Sankt-Peterburq meri Sobçak və müavini V.Putin (ön planda)
İzabel Mandro
Le Monde (Fransa), 10.03.2018
Sankt-Peterburqun mərkəzində Baskov döngəsindəki 12 saylı bina qalan binaların fonunda heç nə ilə seçilmir. Amma Vladimir Putin görkəmcə tamamilə bayağı bu binada böyüyüb. Burada hətta dövlətin gələcək başçısının, cüzi rifah ailəsinin sonbeşiyinin (atası dəmiryol zavodunda işləyib) şəhərin hələ Leninqrad adlandığı vaxtlarda burada kommunal mənzildə yaşadığını yada salan xatirə lövhəsi də yoxdur. Putin üç il əvəl tanış olduğu keçmiş stüardessa Lyudmila Şkerbnyeva ilə 1983-cü ildə evlənənə kimi burada yaşayıb. Hər necə olur-olsun, giriş qapısından adlayan kimi hara düşdüyünü bir anda anlamağa başlayırsan. Brezent asılmış (növbəti təmir əlaməti) divarın yanında oturan gözətçi mənalı-mənalı müşahidə kamerasına baxır. Xeyr, ziyarət etməklə bir şey alınmayacaq. Rastlaşdığınız sakin söhbətə əvvəlcə gülərüzlə başlayır, amma sonra təkcə Putinin adını çəkən kimi yaxasını qurtarır.
Rusiya prezidentinin kiçik vətənini, ölkənin ən avropasayaq şəhərini Putinin seçkilərdə güvənə biləcəyi malikanəsi heç cür adlandırmaq olmur. O, 2012-ci ildə keçən prezident seçkilərində orada 58,7% səs toplayıb, lakin pozuntular ittihamı nəticələrə kölgə salıb. “Putinsiz Rusiya” şüarı altında hələ səsverməyə qədər baş verən etirazlar (amansızcasına dağıdılıb) Moskvanınkından sonra ölkədə ən böyük aksiyalar olub.
“O, hesab edir ki, ona hər şeyə ixtiyar verilib. Xəyal edir ki, hamının çəkindiyi böyük ölkəyə başçılıq edir, əslində, yoluna çıxmaq istəmədikləri xuliqan kimi sadəcə ondan yan keçirlər!” – deyə yerli müxalif deputat Boris Vişnevski qəzəblənir. Bu 62 yaşlı, saqqalına dən düşən riyaziyyatçı hazırda var olmayan, Boris Yeltsini hakimiyyətə gətirmiş “Demokratik Rusiya” hərəkatının fəalı olub. O, dövlət başçısının siyasi yüksəlişini diqqətlə izləyib.
Xülasədəki ləkə
Vladimir Putin 1990-cı ildə KQB podpolkovniki rütbəsində Leninqrada qayıdanda hər şey alt-üst olmuşdu. Onun 1985-ci ildən kəşfiyyat agenti işlədiyi Almaniya Demokratik Respubikası yox olmuşdu. Doğma şəhərində dükanların qabağında sonsuz növbələr düzülürdü, mağazalar boşalmışdı, ərzaq kartları gündəlik güzərana daxil olmuşdu. Mixail Qorbaçovun işə saldığı yenidənqurma, iqtisadi və sosial islahatların geniş əhatəli proqramı Şərqi Almaniya televiziyasında praktik olaraq işıqlandırılmırdı. Qayıdanda gözlərinin qarşısında yeni gerçəklik durmuşdu: sistem hər yerdə çat verirdi.
Putinin birinci ailəsi
KQB-yə mənsubluq artıq uğurlu karyeraya zəmanət deyildi, xülasədə gizlədilməsi gərəkən ləkə və yaxud əvəzləmək cəhdi idi. Bəzi zabitlər istefa vermişdilər. Başqaları məxfi sənədlərlə xaricə getmişdilər. Məsələn, Britaniya xüsusi xidmətləri 1992-ci ildə Vasili Mitroxini və ailəsini aradan çıxarmışdı. Xarici kəşfiyyatın bu agenti bir ara ADR-də işləmişdi. O özüylə altı çamadan arxiv sənədi götürmüşdü.
Putin anladı ki, dünyası alt-üst olub. İki balaca qızın 38 yaşlı atasının Leninqrada qayıdarkən haçansa hüququ öyrəndiyi universitetə getməkdən savayı seçimi yox idi. O, rektorun beynəlxalq məsələlər üzrə köməkçisi vəzifəsini tutdu – ənənəyə əsasən, bu işi “çekist” aparırdı. Ən yaxşı variant deyildi. Amma yaşamaq üçün qazanmaq lazım idi. Putinlər ailəsi Drezdendən yalnız tökülüb gedən “Volqa” və 20 illik alman paltaryuyan maşını gətirmişdi…
Qiyam vaxtı “məzuniyyət”də
Dostu ona Anatoli Sobçakın yanına getməyi məsləhət gördü. Leninqrad şəhər sovetinin 1990-cı ildə seçilmiş 53 yaşlı başçısı köməkçi axtarırdı. Elə ilk görüşdən sonra hər şey həll olundu. Aparat işçsi və çekist o vaxtdan bəri hətta ən çətin dövrlərdə də sadəcə bir-birindən ayrılmaz oldular. Hər yerdə Leninin portretlərini divardan götürəndə Putin Böyük Pyotru seçdi. Sankt-Peterburqun qurucusu o vaxtdan onun kabinetində – bolşeviklərin 1917-ci il oktyabr inqilabının başlandığı Smolnıdakı keçmiş qərargahında görkəmli yer tutdu. O, sonralar deyəcək: “Mən öz düşərgəmi seçdim”.
Hər necə olsa da, onun KQB-dən gedişi – bütün ömrü boyu “ən ağrılı” qərarı yalnız 1991-ci ildə sovet xüsusi xidmətlərinin rəisi Vladimir Kryuçkovun da içində olduğu rejim xadimlərinin baş tutmayan qiyamından sonra qəti şəkil aldı. O zaman “məzuniyyət”də olan (bunu onun iş yoldaşları təsdiq edirlər) Putini ruh düşkünlüyü yenidən yaxaladı. Başa düşdü ki, SSRİ-nin dağılması qaçılmazdır.
Böyüklüyunə görə ölkənin ikinci şəhəri Leninqrad həmin il yenidən Sankt-Peterburq və yaxud yerli sakinlərin dedikləri kimi, “Piter” adlanmağa başladı. Sobçak 12 iyunda onun ilk seçilən – və sonuncu – meri oldu. Məsələ burasındadır ki, bu post 2004-cü ildən, yəni ikinci mandatdan sonra qubernator postuna çevrildi və prezident Putin bölgələrin başçısını birbaşa təyin edir. Necə olsa da, o, 1991-ci ildə öz hamisinin kölgəsində siyasətlə tanış olanda hər şey təzəcə qurulurdu. O, tez bir zamanda yeni Rusiyanın əsas liberal xadimlərindən biri olan Sobçakın ardınca getdi. Putini “soyuq və olduca pis təəssürat yaradan xoşagəlməz adam” kimi təsvir edən Boris Vişnevski danışır: “O deyirdi ki, Sobçak həmişə haqlıydı”.
Pullar haradadır?
“Pepsi” və “Makdonalds”ın Piterə gəldiyi bu çətin dövrlərdə vəhşi biznes inkişafa başladı. Cinayətkar dəstələr limana və böyük zavodlara göz qoyurdular. O zaman xarici iqtisadi əlaqələr üzrə merin müavini postunu tutan Putin haqqında bir sıra şübhələr meydana çıxdı.
Məgər onun idarəsi qıtlıqla mübarizə üçün irihəcmli barter planında (xammalı ərzağa mübadilə) ixracat lisenziyası verməklə məşğul olmurdu? Xammal, taxta-şalban və filiz külçəsi ixracata gedirdi, amma, bax, geri belə də heç nə qayıtmırdı və pulların necə olduğunu heç kim bilmirdi.
Mer Anatoli Sobçak və müavini Vladimir Putin Peterburq şəhər Dumasında müzakirələr zamanı
Putin Parlament komissiyası 1992-nin mayında oğurlanan məbləğin 100 milyon dollar dəyərləndirildiyi məruzəni nəzərdən keçirib. O, yerli deputatlar Marina Salye və Yuri Qladkov tərəfindən hazırlanmışdı (hazırda onlar artıq vəfat ediblər) və Vladimir Putinin günahlarını göstərirdi. Toplantıya qatılan 36 deputat merdən onun müavininin istefasını tələb etdi. Boris Vişnevski orada iştirak edib. “Putindən istifadə ediblər, ya o, iştirakçıydı? – O, nağıl edir. – Hər iki versiya nəzərdən keçirilirdi. Onun özü hətta müdafiə olunmurdu da. Heç nəyi inkar etmirdi, çünki mümkün deyildi. Sadəcə, deyirdi: “Ola bilsin, səhv buraxmışam”.
Toplantı gərgin atmosferdə saatyarım sürdü. Amma heç nəyə gətirib çıxarmadı. Sobçak silahdaşından imtina etmədi. Heç kim istintaqa başlamadı. Məruzəni dəfn etdilər, ən sonda isə arxivlərdən yox olub. Yalnız Vişnevski onun surətini indiyədək saxlayır – Vladimir Putinə qarşı ilk müxalifətin Piterdə meydana çıxmasının sübutu kimi.
KQB yoldaşları
Necə olsa da, şimal paytaxtında onun təkcə düşmənləri yox idi. O, güclü tanışlıq şəbəkəsini məhz orada formalaşdırıb. Onun yaxınlarının indiki siyahısı Sankt-Peterburqa işarələrlə bərq vurur. Baş nazir və 2008-2012-ci illərdə “müvəqqəti prezident” Dmitri Medvedyev yerli hüquq fakültəsinin məzunu idi və onun başçılığı altında xarici iqtisadi əlaqələr şöbəsində işləyib. “Rosneft”in indiki başçısı İqor Seçin kimi.
Maliyyə naziri Aleksey Kudrin meriyanın maliyyə idarəsinə rəhbərlik edib.
Yeltsin dönəmində qeyri-populyar özəlləşdirmə proqramının müəllifi Anatoli Çubays iqtisadi məsələlər üzrə Sobçakın müşaviriydi.
2014-cü ildə Soçi olimpiadasında Rusiya idmançılarının dövlət dopinq sistemiylə bağlı qalmaqalın nüfuzuna ciddi xələl gətirdiyi idman naziri Vitali Mutko da mer müavininin möhkəm dəstəsinə daxil idi və ictimai və idman məsələləriylə məşğul olurdu.
KQB-nin Putin kimi təhsil alan piterli əməkdaşlarını da unutmağına dəyməz. Meriyada işləmiş Sergey Narışkin bu gün Xarici Kəşfiyyat Xidmətinə başçılıq edir, buna qədər isə Duma spikeri postunu tutub. Leninqrad hüquq fakültəsinin məzunu və keçmiş müəllimi Aleksandr Bastrıkin Kremlin hüquq aləti İstintaq Komitəsi yarandığı vaxtdan ona başçılıq edir.
Yeni Milli Qvardiya başçısı Viktor Zolotov Sobçak, Yeltsin və Putinin cangüdəni (habelə boks və dzüdo üzrə sparrinq (ingilicsə: məşq-tərc.) tərəfdaşı) olub.
Vladimir Yakunin haçansa BMT-də sovet təmsilçiliyinin diplomatı olub. 1991-ci ildə doğma şəhərə qayıdarkən özünün ilk ticarət mərkəzini tikəndə Putindən yardım alıb, sonra isə Rusiya Dəmiryollarının başçısı oldu. Onlar 1996-cı ildə Leninqrad vilayətində göl sahilində birlikdə “Göl” kooperativi yaradıblar ki, bu da təəccüblü deyil. Söhbət əsil qapalı icmadan gedirdi. Kooperativ üzvləri orada bağ evləri tikib və qanuna uyğun olaraq bura vəsait qoya biliblər. Əksəriyyəti sonradan milyarder olub.
Bunların içində şimal paytaxtında dostları Putinlə dzüdo ilə məşğul olan Arkadi və Boris Rotenberq qardaşlarını vurğulamağına dəyər.
Nəhayət, prezident, Yevgeni Priqojinlə məhz Piterdə tanış olub. O, 2000-ci illərin başlanğıcında Putini tez-tez özünün “New Island” restoranında qarşılayardı. Priqojin “Putinin aşbazı” ayamasını qazandı, Kreml və ordu yeməkxanaları üçün tədarükçü oldu. Bundan başqa, Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi ətrafındakı qalmaqalın ortasında görünən İnternet Araşdırmaları Agentliyinin arxasında məhz o durub. Onu eləcə də Ukrayna və Suriyada fəal hərəkət edən “Vaqner” özəl hərbi şirkətinin sahibi adlandırırlar.
Rusiya mətbuatının anında ad qoyduğu kimi, “piterlilər”in bu cür formalaşan qrupu Vladimir Putin (o zaman vətəndaşlara bilmərrə tanış olmayan sima) 1996-cı ildə Sobçakın seçkilərdə məğlubiyyəti üzündən Kremlə keçəndən sonra dövlət hakimiyyətinin zirvəsində etibarlı şəkildə möhkəmləndi.
Tərcümə Strateq.az-ındır.
Paylaş: