Məhəmməd Talıblı
Bu gün Silahlı Qüvvələr günüdür. Ordu quruculuğu ilə məşğul olanların bayramıdır. Torpaqlarının 20 faizini 20 ildən çox müddətdə azad edə bilməyən bir ölkədə ordu gününü qeyd edirik. Bunu aşağılıq kompleksi üçün deyil, acı reallığımızı xatırlatmaq üçün dedim. Çünki, bu illər ərzində xalqımızı çox arxayınlaşdırdılar. Cəmiyyətdə toy-bayram ovqatı müharibə təhlükəsini kölgədə buraxdı. Özümüzü yuxululuğa vurduq. Yaxın keçmişimizdən çox qopduq. Çox təəsüf ki, müharibədə hələ də qalib ordu, qalib ölkə adını qazana bilməmişik. Ordumuza güvənməliyik. Onunla fəxr etməliyik. Ordu bu torpaqda gəzən hər bir kişinin vətən qarşısında borcunun yerinə yetirilə bildiyi xidmət yeri olmalıdır. Bu xidmət insanların sosial təbəqəsinə və valideynlərinin statusuna görə müəyyənləşməli deyil. Müharibə aparan bir ölkədə əsgər geyimini əyninə alıb, həmin ili ömrünün ən şərəfli səhifəsi saymayan gənclərə sərt ictimai qınaq olmalıdır.
Mən arada parlementdə oturan deputatların hansının hərbi xidmətdə olmadığını tərcümeyi-hallarından oxuyuram. Hansı nazirlərin hərbi xidmət görmədiklərini də diqqətdən qaçırmıram. Siyasi olimpin yüksəkliyinə iddia edənlərin hərbi mükəlləfiyyətinə baxıram. Bəlkə də bu ölkədə hər kəsin nəyə iddia və haqq etdikləri məhz bu nöqtədən qiymətləndirilməlidir. Fərarilik etmiş və ya min bir bəhanə ilə ordudan yayınmış insanların ən yüksək idarəçilikdə yer alması vətənpərvər gənclərdə milli hissi öldürür. Onlarda ordu sıralarında xidmətlə bağlı destimulyasiya yaradır.
Bizim ölkə nə bəzi Avropa ölkələri kimi bir əsrlərlə müharibə görməyən coğrafiya deyil. Nə cəmiyyətdə sivil standartların tam oturuşduğu, müharibəni yalnız ədəbi əsərlərlə duyan toplum da deyil. Biz müharibəni insan yaşantılarında ya görən, yaxud onları hansısa bağlarla hiss edən bir millətik. Biz qanunla təsbit olunan alternativ hərbi xidməti təşviq edən ölkə tipi də deyilik. Biz bir müharibə ölkəsiyik. Biz əsirlikdə minlərlə bacı-qardaşı olan bir millətin nümayəndələriyik. Biz vətən müharibəsində ağır yaralar almış və ləkələnmiş namusunu təmizləməyə fürsət axtaran revanşist bir cəmiyyətik. Nəhayət, biz bir az gec, bir az tez müharibə meydanında illərlə yığılmış mənfi enerjini düşmənin üzərinə yönəltməyi gözləyən fürsət axtarışında olan xalqıq. Atəşkəs dövrünün kövrək “mehriban düşmənçiliyi” bizləri gərək heç arxayın etməsin. Qarşıda bizim gözlədiyimiz və bizi gözləyən işlər var.
Elə işlər var ki, onlar ağıldan daha çox hisslə, emosiya və ovqatla görülür. Onlar çağrışla, təşviqlə və ictimai qınaqla həll olunur. Belə mövzulardan biri hərbi xidmətin insan həyatındakı rolu, önəmi və onun verdiyi güclə bağlıdır. Mən şəxsən öz həyatımda bu gücün yaratdığı əzmkarlığı kəşf edə bilmişdim. Mənim bu yazımı inanıram ki, gənclərdə oxuyur. Onlara vermək istədiyim mesajlar var. Bəzi epizodlar üzrə çıxarılan dərsləri onlarla bölüşməyin faydalı olduğuna inanaraq kiçik mətni yazmağı qərara aldım.
1997-ci ildə 2-ci əyani ali təhsilimi yarımçıq saxlayaraq öz ərizəm əsasında hərbi xidmətə getdim. Bu ali təhsildən sonra aspirantura təhsili də imkan verirdi ki, tam qanuni olaraq hərbi xidmətdən azad olum. Amma bunu gələcək karyeramda xoş olmayan səhifə hesab etdiyimdən fərqli qərar vermişdim. Öz ərizəm əsasında hərbi xidmətə getdim (bu haqda aşağıda daha ətraflı yazacam). Hərbi xidmətdə fərqli keyfiyyətlərimə görə məni nisbətən təmiz və səliqəli xidmət sahəsi də təklif etmişdilər. Təxminən bu xidmətə 2 ay alışa bildim. Hiss edirdim ki, yenə nəsə çatmır. Hərbi hissədə yenidən ərizə yazaraq məni gecələr "karoula" salmağı xahiş etdim. (Həmin ərizənin sürətinə arada baxıb həmin illərə qayıdıram) Onda bunu eşidən hərbi hissədə mənim bu addımıma gülmüşdülər ki, bu əsgər niyə belə edir?! Əsgərlərin valideynləri övladlarını oradan uzaqlaşdırmaq üçün yol tapırdılar. Bu yolu isə mən özüm könüllü seçməyimə qəribə baxırdılar. Gecələr iki saatdan bir yerdəyişməsinin səhərə qədər davam etməsi, gündüzlər yenidən başqa xidmətda davam etmə gün ərzində insanı gərginlikdə (xüsusilə yuxusuzluq) saxlayırdı. Açığı əlavə dözüm tələb edirdi. Hərçəndi ki, mənim bu müraciətim qəhrəmanlıq-filan da deyildi. Hərbi xidmətlə bağlı təsəvvürlərimin sərhədlərin yoxlamaq üçün idi. Mən hərbi xidmətin bütün üzlərini görmək üçün nələrsə düşünürdüm. Bütün tərəflərdən hərbi xidmətin çoxrəngliliyini görmək istəyirdim. Zabit və əsgərlərin münasibətlərinin ruhunu dərk etməyə çalışırdım. Nə qədər ağır, sərt intizamlı hərbi hissədə xidmət etsəmdə bunun sonradan mülkü həyatda özünün müsbət təsirini praktik olaraq görmüş oldum. O vaxtkı təsəllimdə bu idi: "Təlimdə tər tökməyən əsgər döyüşdə qan tökər". Nə qədər ağır çətinliklə üz-üzə qalsan, nəinki kiçik, hətta orta ölçülü çətinliyi belə dəf edə bilərsən. Dərin kədərləri gördükcə, sevinci dərk etməyə başlayırsan. Bu mərhələdən çıxardığım dərslər oldu.
Birinci dərs: İmkanlarınızı məhdudlaşdırmamaq üçün risk edin, obrazınızı yaradın, yaxınlarınızın gözündə kimliyinizi təsdiq etmək üçün meydanı doğru dəyərləndirib güvəniləsi insana çevrilə bilərsiniz.
İkinci dərs: Həyatım distiplinə oturtdu. Nizam-intizam qaydaları, yuxusuz gecələrin çətinliyinə alışqanlıq və güclü rəqabətə hazırlaşmaq kimi vərdişlər həyatıma daxil oldu. Sonrakı illərdə yuxusuz gecələrə çox asanlıqla alışqanlılığım artdı. Bu da elmi fəaliyyətimin güclənməsi üçün mühüm vərdişə çevrildi. Necə deyərlər, vərdiş etdim, xasiyyət qazandım.
Mən niyə hərbi xidmətdən yayınmaq istəmədim?
Elçibəy iqtidarı zamanı müharibənin ən qızğın vaxtları idi. O zaman bir ailənin iki övladını hərbi xidmətə aparmırdılar. Tək övladlar isə arxa cəbhədə qulluq edirdi. Bunun əksinin bir millətin genefondu üçün nə qədər təhlükəli olduğunu dərk etmək çətin deyil. O zamanlar məni hərbi xidmətə aparmırdılar ki, qardaşım hərbi xidmətdən qayıtmalıdır, sonra mən getməliyən. Bu minvalla qardaşımı 4 il gözləyəsi oldum. O, hərbi xidməti başa vurdu. Ondan sonra həqiqi hərbi xidmətə getmək üçün ərizə yazdım. Motivində 2 səbəb dururdu. Birincisi səbəb bir hadisə ilə bağlı oldu.
Günlərin birində ikinci dəfə əyani təhsil aldığım universitetdə xüsusi şöbənin müdiri ilə prorektor yoxlama məqsədilə auditoriyaya daxil olub tələbələrlə söhbət aparırdılar. Növbə mənə çatanda söylədilər ki, sən yəqin ki, ikinci dəfə əyani şöbədə ali təhsil almaqda məqsədin hərbi xidmətdən yayınmaq üçündür? Mən onlara bunun belə olmadığını və biliyimi daha da dərinləşdirmək məqsədilə buna böyük ehtiyac hiss etdiyim üçün oxuduğumu bildirdim. Səmimiyyətimə inanmadıqlarını hiss etdim. Çünki, atəşkəsin yenicə elan olunduğu və kövrək hərbi vəziyyət şəraitində bir gəncin belə fikrinə inanmaq bəlkə də çətin idi. Mən öz həqiqətimi necə sübut etmək üçün daha arqument axtarışına baş vurmadım. Bunun belə olmadığını sübut etmək üçün bir çıxış yolum qalmışdı. Emosiyalarımın elmi həvəsi üstələdiyini hiss etdim. Çünki, bunun əksini fərariliyə bərabər hesab edirdim. Ailədən də gizlin olaraq elə həmin gün hərbi komissar, polkovnik Maniyev soyadlı bir komissarın adına hərbi xidmətə getməklə bağlı ərizə yazdım. Aparmaq istəmirdilər. Səbəbini soruşdular, izah etdim. Çağrışçıları çətinliklə yığa bildikləri halda, mən özüm öz ayağımla gəlmişdim. Buna görə də çox şübhələnmişdilər. Nəsə, tərəddüdlərin də duymuşdum. Nəhayət ki, hərbi komissarlıqdan hərbi hissələrə aparan çadırlı maşının arxasında getmək səadəti mənə nəsib oldu.
Üçüncü dərs: Qürurlu davranış sizin xarakter kimliyinizi ifadə edər. Təslimçilik sizi yaxınlarınızın gözündə dəyərdən salar. Cəsarətli davranış hörmət qazandırar. Məlumatsız cəsarətdə cahillik, ağıllı riskdə uğur yatar.
Dördüncü dərs: Digərlərinin etməli olduqlarını etmədikləri, sizin etməli olmadıqlarının etməyə can atmağınız daxili sərbəstliyinizdən xəbər verir. Azad düşüncəyə sahiblik və sərbəst qərarvermə gücü həyatımızın sükanının öz əlinizdə olmasına işarədir. Bunu həyatınızın əsas devizinə çevrin!
Hərbi xidmətə getməklə bağlı ikinci motivim isə mənəvi məsələ ilə bağlı idi. Düşünürdüm ki, mən zamansa karyera qazanan zaman sual verməzlərmi ki, məsələn, sən millət vəkilisən, məmursan və bu qədər mühüm vəzifə tutursan, amma müharibə aparan ölkədə sən hələ də hərbi xidmət keçməmisən? Müdafiə xərclərini müəyyənləşdirən bir orqanda qərar verənlərdənsən, amma özün hərbi mükəlləfiyyətin nədən ibarət olması, hərbi ehtiyacların necə qiymətləndirilməsi ilə bağlı elementar bilgiyə sahib deyilsən? Əsgərin qidalanması, geyimi və digər təminatları ilə bağlı elementar bilgilərin yoxdursa, hansı təkliflərin ola və problemləri dərk edə bilərsən ki? Bu suallara cavab verməmək o haqqı itirməyə bərabər saydığım üçün necəsə hərbi xidmətə getməyi “olmazsa-olmaz” kimi dərk edirdim.
Beşinci dərs: Biz problemlərin mahiyyətini dərk etdiyimiz və onu həssaslıqla hiss edə bildiyimiz məsələlərlə bağlı həssas oluruq və daha çox məsuliyyətlə qərar verə bilirik. “Odun çə çəkdiyini bilməyən kül ola bilməz” düşüncəsi bu yerdə də keçərli sayılar. Ağrıları dərimizdə hiss edəndə qərarlarımıza min ölçüb, bir biçmək fəlsəfəsi ilə yanaşırıq. Qərarlarımız rasionallaşır.
Altıncı dərs: Gələcəyi gəlmiş bilin. Düşünməyin ki, gələcək qeyri-müəyyən zaman kəsiyidir. Uzaq gələcək kimi təsəvvür etdikləriniz bir göz qırpımında daha yaxın olur. “Zaman bütün yaraları sağaldıb” deyib, keçmişinizdə qaranlıq səhifələr buraxmayın. Həmin keçmiş bir çox hallara sizin gələcəiyinizə mane olur.
Yeddinci dərs: Siz etdiklərinizi bir sınaq kimi dərk etdikcə, həmin sınaqlardan çıxmağa çalışırsınız. Həmin sınaqlardan çıxdıqca isə, siz uğura yaxınlaşırsınız. Siz özünüzə güvənib bunları etdikcə, uğur qazanır, uğur qazandıqca isə özgüvəninizi artırmış olursunuz.
Sovet dövründə bizim xalqda orduda xidmətin önəmi ilə bağlı heç bir təbliğat aparılmırdı. Məhz onun hesabına idi ki, xalq arasında “stroybat” kimi tanına tikinti batalyonuna əksəriyyət övladlarının düşməsi üçün Allaha dualar edirdi. Onun üçün min bir yollar axtarırdı. İndi müstəqil ölkə olaraq öz dövlətimiz var. Bu orduda muzdlu döyüşçülər xidmət etməli deyil. Biz özümüz övladlarımızı ordu sıralarında xidmət etməsi üçün faydalı məsləhətləri ilə mənəvi-psixoloji baxımdan onları hazırlamalıyıq. Əgər hərbi xidmətin önəmi ilə bağlı gəncləri ruhlandıra bildimsə, türk qardaşlarımız demiş: “Nə mutlu bana”
Bayramınız mübarək, hərbçi bacı və qardaşlar!
26.06.2018
Paylaş: