Xəbər lenti
Dünən, 19:25

 Çox dəyərli intelektual kimi tanıdığımız Araz Gündüzün son tərcüməsi olan Entoni Giddensin “Əlimizdən çıxan dünya” əsərində Putinin oyuncağa çevirdiyi dövlətin iqtisadi sistemini “bandit kapitalizmi” adlandıraraq yazır: ”Demokratiya üçayaqlı kətilə bənzəyir: dövlət, iqtisadiyyat və vətəndaş cəmiyyəti arasında tarazlığın olması zəruridir. Əgər onlardan hansısa biri o birindən üstündürsə, nəticə məyus edici olacaq.” Sadalanan həmin demokratiya üçayağından Rusiyada yalnız biri var: avtoritar dövlət! Bəli, yalnız güclü avtoritarizmə söykənən bircə repressiv dövlət aparatı var. İqtisadiyyatını isə yalnız oliqarxlar arasında bölünən piroqa bənzətmək olar. Vətəndaş cəmiyyəti insitutunun prinsipial şəxslərinə qarşı repressiya yerdə qalanlarının da “meymunlar ölkəsindəki” (ifadə Rusiyanın məşhur teatr xadimlərindən birinə məxsusdur) reallıqla barışmağa məcbur edib. 

Rusiya canlı bir orqanizm olaraq çoxsaylı xəstəlikləri özündə daşıyan pasiyentdir. Bu xəstəliyi şiddətləndirən və ağrıların artıran pasiyentin ən böyük siyasi xəstəliyi “sərhədsizlik” xəstəliyidir. Bütün dünyaya yayılacaq qədər imperiya xəstəliyinə yoluxmuş “şimal ayısı” zəifləri boğur, gücü çatmayanı isə yaralayır. Qarabağ, Abxaziya, Osetiya, Dnestrayanı, Krım bu vəhşiliyin qurbanlarıdır. Bir Krıma görə Avropa Birliyi və ABŞ-la üz-üzə gələcək qədər tərslik nümayişi ona nələrin hesabına başa gəlmədi? Bir dəvəyə yük olacaq qədər özünün kütləsini hər zaman artırmağa çalışan Rusiya, bircə dəfə də olsun özünün sanbalını artıra biləcək çəkisi haqqında düşünmədi. Siyasi çəkisi yox, məhz kütləsi onun beynini daha çox məşğul etdi. Hamını, o cümlədən qonşuları “ütüləyəcək” qədər əzici gücünü özünə üstünlük kompleksi qazandıracağını kafasına taxıb. Sizif əməyi sayəsində bu qədər resurs itkisinin alternativini heç düşünmədi. Bütün bölgələrdə hamı ilə eyni dərəcədə savaş içində olub, torpaqları nəzarətdə saxlamağın ona nə verdini heç anlamaq belə istəmədi. Bunu düşünmək fürsəti və zamanı oldumu? Tutaq ki, hətta okeanları tutdun, ərazilərə yayıldın, amma sonda ki, öz torpaqlarını icarə üçün yenə də müasir texnologiyanı yaradanlara verməyə məcbur olursan ki?! Ondandırsa, bütün dünya ilə savaş içində olmadan təbii (Rusiya) və texnloji, finans resursları (Qərb və Avropa) birləşdirməklə yeni iqtisadi inkişaf ssenariləri yaratmaq ən doğrusu deyilmi? Belə bir alternativin olduğu bir seçim imkanında bu Sizif əməyinin adı nədir? 
ABŞ və Avropa Birliyi ilə soyuq müharibə iqtisadi baxımdan açıq savaş mərhələsinə keçib. ABŞ-ın Maliyyə Nazirliyi təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı olan şəxslərə qarşı sanksiyanın əhatə dairəsinə düşəcək şəxsləri müəyyənləşdirən layihəni Konqersə göndərib. Cəmi 200 nəfərdən artıq olan dövlət idarəçiliyində mövqe tutan insanlardan başlamış transmilli şirkət rəhbərlərinədək olanların hamısı Rusiya iqtisadiyyatını öz təsirlərində saxlayan cil atan xərçəngə bənzəyir. Öz iradələrinə tabe etdirilən böyük bir iqtisadiyyatın müxtəlif sektorlarını siyasi çevrələrlə razılaşdıraraq yüzlərlə oliqarx arasında bölüşdürülüb. Gəlir piroqunun xeyir-duasını Kremldə həll olunur. Məhz Rusiyada nepatizm nəticəsində iqtisadi resurslara nəzarətin edilməsi gəlir bərabərsizliyinin (Cini indeksi) sürətlə böyüməsinə gətirib çıxarıb. "Credit Suisse"nin 2017-ci il üçün "Qlobal Sərvət Hesabatı"na əsasən dünyada sosial ədalətsizlik ən çox Rusiyada müşahidə olunur. Belə ki, ölkənin 75% sərvəti ölkənin 1%-ni təşki edən yuxarı zümrəli insanların əlində cəmləşib. Müqayisə üçün deyək ki, hətta Hindistan və Taylan kimi ölkələrdə bu rəqəm 58 %-dən çox deyil. 
İslahat yönlü olmayan və bazar iqtisadiyyatına keçidi müəmmalı olan Rusiya kimi bir iqtisadi sistemdə böyük bir sərvətin məhdud bir çevrənin əlində olması bu dövlətin istismarçı xarakterini göstərir. Gəlir bərabərsizliyinin mövcud həddə qədər böyüməsi dövlətin tənzimləmə funksiyasının effektiv olmamasının sübutudur. Bu nisbət həm də iqtisadi alətlərin sosial diferensasiyanın daha da təşviqedici rolunun daha da artmasına işarədir. Bu isə o deməkdir ki, sərvət sahibi olanlar özlərinin iqtisadi diktatura qurmaqları ilə cəmiyyəti ifrat varlılara və lümpenlərə bölürlər. Rusiyanın makroiqtisadi göstəricilər sübut edir ki, bu nisbət yaxın illərdə müsbətə doğru dəyişməyəcək. Dövlətin istismarçı rolu daha da artacaq. Xarici borclamanın kritik həddi keçməsi, resurs asıllığı və “sosial yükün” artması Rusiyanı sürətlə sosial-iqtisadi və siyasi labrintə aparır. Bu qədər ağır problemləri çoxsaylı dialoq mühitində həll etmək əvəzinə, Putinizmin dar çevrəsində xısın-xısın müzakirəsi nəyi dəyişə bilər ki? Bu qədər böyük ərazini, təbii ehtiyatları və iqtisadi resursları iki nəfər dostun duetinə tabe etdirilən Putin-Medvedyev yerdəyişməsi bu dərd selinə necə yön verə bilər ki? Qurdla qiyamətə qalacaq qədər siyasi görməmişlik siyasi duet sahiblərinin doymaz iştahlarını nə vaxta qədər doyduracaq? 
Dünən mətbuat konfransında Putin özünün zabitin oğlunun öz qılıncının Kreml “saatına” dəyişməsinə dair bir əhvalat danışdı. Özünün yaratdığı bir militarist sistemə bəraət qazandırıcı məzmun verərək: “Bir gün keçmiş zabit oğlundan soruşur.Oğlum mənim qılıncım var idi, sən onu görməmisən? Oğul deyir ki, əsəbləşmə ata, mən onu qonşu həyətdəki oğlanın saatı ilə dəyişmişəm. Ata deyir görsət. O da görsədir. Atası deyir: “Saat qəşəngdir, amma bilirsən, oğlum sabah quldurlar gəlib məni öldürsə, ananı öldürsə, böyük bacına təcavüz etsə, sən gəlib deyəcəksən ki, axşamınız xeyir, indi Moskva vaxtı ilə saat 12:30-dur?“ 
Gecə keçəndən sonra cinayətə məruz qalan şəxslər bir çox hallarda cinayətkarın təsadüf qurbanı olmağına görə həyatını itirmirlər. İndiyə qədər etdikləri cinayətlərin revanşı və qisas zəminində bədəl ödəyirlər. “Saatla” zaman ölçüsünü dəyərləndirə bilməyən, qılınca sığınmağı yeganə çarə biləcək. Qılıncla dünyanı fəth etmək istəyən, elə “saatıda” “qılıncıda” itirəcək. Zamanı gələndə gəzdirdiyi qılıncla həm özünü məhv edəcək, həm də qoluna taxdığı “saatdan” məhrum olacaq. 
Bu əhvalat XXI əsrdə sosial dövlət olmağı yox, militarist dövlət hədəfi olan bir sistemin mahiyyətini ifadə edən bəraət qazandırıcı uydurmadır. Bu fəlsəfəyə köklənən bir siyasi zehniyyətin qılıncın önəminə nə qədər vurğun olduğunu görsədir. İnsana xidməti və onun maraqlarının təmin edilməsini deyil, hərbi qüdrətinin necə artırılmasına sahib bir zehniyyətin hələ nə qədər separat ocaqları alovlandıracağını görəcəyik... Bunlar isə Rusiyanın güclənməsini deyil, süqutunu yaxınlaşdıran amillərdir.




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 5-02-2018, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma