Heydər Oğuz
Harun ər-Rəşid Abbasi xilafətinin ən ünlü xəlifəsidir. 763-cü ildə anadan olub, 809-cu ildə ölüb. Yəni xəlifənin yaşadığı dövr, son 9 ili çıxmaq şərtilə, tamamilə 8-ci əsri əhatə edir – orta çağları.
Quldarlığın hökm sürdüyü, hakim zümrənin üzünə ağ olmağın böyük fəlakətlərə yol aça biləcəyi həmin dövrlə əlaqədar müasir Azərbaycan üçün də ibrətamiz rəvayətlər mövcuddur.
Belə rəvayətlərdən birinə görə, Harun ər-Rəşid qardaşı Bəhlul Danəndəni uzun müddətdən bəri hey fikirli görür. Yanına çağırıb niyə pəjmürdə olduğunu soruşur. Bəhlul Danəndə heç bir cavab vermir.
Vəziyyəti bu cür görən Harun ər-Rəşid carçıları vasitəsilə bütün Bağdad əhlinə bəyan edir ki, kim Bəhlulu gülən görsə, gəlib xəbər versin. Bu muştuluğu gətirəni özü ağırlığında ənam gözləyir.
Bağdadın bütün işsiz-gücsüz adamları Bəhlul Danəndəni güdməyə başlayır. Amma onun güldüyünü görən olmur. Axırda hər kəs səmərsiz güdükçülükdən bezib bu işdən vaz keçir. Bir nəfər isə sonuna qədər dözür, Bəhlulu izləyir.
Bir gün Bəhlul Danəndənin qəssab dükanının yanından keçərkən güldüyünü görən adam dərhal saraya qaçıb muştuluğu xəlifəyə çatdırır. Xəlifə, qardaşını yanına çağırır və qəssab dükanının yanından keçərkən həqiqətən gülüb-gülmədiyini xəbər alır. Bəhlul Danəndə faktı təsdiqləyir. Harun ər-Rəşid də öz növbəsində muştuluqçuya ənamını verib yola salır. Sonra üzünü qardaşına tutub soruşur:
-Niyə indiyədək gülmürdün və qəssab dükanının yanından keçəndə niyə bu ənənəni pozdun?
Bəhlul cavab verir:
-Xəlifə sağ olsun, bu zamana qədər elə bilirdim ki, sənin zülmünə görə o dünyada məni də məhşər ayağına çəkəcəklər. Bu gün qəssab dükanının yanından keçəndə keçinin keçi, qoyunun qoyun ayağından asıldığını görüb rahatlandım. İlahi ədalətin məni də sənin ayağından asmayacağını anlayıb sevindim.
Hamımızın bildiyi bu əhvalatı yenidən xatırlatmağım, sözsüz ki, lətifə danışmaq ehtiyacımdan irəli gəlmir. Bu gün demokratik, sivil, hüquqi dövlət anlayışlarını özünün əsas prinsipinə çevirən müasir Azərbaycanda yaşanan bir çox hadisələri eşidəndə hətta orta əsrlərin quldarlıq, feodal quruluşlarından belə, xeyli geridə olduğumuzu hiss edirsən. Nədən ki, xaricə qaçıb hakimiyyəti nalayiq sözlərlə təhqir edən gənclərin ailə üzvlərinin incidildiyi, həbsə atıldığı, bacısının boşatdırıldığı və sairə kimi məlumatlar sosial şəbəkələrdə dolaşır. Bu məlumatların nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, amma doğrudursa, şərh etməkdə çətinlik çəkirəm.
Bu sözləri yazarkən, əlbəttə, siyasi mübarizəni əxlaqsız metodlarla yürüdənlərin fəaliyyətinə haqq qazandırmaq fikrindən uzağam. Onların hərəkəti əxlaqsızlıq nümunəsidir və hər cür qınağa layiqdir. Və hesab edirəm ki, buna təkcə hakimiyyətdə olanlar yox, həm də bütün cəmiyyətimiz qarşı çıxmalı, mənəvi abu-havanı korlayan əməllər pisləməlidir. Amma...
Amma qanunvercilik aktları ilə cəzanın fərdiliyini əsas götürən Dövlət qurumlarının qoyunu keçi ayağından asmasını da anlamaq mümkün deyil. Ən azı ona görə ki, hər bir fərdin hərəkəti onun öz xarakterindən qaynaqlanır və bu cür də qiymətləndirilir. Hər kəs öz əməllərinə görə layiq olduğu adı qazanır. Necə ki, Dədə Qorqud insanların adlarını gördükləri işlərə uyğun qoyurdu. Bu günün Dədə Qorqudu isə İctimai Rəy, Əlahəzrət Tarixdir. Ümidvaram ki, əxlaq normalarını ayaq altına atanların etdiyi hərəkət gec-tez onlara layiq olduqları adı qazandıracaq. Əlahəzrət Tarix və İctimai Rəy onlara layiq olduqları “əxlaqsız” damğasını vuracaq. Bəs, Dövlət orqanları niyə bu əxlaqsızlığın cavabını öz adlarına yaraşmayan tərzdə verirlər? Axı əxlaqsızın adı əxlaqsız, Dövlətin adı isə Dövlətdir və hər kəs öz adına uyğun addım atmalıdır.
Mənim bildiyim Dövlət bu çox məsələlərdə səbrini, təmkinini qorumağı bacarmalı, ilahi ədalətin qızıl fəlsəfəsinə ayaq uydurmalıdır. Unudulmamalıdır ki, bizim milli mentalitetdə Dövlət yer üzündə Allahın kölgəsi hesab olunur. Allah isə Bəhlul Danəndənin sözü olmasın, keçini keçi, qoyunu qoyun ayağından asır.
Paylaş: