Məhəmməd Talıblı
Şəxsi faciələr hər bir insanı narahat etməlidir. Amma təsəllimiz o olur ki, insan yarandığı gündən şəxsi faciələrin müxtəlif ssenarilərində yaşaya-yaşaya gəlib və bundan sonra da onlarla hansısa yolda rastlaşacaq. yaşayacaq. Bu fərdi insan yaşantısıdır. Bəzən isə insanı dəhşətə gətirən və düşündürən böyük rəqəmlər göz deşəndə onda tək-tək insanları yox, insanlığı düşünməli olursan. Kütləvi hal alan və azlıqda olmayan sosial qrupların həyatını dərindən düşünməyə başlayırsan. Dünən ölkəmizdəki açıqlanan sosial durumu əks etdirən rəqəmlər düşüncə insanlarını heyrətə gətirməlidir. Rəsmi qurumların açıqlamasına görə, ölkədəki boşanmaların sayı sürətlə artıb. Əgər 2017-dә 62 min 923 ailə nigaha daxil olmuşdusa və boşananların sayı isə 14 min 514 təşkil etmişdir. Son 3 il üzrə ortalama olaraq 67 min nigaha daxil olana qarşı 13 min boşanma halları qeydə alınıb. Deməli, boşanmalar yalnız bir ildə qeydə alınmayıb. Son İllər üzrə ortalama olaraq nigaha daxil olanlarla nigahı pozanlar arasında fərq daha da fərq azalıb. Sanki, dağılan ailələrin bünövrəsinə “minalar” basdırılıb. Bu ona bənzəyir ki, heç nə olmamış kimi çoxmərtəməli binanın 18-ci mərtəbəsindəki mənzilimizə ən bahalı mebelləri, lüks malları yığmışıq. Amma binanın zirzəmizində hansısa partlayıcı maddənin olması və keydiyyətsiz tikinti işləri ilə heç maraqlanmamışıq. Bina yerlə-yeksan olunanda həmin yığılan əşyalar kimə qismət olacaq? Bir şeyi ki, sizin əlinizdən gec və ya tez alacaqlarsa, çalışın onu tez alsınlar. Çünki, zatən o sizin deyil, başqasına qismət olacaq nəyəsə müvəqqəti gözətçilik etməyin nə mənası?
Bir neçə il bundan öncə bir araşdırma üzərində işləyirdim. Almaniya Xristian-Demokrat İttifaqının (2007) XXI partiya qurultayında qəbul olunmuş sənədləri ilə tanış oldum. Həmin proqram sənəd də ondan artıq səhifə yalnız Almaniyada ailə insitutlarının necə qorunması və möhkəmləndirilməsinə həsr olunmuşdu. Heyrətlənmişdim. İlk baxışda sual yaranır? Ailələrin necəliyini dövlət niyə müəyyənləşdirə bilər? Hər bir ailənin təəsübü və marağı niyə dövləti bunca proqramlar yazmağa, onları maliyyələşdirməyə məcbur etməlidir? Əslində bu suallar ritorik deyil. Düşünülə bilərlər ki, yəqin Avropada ailə dəyərlərinin zəif olmasına, ailə insitutlarının sürətlə dağılmasına görə bütün bunlar dövləti hərəkətə keçməyə məcbur edib. Əslində bunun səbəbi ABŞ-da tətbiq olunan bu prinsiplə bağlıdır: xəstəliyi sağaltmaqdansa, sağlamlığın qayğısına vaxtında qalmaq yaxşıdır! Haqqında danışdığım Xristian-Demokratlar İttifaqının sənədində “Möhkəm ailələr-insan cəmiyyəti” adlı xüsusi bölmədə Alman cəmiyyətində ailə insitutlarının necə qorunması və möhkəmləndirmə siyasətinin çox detallı tədbirləri qeyd olunmuşdu: ”Nigah və ailə insana ehtiyacı olanda ən etibarlı sosial yuvaya çevrilir. Ailə münasibətləri ömür boyu mövcuddur. Bu günkü qədər heç vaxt valideynlər və uşaqlar birgə həyat sürməmişlər.” Onlar gələcək təhlükləri düzgün olaraq dərk etdiklərini və onunla bağlı preventiv (önləyici) tədbirlərin nəzərdə tutulması ilə milli məsələnin problemini doğru anladıqlarını sübut edirlər. Biz isə hətta təhlükənin qapının ağzında olduğu vaxtda belə bu problemin anonsunu dərk edə bilmirik. Çünki bizdə rəsmilər düşünür ki, boşanmalar dörd divar arasında olan 3-5 nəfərdən ibarət “kiçik dövlətin” daxili problemləridir. Ora dövlətin və ya kənar şəxslərin müdaxiləsi yolverilməzdir. Qısaca deyirəm ki, səhv qənaətdir!
Boşanmaların səbəbləri çox çeşidlidir: maddi, sosial, psixoloji, seksual, mənəvi uyğunsuzlarla və uyuşmazlıqla bağlı meydana çıxır. Amma boşanmaların artım sürətli səbəblərin əhatəliyini bir qədər də artırır. Məsələn, bəziləri müharibə getdiyini də bəhanə edəcəklər. Sual olunur: atəşkəs dövründə hansı ailələri mühabirəbənin zərbəsi uçurdu ki? Qarabağda müharibənin ən intensiv savaş getdiyi illərdə, 1991-92-ci illərdə nigaha girənlərin ortalama səviyyəsi 72 min ailəni əhatə etdiyi halda, boşanmaların sayı heç 10 min ailəni keçmirdi. Hətta ikinci dünya müharibəsinə savaşa gedib qayıtmamağın adiləşdiyi zamanlarda belə az qala dünya dağılırdı, amma ailələr dağılmırdı. Buyurun, başqa bir müqayisə verək. 1945-ci ildə Azərbaycanda 15 min 766 nəfər nigaha girmişdisə, ölkə üzrə cəmi 310 ailədə nigah pozulması qeydə alınmışdı. Əhalinin hər 1000 nəfərinə düşən boşanmalar 0,1 faiz təşkil edirdi. 2016-cı ildə sülh şəraitində isə bu rəqəm 1,4 faizdir. İnsanların aclıqla sınağa çəkildiyi həmin illərdən fərqli olaraq bu nisbət hazırkı vəziyyətlə 14 dəfə böyükdür. Rəqəmlər insan həyatlarının necə dağıldığını və ailə insitutlarının sürətlə deqradasiyaya uğradığını göstərmirmi? Çoxistiqamətli təhlil və tədqiqatlar hesablna problemi dərk etmək çətindirmi?
Boşanmaların artmasında demoqrafiyanın rolu böyükdür. Regional siyasətin bərbad idarəçiliyi sayəsində kəndlərdə yaşayanlar rayon mərkəzlərinə, rayonlardakılar Bakıya və xaricə bir tikə çörək üçün səpələnib. Kəndlərdə toyuq başı kəsməyə kişi tapılmayan bir durum kəndxuda təfəkkürlü icra başçılarının tükünü belə tərpətmir. Boşalan kəndlərdə qarıyan qızların taleyini də düşünən yox... Xüsusilə Rusiya və Türkiyəyə iş dalınca gedən bölgələrdə ailələrdə boşanmalar daha böyük nisbətlə fərqlənir. Əgər 2016-cı ildə Bakı şəhərində nigaha girənlərin sayı ilə boşanmalar arasındakı nisbət 1\4 təşkil edirsə, bəzi bölgələrimizdə bu nisbət daha üstünlük təşkil edir. Xüsusilə regionlar üzrə ən çox boşanmaların sayının qeydə alındığı Gəncə-Qazax iqtisadi rayonunda vəziyyət daha dramatikdir. 2016-cı ildə 2003 ailə qurulmuşdusa, həmin il boşananların sayı 733 ailə təşkil etmişdir. Hər 2-3 nigaha girənlərə qarşı 1 boşanma halları qeydə alınıb. Sual yaranır: boşanmaq faciədirmi? Fikrimcə, boşanma faciə deyil, lakin kütləvidirsə, artıq milli faciədir.
Uzun illər mental dəyərlərin ailə insitutlarının formalaşmasındakı rolundan fəxrlə danışmışıq. Amma indi həmin tendensiyaları müşahidə etmək mümkün deyil. Əxlaqı yüngün insanları himayə halları artır. Onlar Azərbaycanın teleməkanında nümunəvi ailə münasibətlərindən “mühazirə” oxuyurlar. Məmurların sevgilələri olduğu çoxlu sayda sənət adamları qarşılarında əyələşən tanınmış insanı oradaca cücəyə döndərib ağızlarını açmağa peşman edirlər. Buna rəvac verən ölkədə vətəndaş nigahlarının sayının sürətlə artmasıdır. Imkanlı insanlar arasında bunu artıq dəb halına gəlib.
Məmurların “qudalar ənənəsi” cəmiyyətin ailə dəyərlərimizi sarsıdıb. Gəlini əxlaqi sapmalar olsa da boşaya bilmir, kürəkəni narkoman olsa da ondan can qurtarmağı bacarmır. Ailə adında alovda yanan gənclər qıvrılaraq susmaqdan başqa çarə görə bilmir. Buna cəsaərət belə etmir. Bir dam altında hərə öz həyatın yaşayır. Bir yerdə yaşayırlar, amma biri-birini zərrə qədər sevgiləri və hörmətləri yox. Zövqlərin paylaşa bilmirlər. Qarşılıqlı nifrət içində uşaqlar böyüyür. Baba-nənə başqasının övladını böyüdürmüş kimi onlara uşaqlar evindən götürülmüş yad övlad kimi baxırlar. Amma qudalarından biri karyeralarının qürub dövrün yaşayan kimi boşanmalara qərar vermək cəsarəti işə düşür. Sonralar dövriyyəyə başqa təsirlər girir və ailə daxili yalançı “sosial sülh” imzalanır. Guya mutlu ailə tablosu yaradıblar. Yalançı və aldadıcı təəsuratdır.
Boşanmalara yalançı dəb donu geyindirirlər. Yükək mənsəbli məmur övladlarının boşanması və ictimaiyyətin üzgörən dəstəyini qazanmaq üçün etdikləri sadəlövh xanımları ruhlandırır, onları cəsarətə gətirir. Mükafatlandırma və ona olunan dəstək ictimai qınağı kölgədə qoyur. İnsanlar bunun yarışına girirlər. Atasız övlad böyütməyin gələcəyini təsəvvür edə bilməyənlər “azad insan” obrazını ideallaşdırırlar. Guya həyat yoldaşları onun azad ruhu, yaradıcı imkanları və özünüifadə yolunda şlaqbauma çevrildikləri üçün boşanmaya qərar veriblər.
Boşanmalarda sosial şəbəkələrin rolunun daha çox artığını zənn edirəm. Bu sosial şəbəkələrin pis bir şey olması ilə bağlı deyil. Ondan istifadə edə bilməməklə bağlıdır. Çünki, sosial şəbəkələrdən düzgün istifadə imkanlarından məhrum insanlar oranı geniş informativ məkan kimi yox, vaxt öldürmək yeri kimi baxır. Məhz elə bu məkanlarda şantajçı qrupların da “rolunu” da unutmaq olmaz.
İnsan həyatının bir xətt boyunca komfort zonasında yaşadığını zənn edən xanımlar Meksika seriallarının təsiri altında havalı gəzirlər. Seriallarda gördüklərini real həyatda görmək istəyirlər. Amma o dəbədəbli həyatın hansı zəhmətlər, ölüm-dirim savaşları hesabına başa gəldiyini bilmək belə istəmirlər. Kapitalizm sistemində lüks həyata daxil olmaq yalnız gərgin zəhmət hesabına əldə edilir. Elə lüks həyatın hansı yuxusuz gecələr və ağır işlərin altına çiyin vermək hesabına başa gəldiyini anlamaq belə istəmirlər. Seriallardakı asan qələbə yolu onların mövcud acıların çəkməkdə və çətinlikləri aşmaqda fədakarlıq motivasiyalarını zədələyir.
Mənə bəzən elə gəlir ki, ailələrdə boşanmaların adiləşdirilməsini televiziyalar məzmunsuz və eybəcər formada təşviq edir, tirajlayır. Hətta insanda elə təəsurat yaranır ki, son illərdəki boşanmaların motivindən asılı olmayaraq idarəolunan bir dirijor çubuğu ilə idarə olunur. Özləri bataqlıqda olan yüksək mənsəb daşıyıcıları boşanmaları adiləşdirirməyə çalışırlar ki, hamı ilə özləri arasında bərabərlik işarəsi qoyulsun.
Boşanmalarla bağlı səbəblər və onların doğurduğu mənfi fəsadlara rağmən, boşanmalara dəhşətli dərəcədə yaxına buraxılmayan virus kimi də baxmaq da doğru deyil. İnsana məxsus olan və seçimdə yalnışlığı düzəltməyin heç zaman gec olmadığı qənaətindəyəm. Fikrimcə, möhkəm ailələr bütün iztirablara və uyğunsuzluqlara rağmən bir dam altında zorən yaşayanlar deyil. Bu fəlakətdir. Bu səbr də deyil, kölə həyatına dözümlülükdür. Qanuni nigahda olanların qulun satın almaq kimi müqavilə öhdəliyinə “sadiqliyidir”. “Nəyin bahasına olursa-olsun” əldə saxlanan istənilən uğur çox təhlükəli və ədalətsiz “pir” qələbəsidir. Mən buna qarşıyam.
Maddi, sosial və yaşam şərtlərinin ağırlaşması artıq reallığımızdır. Başı ancaq yaşam şərtlərinə qarışan ailə dəyərlərinin mənəvi-psixoloji sütunları vaxtından əvvəl çökməsini müşahidə edirik. Asudə vaxtın birgə keçirilməsi, istirahət imkanlarının aradan qalxması ailələri darıxdırıcı yuvaya çevrib. Özünü ifadə edə bilməyən başqalarına valeh olacaq. Digərlərinin həyatına qibtə edəcək. Öz həyatının zövqündən məhrum insanın depressiyaya düşmək ehtimalı yüksələcək. Buna görə vaxtımızı doğru dəyərləndirmək və zaman dilimini elə bölməliyik ki, orada hər şeyin payı olsun.
“Kiçik dövlətlər” təkcə valideynlərin çiynində duran sütunlar deyil, dövlət idarəçiliyinin keyfiyyətindən qıdalanan ailə insitutlarıdır. Böyük uğurlar kiçik addımlardan başlayır. Dövlət böyük addımları, ailə insitutları isə kiçik addımları təşkil edir. Ailə dayaqları möhkəm olmayan cəmiyyətdə isə güclü dövlət modelindən danışmaq yersizdir.
Paylaş: