Rusiyanın borcları artıq onun strateji əhəmiyyətli ehtiyatlarının həcminə yaxınlaşır.
Bu sözləri Axar.az-a Rusiyanın Rezerv Fondunun ləğvi ilə bağlı məsələni şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Rezerv Fondunun ləğvi ilə bağlı qəbul etdiyi qərar siyasi xarakterlidir:
“Rusiyanın dövlət ehtiyatlarının rəqəmsal olaraq iki yerdə cəmlənməsi Rusiya iqtisadiyyatında bəzi rezervlərin həcmində azalmanın olduğunu göstərirdi. Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə Moskva iki fondu birləşdirərək, ehtiyyatların vizual olaraq artmasını göstərmək istəyir. Rusiyanın Rezerv Fondu və Milli Rifah Fondunun birləşdirilməsi Moskvanın əvvəllər qəbul etdikyi strateji qərarlara ziddir. Əvvəl qəbul edilmiş qərarlarda Rusiya neft və qazdan gələn gəlirlərinin bir hissəsini gələcək nəsillər üçün saxlamağı düşünürdü. Moskva hazırda Rusiyanın artan problemlərini həmin fondun hesabına maliyyələşdirərək həll etməyi düşünəcək ki, bu da ölkənin ehtiyatlarının gələcəkdə daha sürətlə azalmasına səbəb olan amillərdən birinə çevriləcək”.
Ekspertin sözlərinə görə, Rusiyanın strateji ehtiyatları ilə dövlət zəmanətli borcların həcmi arasında artıq fərq qalmayıb:
“İndi Rusiyanın həm dövlət borcları, həm dövlət zəmanətli borcları, həm də kommersiya banklarının borcları artıq iki fondun birləşmiş həcmindən daha böyükdür. Bu da onu göstərir ki, Rusiya gələcəkdə xarici borcların qaytarılmasında ciddi problemlər yaşayacaq. Putinin iki fondu birləşdirməsinə səbəb xarici borcları olan müəyyən səlahiyyətli təşkilatlara Rusiyanın ehtiyatlarının həcminin artdığını, ehtiyyatların bir fondda cəmləşdiyini göstərməkdir. Düşünürəm ki, bunu Rusiyada gedən proseslərin, problemlərin dərinləşməsi kimi dəyərləndirmək lazımdır”.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Rezerv Fondunun Milli Rifah Fonduna birləşdirilməsi haqqında qərar qəbul edib.
Bundan öncə ekspertlər Rusiyanın Ehtiyat Fondunun yox olacağı ilə bağlı açıqlamalar versələr də, Moskva bunu təkzib edirdi. Belə ki, 2014-cü ildən Moskvaya qarşı tətbiq edilən sanksiyalar və neft qiymətlərinin kəskin ucuzlaşması Rusiyanın bu fondunun kiçilməsinə səbəb olmuşdu. Hazırda Rusiya Ehtiyat Fondunda 16,71 milyard dollar vəsait qalıb. Keçən ildən indiyə qədər bu rəqəm 3,75 dəfə azalıb.
Milli Rifah Fondunun gəlirləri isə 74,22 milyard dollardır. Keçən ildən indiyə qədər onda azalma miqdarı 16,6% olub.
Paylaş: