Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyev bildirib ki, bura gələnlər öyrədilib. Zərərçəkmiş Maqsud Mahmudov buna etiraz edib. Onunla E.Quliyev arasında mübahisə düşüb.
"Elçin Quliyev kimi ləyaqətsizlər, quldur generallar MTN-i dağıtdılar", - M.Mahmudov bildirib.
E.Quliyev M.Mahmudovu dələduz adlandırıb.
M.Mahmudov da onu şərəfsiz adlandırıb.
Hakim M.Mahmudovu zaldan çıxarıb.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
*** 11:58
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə keçmiş MTN əməkdaşı, mərhum Malik Mustafayevin epizodu üzrə Əbülfət Məmmədov ifadə verib.
Onun sözlərinə görə, M.Mustafayevlə dost olub: "Malik Mustafayev intihar etməmişdən bir gün əvvəl görüşdük. Mənə qardaşı Mətləbin həbs edildiyini və rəsi Elçinin onu təhdid etdiyini dedi. O bildirdi ki, qardaşından Əli müəllimin (Əli Nağıyev) əleyhinə ifadə almaq istəyirlər".
Ə.Məmmədov vurğulayıb ki, görüş zamanı M.Mustafayev özünü pis hiss etdiyini deyib: "O, evdən çölə çıxmadığını, yaşamaq istəmədiyini bildirdi. Mən ona təskinlik verirdim. Dedim ki, "qardaşın silah ittihamını öz üzərinə götürsün, uzağı bir-iki il yatıb çıxar". Malik isə başqa söhbətlərin olduğunu qeyd etdi. O, səhərisi günü intihar etdi. Evindən məktub çıxdı. Məktubda qeyd edilmişdi ki, "ölümümə heç kəs səbəbkar deyil".
Təqsirləndirilən E.Quliyev deyib ki, M.Mustafayevin rəisi olmayıb: "Bu şahid istintaqa verdiyi ifadəsində mənim adımı çəkməyib. Şahid sonradan istinaqa gəlib ifadə verib. Malik Mustafayev intihar edəndən sonra Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb və istintaq aparılıb. Bir ildən sonra isə işə xitam verilib. Bu il ərzində onun yaxın dostu istintaqa cəlb edilməyib. Malik Mustafayevin qardaşı Mətləb Mustafayev həbsdən çıxandan sonra isə bu şahid peyda oldu. Bu vaxta qədər Əbülfət Məmmədov harda olub? Bəlkə istintaqda ona kimsə təzyiq edib? Bəlkə sənin başını kəsmək istəyiblər".
Şahid Ə.Məmmədov E.Quliyevin çıxışından sonra qeyd edib ki, istintaqda müstəntiqin dəvəti ilə ifadə verib: "Özbaşıma ifadə verməmişəm. İndi Elçin Quliyev məhkəmədə baş kəsməkdən danışır. O qədər baş kəsibsən ki, ancaq bundan danışırsan. Əli müəllimi şəxsən tanımıram. Malikdən eşitmişəm ki, Əli müəllim MTN-də işləyib".
Prosesdə digər şahid Nadir Mədətov iş adamı Ələsgər Əliyevin epizodu üzrə dindirilib. O qeyd edib ki, 7 saylı Notariat Kontorunun notariusu vəzifəsində çalışır: "Alqı-satqı işi ilə bağlı müraciət edilib. Daha sonra hüquqi sənədlər əsasında torpaq alqı-satqısı həyata keçirilib".
Hazırda proses davam etdirilir.
Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
Paylaş: