Şəkildə: Azərbaycan SSR-nin Respublika prokuroru İlyas İsmayılov, Almaniya Demokratik Respublikasının Baş prokuroru T. Ulrix, Lənkəran şəhər partiya komitəsinin I katibi Dilruba Camalova və SSRİ Baş prokurorunun müavini V. V. Naydenov (1985-ci il)
“Tanıdıqlarım, gördüklərim, bildiklərim” kitabının “maraqlı hadisələr və şəxslər “bölməsindən səhifələr
Mənim şəxsi işimdə əl ilə yazılmış bir arayış var.
“Bu gün Lənkəran şəhər partiya komitəsinin I katibi Dilruba Camalova Respublika prokuroru A. Zamanova zəng edərək bildirdi ki, Masallı rayon prokurorunun böyük köməkçisi Ələmdar Məmmədovu uzun müddətdir ki, tanıyırıq. Onun Lənkəran rayon prokuroru müavini vəzifəsinə təyin edilməsini məqsədə müvafiq hesab edirik.
Azərbaycan Respublikası prokurorunun müavini
İlyas İsmayılov
14 sentyabr 1983-cü il”
(Mən həmin arayışı təxminən 15 ildən sonra görmüşdüm)
Məsələ burasındadır ki, həmin vaxt Respublikanın 2-3 kənd rayonunda prokuror müavini ştatı var idi. Lənkəran rayon prokurorunun müavinləri bir qayda olaraq bir ildən sonra rayon prokuroru təyin olunurdular. Ona görə də bu vəzifənin “müştəriləri” çox idi.
2 ay öncə Lənkəran rayon prokuroru Tələt Qənbərov mənə bu təklifi etsə də, rus dilini pis bilməyimi bəhanə edərək təklifdən mədəni şəkildə imtina etmişdim. Tələt müəllim hər hansı məsələdə qərarlı olsaydı, axıra kimi gedirdi. Respublika Prokurorunun 16 sentyabr 1983-cü il tarixli əmri ilə Lənkəran rayon prokurorunun müavini vəzifəsinə təyin edildim.
Bir neçə gündən sonra Dilruba Camalova məni qəbul etdi. İlk dəfə görüşməyimizə baxmayaraq, çox səmimi, məhrəmanə söhbətlər etdi. Rayondakı ümumi vəziyyəti, partiya tələblərini izah etdi.
Rayon prokuroru Tələt Qənbərovun əvəzinə cox vaxt tədbirlərdə mən iştirak etməli olurdum. Dilruba xanımın fərqli iş üslubu var idi. Heç vaxt səsini qaldırmaz, hər hansı bir məsələnin müzakirəsində səbr və dözümlülük nümayiş etdirirdi. Respublikada yeganə birinci katib idi ki, yay aylarında iclaslarda kostyumsuz oturmağa icazə verirdi. Hamı ona “müəllimə” deyə müraciət edirdi.
Təxminən 9 aydan sonra prokuror məzuniyyətdə olarkən prokuror köməkçisi İlham Əliyev CM-nin 15, 95-ci maddəsi ilə (ölümə sui-qəsd) yekunlaşdırdığı cinayət işini ittihamnamə ilə birlikdə mənə təqdim etdi. İşlə tanış olarkən məlum oldu ki, müqəssir şəxsi münasibətlər zəminində bir nəfər tanışına bıçaqla qarın boşluğuna ağır xəsarət yetirmişdir. Haqqında “Başqa yerə getməmək barədə şəxsi iltizam” qəti-imkan tədbiri seçilmişdi. Əvvəllər iki dəfə məhkum olunmuşdu (məhkumluğu ödənmişdi).
İlhamdan “nə üçün həbs qəti-imkan tədbiri seçməmisiniz”- deyə soruşduqda bildirdi ki, rayonda böyük nüfuz sahibi olan “S”-nın qaynıdır və müəllimənin də qohumudur.
Müqəssiri otağıma dəvət etdim. Arıq, çəlimsiz, 30 yaşında cavan oğlan idi. Danışanda çöhrəsi qızarırdı. “Sən cinayətə meylli adama oxşamırsan. Niyə bu hərəkətləri etmisən?”-deyə ondan soruşdum. Cavab verdi:
-Ələmdar müəllim, içkili olanda özümü idarə edə bilmirəm, aqressiv oluram.
Onun yanındaca milis şöbəsindən əməkdaşları çağırıb, barəsində həbs qəti-imkan tədbiri seçərək ittihamnaməni təsdiq edib, cinayət işini məhkəməyə göndərdim. İki saat keçməmiş “S” mənə zəng etdi. Narazılığını bildirdi. Mən onu başa salmaq istəsəm də, mənim hərəkətimi ona və müəlliməyə qarşı hörmətsizlik kimi qiymətləndirdi.
Bir neçə gündən sonra milis şöbəsində keçirilən iclasda cinayətkarlığa, xüsusən narkomaniya, xuliqanlığa, qudurğan hərəkət edənlərə qarşı kəskin mübarizə aparmağı tövsiyə edirdim. Milis işçilərindən DAM-nin əməkdaşı baş leytenant rütbəsində olan bir nəfər ayağa qalxıb mənə sual verdi:
-Ələmdar müəllim, hansı mübarizədən danışırsınız? Bir həftə əvvəl iki nəfər cavan oğlan sərxoş vəziyyətdə məni və tabeliyimdə olan serjantı söyüb təhqir edib, sonra da bizə xəsarət yetiriblər. Şikayət etmişik. Prokurorluq gözləmə mövqeyi tutur. Bizdən barışıq istəyirlər.
Baş leytenantın gözünün altındakı qaraltı bir həftə keçməsinə baxmayaraq, hiss olunurdu. Prokurorluğa gəlib baş müstəntiq Fərhad Cavadovu çağırıb, işlə tanış oldum. Demək olar ki, heç bir istintaq hərəkəti aparılmamışdı. Səbəb – birinin atasının hüquqşünas olmaqla “qələminin iti” , digərinin yenə də “S”-nin qohumu olması idi.
Həmin günü hər ikisinə CM-nin 189-1 mad. 2-ci his. və 207 mad. 2-ci hissəsi ilə ittiham elan olunmaqla barələrində həbs qəti-imkan tədbiri seçildi. Bir neçə gündən sonra məhkəmə-prokurorluq ilk partiya təşkilatının katibi, prokurorun böyük köməkçisi Muxtarov mənə bildirdi ki, kommunist kimi sənin hesabatın dinlənilməlidir. Daşın haradan atıldığını bilirdim. Hesabatın günü və vaxtı təyin olundu. Raykomun üçüncü katibi də iclasda iştirak etməli idi.
Məni artıq heç bir tədbirə dəvət etmirdilər. Hesabat günü saat 15 radələrində “müəllimə” məni yanına çağırdı. Əvvəlkilərdən fərqli olaraq soyuq görüşdü:
-Ələmdar müəllim, siz həmin şəxsləri həbsə almadan işləri məhkəməyə göndərə bilməzdiniz?
-Xeyr müəllimə! Həbsə almadan işi məhkəməyə göndərsəydim və müqəssir yeni cinayət törətsəydi, bunu cavabını kim verəcəkdi? Mən və prokuror köməkçisi üç dəfə məhkum olunmuş insana görə niyə orqandan qovulmalıyıq? Bir də ictimai rəy var. Onda gərək adam öldürməyə cəhd edənlərə, milis işçilərinə xəsarət yetirənlərə dəyib toxunmayaq.
Müəllimə məni tam başa düşdü və səmimi yola saldı. Mənim hesabatım dinlənilmədi. Bir neçə gündən sonra “S” yanıma gəlib üzr istədi və dedi ki, bizə yanlış məlumat veriblər. Bu görüşdən sonra yenə əvvəlki qaydada tədbirlərə dəvət olunurdum.
1985-ci ilin mart ayında Cəlilabad rayon prokuroru vəzifəsinə təyin olundum. Müəllimə ilə görüşümüzdə dedi:
-Ələmdar müəllim, rayondan getməyinizi təəssüf edirəm, lakin vəzifəyə təyin olunmağınıza görə sevinirəm. Sizə yeni işinizdə müvəffəqiyyətlər arzu edirəm.
Sonradan Cəlilabadda işləyərkən bölgə və Respublika tədbirlərində bir neçə dəfə görüşmüşdük. Mən Dilruba xanımı harada görürdümsə, mütləq yaxınlaşıb salamlaşırdım.
Axırıncı görüşümüz 1993-cü ilin avqust ayında Əlikram Hümbətov əleyhinə təşkil olunmuş mitinqdə oldu. 21 və ya 22 avqustda Balakən rayon prokuroru Fazil Hüseynov və bir neçə dostlarımızla birlikdə Lənkərana hüzür yerinə getmişdik. Gecəni Lənkəranda dostlarımızın evində qalıb, səhərisi günü saat 17 radələrində şəhərdən çıxarkən İcra Hakimiyyətinin qarşısında qələbəlik gördük. Dilruba xanım digər yoldaşların iştirakı ilə Əlikram Hümbətov əleyhinə mintinq keçirirdi. Yaxınlaşdıq. Çox səmimi görüşdük. Axıra kimi mitinqdə iştirak etdik. Çıxış etmək istəyirdim, lakin icazəsiz gədiyimə görə fikrimdən vaz keçdim.
Növbəti mitinq iki gündən sonra, həftənin 1-ci günü saat 17:00-a təyin olundu. Mən Dilruba xanıma təklif etdim ki, mitinqi fasiləsiz elan etsinlər. Xəstəxana və çörək zavodundan başqa heç kim işə çıxmasın. Dilruba xanım dərhal razılaşdı və mitinqi səhər saat 9-dan fasiləsiz elan etdi. Xudahafizləşərkən mitinqdə iştirakıma görə mənə təşəkkürünü bildirdi ( video görüntü qalır).
Bakıya qayıtdıq. Səhərisi günü Zaqatalaya yaxınlaşarkən saat 18 radələrində Heydər Əliyevin radio ilə çıxışından bildik ki, Əlikram Hümbətov Dilruba Camalovanın başçılıq etdiyi mitinqçilərin təzyiqinə dözə bilməyib, qaçıb.
1994-cü ilin payızında Dilruba xanım mənə telefon açaraq bildirdi ki, dünən prezidentin tapşırığı ilə hüquq mühafizə orqanlarının rəhbərləri Lənkərana gəlmişdilər. Mən sizin Lənkəran rayon prokuroru vəzifəsinə təyin edilməniz barədə yoldaşlardan xahiş etdim. Bu, bizim axırıncı danışığımız oldu.
Ələmdar Məmmədov
Keçmiş prokuror
Paylaş: