məlumatı dəqiqləşdirmək üçün az qala jurnalist mətbuat katibinə yalvarır. Belə olmur axı. O mətbuat katibləri yəqin edirlər ki, bəlli bir çərçivə var, jurnalist ondan kənara çıxa bilməyəcək. Yanlış yanaşmadır. Bilməlidirlər ki, o çərçivə varsa da müvəqqətidir.
Modern.az portalı 50-dən artıq KİV-də çalışan jurnalistlər arasında media ilə pis işləyən mətbuat katiblərinin müəyyənləşməsi üçün sorğu keçirir. Bizə başqa yol qoymadılar.
Məsələ ilə bağlı təklifimiz də var. Mütləq bütün mətbaut katiblərinin və mətbuat nümayəndələrinin iştirakı ilə ümürespublika konfransı keçirilməlidir. Məsələnin kökü araşdırlmalıdır. Mediaya dırnaqarası baxanlar ictimai qınağa çəkilməlidirlər.
Çox təəssüf ki, son illər jurnalist təşkilatları nəinki bu sahədə, bütün sahələrdə gözə görünmürlər.
publika.az
Paylaş: