Ələmdar Məmmədov
keçmiş prokuror
Bir dostluğun cəfası
Sirr deyil ki, hüquq mühafizə orqanlarında idarəçilik mənafeyindən irəli gələn qısqanclıq hissi həmişə olub. Bu, milisin adamıdır, o, prokurorun adamıdır, bu biri də KQB (DTK)-nin adamıdır və s. kimi.
Masallının Ərkivan kəndində Əli adlı “Moskviç” maşın ustası var idi. O, 60-cı illərdən sənətkar kimi məşhur idi. Ona görə də adına “Moskviç Əli” deyirdilər. Oğlanları Yavər və Aydına da öz sənətinə öyrətmişdi. Həyətində maşın təmiri üçün guşə düzəltmişdi. Prokurorluğun xidməti “Moskviç-412” markalı maşınını da lazım olanda o, təmir edirdi. Sıravi milis işçilərindən heç vaxt xidmət pulu almazdı. Oğlu Yavər prokurorluq işçilərinin qulluğunda durardı. Xidməti işlə əlaqədar qonşu rayonlara, hətta Bakı şəhərinə gedəndə, öz şəxsi maşını ilə onları aparardı. Bir sözlə, zəhmətkeş və xeyirxah ailə idi.
1980-ci ilin avqust ayında rayon prokuroru məzuniyyətdə olduğu üçün onu əvəz edirdim. Bir gün prokurorluğun sürücüsü Surxay həyəcanlı halda otağıma girərək dedi: - OBOXESLƏR (SƏDM əməkdaşları) Əli kişinin sexini bağlayıb, özünü də milis şöbəsinə aparıblar. Milis rəisinə zəng etdim. O, “Möhtəkirliklə mübarizə tədbirlərini daha da gücləndirmək haqqında” Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin birgə qərarını mənə xatırlatdı. Mən də ona ironiya ilə Masallıda Əli kişidən başqa doğrudan da alverçi olmadığını xatırlatdım.
Axşamüstü SƏDM bölməsinin rəisi və istintaq bölməsinin baş müstəntiqi Fərhad Nəbiyev Əli kişinin haqqında həbs qəti-imkan tədbiri seçilməsi barədə qərarla yanıma gəldilər. Mən həbsə icazə vermədim. Bir gün sonra baş müstəntiq F.Nəbiyev otağıma gəlib bildirdi ki, Sizin yanınızdan çıxandan sonra qərara gəldik ki, Əli kişiyə CM-nin 153-cü maddəsinin 1-ci hissəsi ilə ittiham elan edək və barəsində “Şəxsi iltizam” qəti-imkan tədbiri seçək. Mən razılaşdım. Təxminən, 15 gün sonra rayon prokuroru məzuniyyətdən qayıtdı. İşə çıxan günü Əli kişinin əməli CM-nın 153-cü maddəsinin 2-ci hissəsinə (külli miqdarda alver) tövsif edildi və barəsində həbs qəti-imkan tədbiri seçildi.
Rayon prokuroru Nurəddin Orucov uzun müddət müstəntiq, mühim işlər üzrə müstəntiq vəzifələrində işləmişdi, 5 ay idi ki, rayon prokuroru vəzifəsinə təyin olunmuşdu. O, yüksək təşkilatçılıq qabiliyyətinə malik, cinayətkarlığa qarşı mübarizədə qətiyyətli adam idi. Çoxşaxəli prokuror nəzarəti sahəsində təzə olduğuna görə, ilk dövrlərdə bəziləri onun “mübarizliyindən” sui-istifadə edirdilər. Əli kişini ona “mafioz element ” kimi təqdim etmişdilər. Halbuki, Əli kişinin yeganə təqsiri oğlu Yavərin prokurorluq işçiləri ilə dost olmasında idi.
Həmin gün axşam RPK-də keçirilən müşavirədə milis rəisi cinayətkarlıqla ciddi mübarizə apardıqlarını,lakin bəzi çiyindaşların bu işə mane olduğunu bildirdi. Sonra o Əli kişinin məsələsinə toxundu: “Həyətindən bir kuzov maşın hissələri götürülmüş Əli adlı alverçi 15 gün idi ki, azadlıqda gəzirdi. Yaxşı ki,rayon prokuroru prinsipiallıq göstərərək, bu gün onu həbsə aldı. Rayon prokuroru da cıxışında bu məsələyə toxundu. Cinayətkarlıqla mübarizədə hamının bir nöqtəyə vurmalı olduğunu, xüsusi pafosla vurğuladı. Hər ikisi Əli kişinin haqqında danışarkən mənə baxırdılar. Bununla da məni, necə deyərlər, zorla döşək üzərinə çıxartdılar. Doğru ilə yalanın, xeyirlə şərin, mərhəmətlə qəddarlığın, Davudla Qoliafın savaşı başladı. Əlimdəki sapand ədalətə söykənən ictimai rəy, daşlar isə könüllülərin gətirdikləri qiymətli məlumatlar idi. Daşı sapanda qoyub sərrast atmaq qalırdı.
Əvvəla, Əli kişinin həyətindən götürülən maşın hissələrinin 95%-i istifadəyə yararsız idi. Dəyəri olmadığına görə əmtəə sayılmır, deməli, alver predmeti ola bilməzdi. İkincisi, müharibə iştirakçısı Əli kişinin 61 yaşı var idi. Onun həbsə alınması rayonda aydın səmada göy gurultusunu xatırladırdı. Ümumiyyətlə, bu həbs qərarı onsuz da zəif imicli insanlara qarşı ikrah hissi yaradırdı.
Masallılar öz qanuni hüquqlarını qorumağı bacarırlar. Mənə görə, Əli kişinin işində bir dənə də olsun şikayət ərizəsi yox idi. Səhərisi günü onun ailə üzvləri,qohumları və həmkəndliləri müxtəlif ünvanlara şikayət etməyə başladılar. Əli kişi mənim sifarişimlə prokurora müdafiəçi ilə təmin edilməsi barədə ərizə ilə müraciət etdi. Onun vəsadəti təmin edilmədi. Mən tələbə yoldaşım, savadlı və artıq vəkillikdə ad-san qazanmış Firuz Əliyevə zəng etdim. Ondan istintaqın gedişində Əli kişinin müdafiəsini öhdəsinə götürməsini xahiş etdim. Bir neçə gündən sonra Firuz gəldi və işinə başladı.
Əli kişinin həbsdə olduğu 40 gün ərzində rayon milis şöbəsində gizlətmə faktları ilə əlaqədar çoxlu müraciətlər olundu. Həmin müddətdə əvvəllər qeydə alınmamış, gizlədilmiş 6-7 fakt üzrə cinayət işi başlanıldı. Kənd məktəblərinin birində odlu silahın yoxa çıxması faktı müəyyən edildi. CM-nin 220 -1 maddəsi ilə (odlu silahın oğurlanması) və bu hadisənin gizlədilməsi ilə əlaqədar CM-nın 167-ci maddəsinin 2-ci hissəsi ilə (vəzifədən sui-istifadə) cinayət işi başlanıldı. Ədalət naminə demək lazımdır ki, rayon prokuroru bu məsələdə tərəfsiz mövqe tuturdu.
Nəhayət, Əli kişinin işi məhkəməyə göndərildi. Firuz Əliyevin vəsadəti üzrə mütəxəssislərin iştirakı ilə maşın hissələrinə baxış keçirildi. Bir dənə də olsun təzə, satış üçün yararlı hissə tapılmadı. Hətta 5% təzə hissələr də pas atmışdı (Sonralar məlum oldu ki, sıravı milis nəfərləri gecə yarısından sonra milis şöbəsində qarajın bir küncündə yığılıb saxlanılan maşın hissələrinin üstünə bir- iki vedrə su töküblərmiş). Hakim, məhkəmə sədri Abbas Quliyev Əli kişinin haqqında bəraət hökmü çıxartmaq qərarına gəldi.
Mən prokurorun rəis, müstəntiq və SƏDM əməkdaşını necə məzəmmət etdiyini, onların Abbas müəllimə yalvardıqlarının şahidi oldum. Uzun müzakirələrdən sonra Əli kişinin əməli CM-nin 153-cu maddəsinin 1-ci hissəsinə tövsif olundu. Onun cəzası şərti hesab edildi. Əli kişinin məhkəmə zalında həbsdən buraxılmasını camaat coşqu ilə qarşıladı. Ədalət qalıb gəldi. Yavər haqlı olaraq bir daha prokururluq işçilərinin qulluğunda durmadı.
Rayon partiya komitəsinin büro qərarından PROTEST
Respublika prokurorluğunda ilin yekunu ilə əlaqədar kollegiya iclası keçirilirdi. SSRİ Baş Prokurorunun 1-ci müavininin iştirak etdiyi kollegiya iclasını respublika prokuroru İlyas İsmayılov aparırdı. Kollegiya üzvü olan III dərəcəli Dövlət Ədliyyə müşaviri çıxışında dedi ki , bəzən prokurorların verdiyi təqdimat və protestlər təmin olunmur. Ona görə də təklif edirəm ki, təqdimat və protestlərin təmin edilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan norma qəbul edilməsi barədə qanunverici orqan qarşısında məsələ qaldırılsın. SSRİ Baş Prokurorunun I müavini çıxış edənin sözünü yarımçıq kəsərək dedi: - Sizin kimi təcrübəli prokuror necə belə fikir yürüdə bilər?! Burada gənc prokurorlar oturub. Onlar sizdən nə öyrənəcəklər? Prokurorun sözü zəng kimi səslənməlidir. Siz isə cəfəngiyat danışırsınız.
Səhərsi günü seminar-müşavirədə İlyas müəllim də bu məsələyə qayıdaraq, həmin prokuroru məzəmmət etdi və dedi: - Siz elə yaşayıb, işləməlisiniz ki, hər bir sözünüz qanun norması kimi qəbul edilməlidir.
Doğrudan da məhkəmə qərarlarından fərqli olaraq, prokuror nəzarəti aktlarının (protest,təqdimat və s.) təmin edilməməsi heç bir hüquqi nəticə yaratmırdı. Buna baxmayaraq, uzun illər ərzində verdiyim yüzlərlə protest və təqdimat hamısı vaxtında təmin olunub və nəticəsi mənə bildirilib. Bir qeyri-adi protestlə əlaqədar hadisəni, oxucuların müzakirəsinə verirəm.
1990-cı ilin axırlarında sovxozların birinin baş aqronomu işdən qanunsuz çıxarılması barədə ərizə ilə müraciət etdi. Həmin dövrdə Cəlilabadda şikayəti olan vətəndaşların əksəriyyəti mənə müraciət edirdilər. Qonşu davasından tutmuş ailə münaqişəsinədək, vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən tutmuş təsərrüfat işlərinin gedişinədək, cinayət hadisələrindən tutmuş mülki hüquqi məsələlərə dair və s. Bir gündə 30-40-50 nəfər şikayətçi qəbul edirdim. Şikayətlərin mənə yönəlməsinin obyektiv və subyektiv səbəbləri var idi. İşlədiyim 6 il ərzində 4- I katib, 3 RİK-nin sədri, 3 DTK-nın sədri, 3 milis rəisi, hakimlər korpusu dəyişmişdi. Vəzifədə axıra qədər qalan mən olmuşdum. Subyektiv səbəb təvazökarlıqdan uzaq olsa da, şikayətçiləri hər gün, bayram və istirahət günləri daxil olmaqla, günün istənilən vaxtında qəbul edib, münasibət göstərməyim idi. Cəlilabadlılar mənə böyük etimad göstərmişdilər. Bir çox rayonlarda prokurorlar Rayon Sovetinə deputat seçilə bilmədiyi halda, mən Rayon Sovetinin deputatı, Rayon Soveti Rəyasət Heyyətinin üzvü, RPK-nın büro üzvü seçilmişdim. Mənim köməkçilərimdən Mircavan Kazımov da Rayon Sovetinin, Nurəli Şəbiyev isə Şəhər Sovetinin deputatı idilər. Bir neçə dairədən Azərbaycan SSR-i Ali Sovetinə deputatlığa namizədliyim irəli sürülmüşdü. Mən də Cəlilabadlıların etimadını doğrultmağa çalışır, əsaslı şikayətlərin çoxunu operativ şəkildə, telefonla həll edirdim.
Baş aqronomun işdən çıxarılması barədə, rayon ASB-nin rəisinin əmri qanunsuz idi. Belə ki, həmin əmrdə baş aqronomun işindəki cüzi nöqsanlar qeyd olunsa da, əsas kimi – RPK-nın büro qərarı göstərilmişdi. Mən savadlı və samballı kadr kimi tanıdığım RPK-nın büro üzvü ,rayon ASB-nin rəisi Qılınc Nəsirova zəng etdim. Qanunsuz olduğuna görə əmri ləğv edib, baş aqronomu işinə bərpa etməsini tövsiyə etdim. Bu gün də davam edən dostluq münasibətində olduğumuz Qılınc müəllim qəti etirazını bildirdi. İşlədiyim dövrdə birinci dəfə idi ki, idarə rəhbəri mənim qanunu tələbimə “yox” deyirdi. Dəstəyi asıb protest yazmaq qərarına gəldim. Təxminən 30 dəqiqədən sonra RPK-nın birinci katibi Xeyrulla Əliyev telefonla onun yanına gəlməyimi xahiş etdi. Xeyrulla müəllim əslən Cəlilabadlı idi. 15 il Mərkəzi Komitədə mədəniyyət bölməsinin müdiri vəzifəsində işləmişdi. Çox savadlı, mütaliəçi,mədəni bir insan idi. (Məşhur tənqidçi və yazıçı Cahanbaxışın kürəkəni idi). Respublikanın tanınmış yazıçı və şairləri daim onun qonağı olurdular. Əlbəttə, idarəçilik təcrübəsi nisbətən zəif idi. Ən təəccüblüsü bu idi ki, inzibati-amirlik metodu ilə işləmək istəyirdi. Təbii ki, dəyişən şəraitdə bu özünü doğrultmurdu.
Birinci katibin otağında DTK-nın yerli şöbəsinin rəisi və Qilinc Nəsirov oturmuşdular. Mən görüşüb stolda oturan kimi, Xeyrulla müəllim “siyasi dərs” keçməyə başladı. Pozucu adamlara qarşı birgə mübarizə aparmağın zəruriliyindən, hamının bir nöqtəyə vurmalı olduğundan, baş aqronomun büronun qərarı ilə çıxarılmasından, mənim də büro üzvi kimi həmin iclasda iştirak etməyimdən və qərarı imzalamağımdan danışdı. Mən təxminən aşağıdakıları bildirdim:
-Əmək qanunvericiliyində işçinin RPK-nın büro qərarına əsasən işdən çıxarılması barədə norma yoxdur. İkincisi, həmin şəxsin Siz dediyiniz kimi, az qala cinayəti varsa, qoy, cinayətə görə işdən çıxarılsın. Yoxsa əmrdə işdən çıxarılmağa səbəb olacaq faktlar görünmür. Üçüncüsü, Konstitutsiyanın 6-cı maddəsi ləğv olunub, cəmiyyətə partiya rəhbərliyi yoxdur. Dördüncüsü, həmin iclasda iştirak etməmişəm və qərarda da imzam ola bilməz. Qərarları gətirdilər, həqiqətən mənim imzam yox idi.
Otağıma gəlib bir saat ərzində iki protest və bir məktub hazırladım. Protestin biri ASB-nin rəisinin əmrinin qanunsuz olduğundan ləğv edilib, aqronomun əvvəlki işinə bərpa olunması və 10 gün müddətində prokurora məlumat verilməsi tələbi idi. Rayon partiya komitəsinin birinci katibi Xeyrulla Əliyevə ünvanlanmış məktubda Sov.İKP üzvi, RPK-nın büro üzvü, rayon ASB-nin rəisi Qılınc Nəsirovun qanunsuz hərəkəti barədə məlumat idi.
İkinci protest RPK-nın büro qərarının ləğv edilməsi barədə idi. Belə ki,RPK-nın büro qərarında “Rayon ASB-nə baş arqonomu işdən çıxartmaq” tapşırılırdı.
Məktub və protestləri ünvanına göndərdim. Axşam saatlarında Xeyrulla müəllim məni dəvət etdi. Bu dəfə kabinetdə tək idi. Təxminən aşağıdakıları bildirdi: Mən Mərkəzi Komitə ilə danışdım. Doğrudan da, RPK-nın büro qərarı və ASB-nin baş aqronomu işdən çıxartmaq barədə əmri qanunsuzdur. Sonra Xeyrulla müəllim xahiş etdi ki, protesti və məktubu geri götürüm. Aramızdakı bu söhbətdən sonra RPK-nın büro qərarından verilmiş protesti geri götürdüm. Rayon ASB-nə verilmiş protest artıq təmin olunmuş, baş aqronom işinə bərpa edilmişdi. Yəqin ki,partiya tarixində ikinci belə bir hadisə olmayıb.
Protestlə əlaqədar bir hadisəni də danışmaq istəyirəm. Cəlilabad rayonuna təzə gəlmişdim. Bir gün RİK-nın xanım katibi mənə zəng etdi: “Aslan müəllim xahiş edir ki,onun yanına gələsiniz”.
Aslan Mehdiyev məndən bir ay əvvəl Cəlilabad RİK-nin sədri seçilmişdi. Tezliklə rayon partiya komitəsinin birinci katibi olacağı barədə söz-söhbət gəzirdi. Təklif etik qaydalara uyğun olmasa da, (mənim düşuncə tərzim belə formalaşmışdı ki, prokuroru yalnız iclasa dəvət etmək olar) Aslan müəllimin dəvətini qəbul etdim. Görüşüb hal-əhval tutduqdan sonra, xanım katib RİK-nin baş tutacaq iclasının qərar layihələrini mənə təqdim edərək, qanuni olub olmamasını soruşdu.
Qərar layihələrinə göz gəzdirib, normal olduğunu bildirdim. Xanım katib qərar layihələrini çevirərək tanış olmağım barədə imza etməyimi xahiş etdi. Tanış oldum : sözlərinin altında RİK-nin sədrinin müavinləri, katibi və üzvlərinin adı ilə yanaşı,rayon prokuroru Ə.Məmmədovun da adı yazılmışdı. Mən bir qədər acıqlı formada “prokuror bütün icra orqanlarının qanunlara düzgün əməl etməsi üzərində nəzarəti həyata keçirir. Siz isə məni icraçı yerinə qoyursunuz!”, dedim. Aslan müəllimlə xudahafizləşib, otağıma gəldim.
RİK-nin prokurorluğa göndərilmiş qərarlar toplusunu gətizdirdim. Böyük mahiyyət daşımasa da, topludan protest vermək üçün 8 qərar seçdim. Məsələn, qərarın birində “A”-nın inzibatı məsuliyyətə cəlb edilməsi “filan” təşkilata tapşırılırdı. Halbuki, qanunda qeyd olunan xətaya görə inzibati deyil, intizam tənbehi məsələsi qoyula bilərdi. İkincisi,ünvanlanmış təşkilatın inzibati tənbehə cəlb etmək hüququ yox idi. Qərarların ləğv edilməsi barədə 4 protesti günortaya qədər RİK-ə göndərdim. Axşamüstü Aslan müəllim gülə-gülə otağıma gəldi. Bir-birimizi başa düşdük. Bir yerdə işlədiyimiz 5 il müddətində, necə deyərlər, aramızdan su da keçmədi. Qeyd edim ki, Aslan müəllimin bu yaxınlarda keçirilən 70 illik yubileyində bu məsələni bir daha xatırladıq.
Mən bu hadisələri nəql etməklə demək istəyirəm ki, başqalarının hüquqlarını qoruya bilmək üçün, öz səlahiyyətlərini qorumalısan. Bircə dəfə səlahiyyət müstəvisinə çat düşsə-qanun hörümçək toruna dönər-güclülər dəlib keçər, zəiflər ilişib qalar.
Paylaş: