Xətai rayonunda piyadanın ölümüylə nəticələnən qəzaya Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov münasibət bildirib.
Eks-nazir "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən qəzayla bağlı ona qarşı heç bir cinayət işi açılmayıb:
"Hadisə sentyabrın 14-ü baş verib, şahid qismində ifadə vermişəm".
Qəzanın təfərrüatından danışan Zülfüqarov piyadanın içkili olduğunu əlavə edib:
"İlk növbədə onu qeyd etmək lazımdır ki, bu, 4 zolaqlı yoldur. İndi bilmirəm, bunu demək nə dərəcədə düzgündür. Ancaq həmin piyada içkili vəziyyətdə olub. Avtobusun qabağından qəflətən yola çıxıb. Bu zaman sürücülər tormoz verməyə başladı. Yolda qarışıqlıq yarandı. Piyada mənim maşınımın yan güzgüsünə dəydi. O biri maşın isə üstündən keçdi. Hadisə müşahidə kameralarına da düşüb. Mənim idarə etdiyim maşının qanun pozuntusuna yol verdiyi görünmür. Çünki sürət icazə veriləndən də aşağı idi. Onun avtobusdan düşərək maşının güzgüsünə dəyməsi 1 saniyədən də az vaxt çəkir. Maşınımda olan videokamerada da bu vaxt əks olunub. Piyada güzgüyə dəyibsə, o zədə ala bilər. Güzgü o dəqiqə bağlandı. Hadisədən sonra sürücülər hamısı maşını saxladı. Polis gəldi və ifadə verdik.
Məlumdur ki, adam ölümü ilə cinayət işi açılır və istintaq başlayır. Axşam mənlə digər sürücünü də ekspertizadan keçirtidilər. Təbii ki içkili vəziyyətdə deyildim. İfadə verdik. Şahid qismində hadisədə iştirak edirəm. Maşınımı götürüblər, ekspertiza aparacaqlar. Bu faciədir. Yaxınlarına baş sağlığı verirəm. Onun 67 yaşı olub. Bu yaşda yerüstü keçid ola-ola qaçaraq 4 zolaqlı yolu keçmək,zənnimcə, düzgün hərəkət deyil".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Bu gün isə mətbuatda piyadanın T. Zülfüqarov tərəfindən vurulması barədə məlumat yayılıb.
strateq.az
Paylaş: